Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə - ŞƏXSİ TƏCRÜBƏ

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 29 Sentyabr 2018 13:39 1042
Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə - ŞƏXSİ TƏCRÜBƏ

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Bu dəfə gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini necə minimum endirmək, səyahəti necə ucuza başa gətirməyin yolları haqqında yazını sizlərlə paylaşım. İlk öncə deyim ki, otel qiymətləri hostel və mənzil qiymətlərindən nisbətən baha olduğundan bu yazıda otellər haqqında danışmayacağıq.

15

Budapeştdəki hostellərdən birinin lobbisi

Başlayaq… Xaricə səfər edərkən gecələmək üçün ağıla gələn ilk yer otel olur. İndiki zamanda otelə pulumuz çatmadığı üçün onun alternativi olan hostellər ən ideal seçim ola bilər. Əgər Hostel filminə baxmısınızsa, filmdə olanları unudun. Hostellər tam rahat və təhlükəsizdir, şəxsən mənim tərəfimdən bir neçə dəfə sınanılıb  Hostellər az xərclə, soyal mühitli qonaqlama imkanları verən gecələmə yerləridir. Otaq tiplərinə görə müxtəlif formada xidmətləri hostellərdə kirayələyə bilərsiniz. İstəsəniz 1-2 nəfərlik otaq və ya 4 nəfərdən 10 nəfərədək olan otaqda (shared room) yataq kirayələyə bilərsiniz. Həm 1-2 nəfərlik kiçik otaqlar, həm də 4-10 (və daha çox) nəfərlik böyük otaqlar daxili və ümumi hamam otağı ilə təmin olunur. Yəni mümkündür ki, siz otaq kirayələmisiniz amma hamam otağı ümumidir, otaqdan kənarda, həm də mümkündür ki, hər otağın öz hamamı olsun. Bundan başqa hostel otaqları 2 nəfərdən çox adam üçün nəzərdə tutulubsa bir çox hallarda hər bir qonaq üçün şəxsi əşyalarınızı qoruya biləcəyiniz kiçik qıfıllı seyflər olur. Bundan başqa hostellərdə bir çox hallarda qab-qacaqla təmin olunmuş mətbəx də sizin xidmətinizə verilir. Bu mətbəxdə qidalanma xərclərinizi minimuma endirmək üçün istədiyiniz ərzağı alıb özünüz üçün nahar və ya qəlyanaltı hazırlaya bilərsiniz. Bəzi hostellərdə səhər yeməyi qiymətə daxil olur, hosteli kiralamadan öncə bunu yoxlamaqda fayda var 

205

Hostel otağı

Hostellərdə yerləşdiyi ölkədən asılı olmayaraq, oğlanlar və qızlar üçün ayrı otaqlar olur (amma bu heç də bütün hostellərdə belə deyil). Yəni tutalım 8 nəfərlik otaqda yataq kirayələmək istəyirsiniz və qarşı cinsdən kiminsə həmən otaqda gecələmisini istəmirsinizsə rahat-rahat single-sex (yəni tək bəylər/tək xanım üçün) otaqları seçə bilərsiniz. Mixed otaqlarda isə hər iki cinsin nümayəndələri eyni otaqda qalırlar. Çoxadamlı otaqlarda otaq kirayələmisinizsə bu o demək deyil ki, bütün yerlər dolu olacaqdır. Məsələn mən Tiflisdə 6 nəfərlik otaqda daha 2 dostumla yer kirayələmişdim və bizdən başqa heç kim yox idi otaqda hətta mən deyərdim ki, hosteldə. Eyni hadisəylə Vyana və Krakovda da qarşılaşmışam. Vyanada 6 nəfərlik, Krakovda isə 4 nəfərlik otaqda sadəcə 2 nəfər gecələmişik. Bu hallar adətən şəhərin tam mərkəzində olmayan, mərkəzdən 1-1.5 km piyada məsafəsində olan və ya tətilin qeyri-pik vaxtlarında mümkündür. Əgər şəhərdə hansısa bir idman,  ya musiqi tədbiri və ya festival varsa çox güman shared roomlar dolu olacaqdır. Shared roomlarda qalmağın üstünlüyü odur ki, hostelin digər qonaqları, ən çox isə “otaqyoldaşların” ilə sosyallaşırsan, bəzən şəhəri birlikdə gəzib kəşf etmək təklifi alırsan ya da sən edirsən. Turistlər müxtəlif ölkələrdən gəldiyindən və hərənin müxtəlif səyahət hekayəsi olduğundan maraqlı söhbətlərin iştirakçısı ola bilərsiniz.

t2dKkLv1-1-1380x1035

Maraqlı dizayn edilmiş hostel otağı

Hostellər ucuz qonaqlama obyektləri olsa da bu ölkədən ölkəyə dəyişir. Ölkədə nə qədər qiymətlər bahalıdırsa hostellər də bu qiymətlərə uyğun daha yuxarı qiymətə olur. Məsələn Kiyevdə 2 nəfərlik hostel otağının qiyməti gecəsi 11 avro olduğu halda, Danimarkanın paytaxtı Kopenhagendə 8-10 nəfərlik otaqda bir yatağın gecəsi 32-35 avro ətrafındadır. Yəni səfər planlamamışdan öncə çalışın bu detalları nəzərə alın ki, gedib qərib ölkədə “nağayrım, neyniyim” deməyəsiniz  İndi isə gəldik, bu hostellərin qiymətini haradan tapmalı məsələsinə. Hostellərin qiymətinə baxmaq üçün ən yaxşı çox işlənən saytlar hostelworld.com və booking.com-dur. Hosteli seçirsiniz, tarixləri daxil edirsiniz və otaq tiplərinə görə sistem qiymətləri sizə göstərir. Kiçik bir tövsiyyə verim, booking.comda hostel sifariş edərkən çalışın reytinqi +7.0 olan hostelləri seçin və sizdən öncə orada qalmış turistlərin qeydlərindən heç olmasa 5-6-na nəzər salın ki, hostel haqqında daha ətraflı məlumatınız olsun.

The-MadHouse-Hostel-Prague-Themed-Room

Praqadakı Mad House hosteli

Hosteldən fərqli konseptə malik digər ucuz üsul isə Airbnbdir. Airbnb hosteldən fərqli olaraq ev abu-havası ilə təmin edir. Daha doğrusu elə kirayə verilən evlərin axtarış sistemidir. Brno səfərimdə məhz elə Airbnbdən otaq kirayələmişdim. Airbnbdə də təklif edilən xidmətlər çox müxtəlifdir. İstəsəniz yalnızca mənzil, istəsəniz mənzildə otaq, istəsəniz də hostel abu-havasını evdə yaşayıb, otaqda yataq (çox nadir hallarda olur bu) kirayələyə bilərsiniz. Airbnbdə də bütün online icarə saytları kimi turistlərin qaldığı ev sahibləri və ev haqqında rəylərini yazdığı bölmə var. Bu rəylərdən evin mərkəzə nə qədər yaxın olması, səs-küylü ərazidə yerləşib yerləşməməsi və ya ev sahibinin təmizliyi haqqında məlumat əldə edə bilərsiniz. Yaxşı olar ki, otaq ya mənzili siftariş etməmişdən öncə bu rəylərə göz gəzdirəsiniz. Burada kirayəyə verilən mənzillər olduğundan otel ya hosteldə olan standart xidmətlərin mənzildə olmaması mümkündür (məsələn, çox nadir hallarda olsa da wifi kimi).

Belinda-listing-4-_3403709k

Airbnbdə kirayə verilən otaqlardan biri

Airbnbdə kirayə edilən ev ya mənzilin üstün cəhəti ümumi hamamın olmaması və ya sadəcə hamamın siz və evda olan 1-2 nəfər tərəfindən istifadə olunması, bütün avadanlıqlarla təchiz olunmuş mətbəxin olması və yerli əhaliylə mədəniyyət alış-verişidir. Əgər sadəcə otaq kirayələmisinizsə, digər otaqda qalan ev sahibi ilə ünsiyyət saxlaya, maraqlı söhbətlər edə və ya şəhərin çox da turistik olmayan amma mütləq görülməli yerləri haqqında məlumat ala bilərsiniz.

Indi uzaqdan da olsa “bəs pulsuz qalmağa yerlər yoxdur?” sualını eşidirəm  deyirlər pulsuz pendir siçan tələsində olur amma bizim bloqumuzda tələlər yoxdur. Çox güman nə vaxtsa Courchsurfing haqqında eşitmisiniz, eşitməmisinizsə bir az da daha yaxına əyləşin.

002

İsveçrə, Berndə Couchsurferlər fondu yeyərkən 

Deməli Couchsurfing 4 nəfər tərəfindən qurulan pulsuz qonaqlama saytıdır. 2004cü ildə yaradılmasına baxmayaraq 2014-cü ildə həftədə 400 000 adam həftədə azı bir dəfə Courchsurfing hesabını yoxlayıb. 2015ci ildə istifadəçilərinin sayı 10 milyonu keçib. Saytın 3 funksiyası var; səyahət etdiyiniz ölkədə ev sahiblərinin evində qonaq qalmaq, yaşadığınız şəhərə gələn qonaqları öz evinizdə qonaqlamaq və şəhərlərdə keçirilən müxtəlif əyləncə tədbirlərində iştirak. Mən hardasa 4-5 dəfə Budapeştdəki evimdə Couchsurfingdən qonaq qəbul etmişəm, 2 dəfə isə özüm İsveç və Danimarkada qonaq qalmışam.

Məsələn hansısa ölkəyə gedirsiniz, o zaman saytın axtarış bölməsində getdiyiniz şəhərin adını yazırsınız, sonra sağ tərəfdə çıxan seçimlərdən evində qonaq olmaq istədiyiniz adamın xüsusiyyətlərini seçirsiniz: kişi/qadın, haqqında yazılmış rəyi olsun və ya olmasın, son dəfə nə vaxt saytda olub və s. Sonraq qarşınıza çıxan profilləri bir-bir gözdən keçirərək evində qalmaq istədiyiniz adamı seçirsiniz.
Saytda qeydiyyatdan keçərkən hər kəs özü haqqında olan bölmələri doldurur, beləcə evində qonaq qalmaq istədiyiniz şəxsin və ya evinizdə qonaq edəcəyiniz şəxsin bütün detallarını ətraflı yoxlaya bilərsiniz. Qonaq qalarkən çox təvsiyyə olunan odur ki, profil sahibinə çoxlu MÜSBƏT rəylər yazılmış olsun. Çoxlu deyərkən, nəzərdə tutduğum ən azı 3 və ya 4 müsbət rəydir. Profil sahibini tam əhatəli araşdırın, sonucda tanıyıb, bilmədiyiniz adamın evində qonaq qalacaqsınız.

img_0663

Maraqlı Couchsurfing məkanlarından biri

Digər bir araşdırmalı olduğunuz məsələ isə ev sahibin sizi hansı formada qonaqlayacağıdır. Ev sahibinin imkanları daxilində bu ayrıca otaq, ayrıca yataq/divan və ya yataq kisəsi (sleeping bag) ola bilər. Ona görə də məsləhətdir ki, öncədən ev sahibinin profilini əməllicə ələk vələk edəsiniz  Sonradan ürəyinizə yatan ev sahib(lər)inə sizi filan tarixlərdə qonaq edib edə bilməyəcəyi haqqında sorğu göndərirsiniz, o sizi qəbul etdikdən sonra qalmaq yeriniz hazırdır.

Couchsurfingin digər bir funksiyası isə yerli əhali ilə görüşməkdir. Məsələn tutaq ki, getmisiniz Berlinə və hara gedəcəyinizi, nələri görəcəyinizi bilmirsiniz. O zaman Couchsurfingdə axtarış edib yalnızca görüşmək istəyənləri seçirsiniz və həmin adamlara sorğu göndərirsiniz tarixləri müəyyənləşdirib şəhərdə bir yerdə görüşürsünüz və həmin adam sizə şəhəri gəzdirir.

018

Couchsurferin sleeping bagi 

Təbii ki, hamımız azərbaycanlıyıq, elə mənim də ağlıma gələn ilk sual bu oldu: “Sizi evində pulsuz qonaqlayan adamın xeyri nədir bu işdə?”  Bu işdə heç bir maddi maraq yoxdur, güdülən yeganə maraq mənəvi xeyirdir. İnsanlar başqa ölkədən, başqa mədəniyyətdən gələn adamları öz evlərində qonaqlayaraq onların ölkəsi, mədəniyyəti və ya mətbəxi haqqında məlumat əldə edirlər. Sırf bu işdən zövq alırlar desəm yanılmaram yəqin. Sonda Couchsurfingdən istifadə edəcəksinizsə evində qalacağınız adama qaldığınız ölkədən kiçik bir hədiyyə aparmağınız sizi daha xoşagəlimli edər. Bahalı olması vacib deyil bu 2-3 manatlıq hansısa bir şokolad və ya şirniyyat da ola bilər. Və təbii ki, qaldığınız evin sahibinə yemək bişirməkdə və ya qabları yumaqda ən azı özünüzdən sonra işlətdiklərinizi təmizləməkdə yardım etmək artıq sizin “öhdəliyinizə” çevrilir.

Bununla da bu yazımın da sonuna gəldik. Ümid edirəm ki, faydalı ola bildim. Vaxtınızı sərf edib, oxuduğunuz üçün təşəkkürlər!

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR