Minimum xərclə səyahəti necə təşkil etməli?! - ŞƏXSİ TƏCRÜBƏ

Minimum xərclə səyahəti necə təşkil etməli?! - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 28 Sentyabr 2018 14:49 1409
Minimum xərclə səyahəti necə təşkil etməli?! - ŞƏXSİ TƏCRÜBƏ

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “Səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən.
Düşündüm ki, hara səyahət edib, nə etməli, nə yeməli bloqlarından öncə o yerlərə necə ucuz tur təşkil etməli sualına aid bir blogpost yazım. Bəri başdan deyim ki, “işini atıb, maşınını satıb 500 dollarla dünyanı necə səyahət etməli” tipində bir yazı gözləmiyin  Bu yazımda səyahət zamanı, hansı taktikalardan, üsullardan istifadə edərək səyahətimi ucuza gətirdiyimi sizlərlə bölüşəcəm, yəni bir növ özüm tərcübədən keçirdiyim üsulları.

Turizm təhsili aldığımdan taaa universitet illərimdən yadımdadır ki, səyahət xərclərində ən böyük yeri nəqliyyat xərcləri tutur. Lap dəqiqləşdirmək üçün bir az da araşdırdım. Deməli səyahət zamanı çəkdiyiniz bütün xərclərin 45%-i nəqliyyat xərclərinə gedir. İndi isə başlayaq səyahət marşrutunu necə ucuza gətirməli sualına yavaş-yavaş cavab verməyə.

Səyahətlərin çoxu uzaq məsafələrə olduğu üçün, ən çox istifadə olunan nəqliyyat növlərindən biri təyyarədir. Təyyarə ilə ən ucuz uçuşları tapmaq və havayolu şirkətlərinin təqdim etdiyi qiymətləri müqayisə etmək üçün mənim ən çox istifadə etdiyim saytlar Skyscanner və eDreamsdir. Bu saytlar ən ucuz uçuşları tapmaqda ən yaxın yardımçımdır. Amma bu tip saytların bir əmması var ki, belə saytlar bəzən lowcoster hava yollarının uçuşlarını göstərmirlər. Nədir və ya kimdir lowcosterlər? Lowcosterlər dünyada çox geniş yayılmış, bir tərəfli gediş üçün bir neçə avrodan başlayaraq (demək olar ki, su qiymətinə) uçuşlar təklif edən hava yolları şirkətləridir.

Su qiymətinə uçuş deyəndə Avropada ağıla ilk gələn şirkətlər EasyJetRyanAir və mart ayından Bakıdan Budapeştə uçuşlar təşkil edəcək WizzAirdir. İndiki halda isə WizzAirin xidmət göstərdiyi bizə ən “yaxın” hava limanı Kutaisi hava limanıdır ki, buradan Budapeştə, Vilnüsə və Polşanın 2 şəhərinə (Varşava və Katoviçe) uçuş tapa bilərsiniz. Şirkətlərin saytlarına daxil olaraq hansı istiqamətlərə, hansı tarixlərdə və hansı qiymətə uçduqlarını yoxlaya bilərsiniz. Məsələn RyanAir tez-tez müxtəlif istiqamətlərə kampaniyalar edir. Bu yaxınlarda Riqa – Berlin uçuşu cəmi 2€ idi. Təxminən havalimanında aldığınız bir şüşə suyun qiymətinə.

Bəs bu havayollarının belə ucuz olmasının səbəbi nədir? İlk öncə uçuşlar zamanı sizi heç bir qida xidməti ilə təmin etmirlər, hətta suyla belə. Əvəzində isə ürəyiniz istəsə uçuş zamanı kataloqdakı məhsullardan seçib, ödəniş edərək alış-veriş edə bilərsiniz. 2-3 saat bir şey yəmədən, susuz qalsaq bir şey olmaz, yəni dözmək olar J Digər məsələ, uçuşdan oncə mütləq onlayn çekin etməlisiniz və biletinizi çap etməlisiniz və ya şirkətlərin xüsusi proqramlarından (app) istifadə edərək, proqramdakı biletinizi havalimanında təqdim etməlisiniz. Onlayn çekin etməsəniz, məsələn WizzAirdə hava limanında 10€ ödəniş etməlisiniz.

Digər havayollarında təyyarədən düşən kimi xidməti avtobusa minirsiniz və avtobus sizi hava limanının binasına gətirir, lowcosterlərdə isə təxminən 150-200 metr piyada getməlisiniz təyyarəyə qədər, bəli bəli idman sağlamlığın rəhnidir.

Həəə gəldik əsas məsələyə. Bu tip hava yollarında hər zaman baqaj limiti vardır. Məsələn WizzAirdən bilet almısınızsa özünüzlə 42x32x25 sm ölçüsündə kiçik bir bel çantasını pulsuz təyyarənin kabinəsinə keçirə bilərsiniz. Yox əgər mən getdiyim yerdə şoppinq edəcəm, yükümü daşımağa 1 karvan dəvə lazımdır deyirsinizsə, onda əlavə ödəniş etməklə böyük bir çamadanı istədiyiniz yerə daşıya bilərsiniz. Əlavə məlumatı bu linkdən ala bilərsiniz.

Yox əgər siz EasyJetdən bilet almısınızsa, baqaj məsələsində EasyJet bir az daha insaflıdır. Pulsuz özünüzlə 56x45x25 sm ölçülü bir çanta və ya çamadanı pulsuz daşıya bilərsiniz. Digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Qeyd edim ki, baqaj qaydaları çox sərtdir bu hava yolları şirkətlərinin. Dedikləri ölçüdən 1 sm böyük olsa belə əlavə ödəniş tələb edə bilərlər sizdən, ona görə evinizi tərk etmədən yüz ölçüb, bir biçin çamadanınızı.

Əgər getdiyiniz istiqamətə bu 3 hava yollarından bilet tapa bilməsəniz və ya mən Wizz, Ryan kimi дешевый havayolları ilə uçmaq istəmirəm desəniz digər alternativlər də yox deyil. GermanWings, EuroWings, Transavia və s. şirkətlər var ki, lowcost və normal qiymətli hava yollarının qiymətləri arasında bir uçuş təklif edirlər. Dünyadakı bütün lowcost hava yollarının siyahısı ilə isə buradan tanış ola bilərsiniz.

Indi isə gəldik lowcost havayolları ilə bağlı ən çox dedi-qodusu edilən amma tamamilə yalan olan mövzuya. Lowcosterlərlə bağlı dolaşan ən yalan məlumat onların təyyarələrinin köhnə olmasıdır. Ümumiyyətlə lowcosterlər təyyarələrini dayanmadan uçuşlara göndərdiyindən hər zaman təyyarələrinin saz və yeni olmasına fikir verir. Məsələn www.planespotters.net saytına görə WizzAirin təyyarələrinin orta yaşı 4 ildir, ən yeni təyyarənin 1 ay, ən qocamanının isə 8.7 yaşı var. RyanAirin isə toplamda 417 təyyarəsi var və onların orta yaşı 6.7 ildir. EasyJetin 375 təyyarəsinin orta yaşı 6.4 ildir. Bizim “normal” qiymətli olaraq qəbul etdiyimiz havayollarının təyyarələrinə baxaq. Türk Hava yollarının 398 təyyarəsinin 6.6, Lufthansanın 583 təyyarəsinin 11.4 yaşı var. Yəni lowcosterlərlə uçmaq heç də deyildiyi kimi, təhlükəli deyil.

Yox əgər getdiyiniz istiqamət elə də uzaqda deyilsə (məsələn mənim Brno səyahətim kimi) müxtəlif ölkələrin dəmir yolları sistemlərindən, Eurolinesın çooox rahat avtobuslarındanistifadə edə bilərsiniz. Eurlonesin getdiyi istiqamətlər, vaxtlar və qiymətləri saytlarından yoxlaya bilərsiniz.

Yerüstü nəqliyyatla və qatar, avtobusdan ucuz səyahət etmək qərarına gəlsəniz BlaBlaCar avtomobil paylaşım saytı yardım əliniz sizə uzadacaq. Nədir BlaBlaCar? BlaBlaCar eyni istiqamətə gedən insanları özündə biləşdirən, hələlik dünyanın 18 ölkəsində istifadəyə verilmiş avtomobil paylaşımı saytıdır. Məsələn kimsə Kiyevdən Polşanın Krakov şəhərinə avtomobillə səyahət edirsə, BlaBlaCar saytına girib elan verir ki, 15 dekabr saat 9da Kiyevdən çıxacam, 3 ədəd boş yer varim, istəyən qoşula bilər. Yəni bir növ 20 Yanvar metrosunda olan “Cəllabada 1 son nəfər”in daha mədəni və “qanuni” forması. Məqsəd avtomobil sahibinin xərclərini sərnişinlər arasında bölüşməkdir. Avtomobil sahibi nə zaman məkanı tərk edəcəyini, getdiyi məkana nə zaman varıb gələcəyini, neçə nəfər üçün boş yeri olduğunu, avtomobildə siqaret çəkməyə icazə olub olmadığını, səyahət ərzində neçə dəfə və neçə dəqiqə fasilə verəcəyini, avtomobilinin rahatlılıq dərəcəsini, ev heyvanlarına icazə verib-vermədiyini və bu kimi detalları və son olaraq da nə qədər ödəniş edəcəyinizi qeyd edir. Avtomobil sahibinin ilk təcrübəsi deyilsə, əvvəlki sərnişinlərin sürücü haqqında fikirlərini də oxuyub daha sonra bu sürücü ilə gedib-getməyəcəyinizə qərar verə bilərsiniz. Bəxtiniz gətirsə sürücünüz və ya yolyoldaşlarınız maraqlı insanlar olsa, sizi unudulmaz bir səyahət, bəzən yeni dostluqlar gözləyir yox əgər olmazsa bu halda ən azı mənzil başına daha ucuz gedib çatacaqsınız. Blogpostumuzun sonuna gəldik, ümid edirəm ki, maraqlı və yayarlı oldu. Növbəti yazım romantiklərin sevimli məkanı, sevgi şəhəri Parisdən olacaq.

Sonda 43 milyon insanın baxdığı bu möhtəşəm reklamı sizlərlə bölüşmək istədim. Yeni bloqpostlara qədər…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Mənbə: Gezeyenler (Babek Musa-Zadeh)

OXŞAR XƏBƏRLƏR