Almaniyada oxumaq istəyənlərin qarşısını kəsən “Çin sədləri” – Viza almaq üçün çətin mərhələlər

Almaniyada oxumaq istəyənlərin qarşısını kəsən “Çin sədləri” – Viza almaq üçün çətin mərhələlər
Təhsil və karyera 4 Oktyabr 2018 13:48 132
Almaniyada oxumaq istəyənlərin qarşısını kəsən “Çin sədləri” – Viza almaq üçün çətin mərhələlər

“Bəzən Almaniya səfirliyi təhsil almaq istəyən ailəli şəxslərə imtina cavabı verir. Bunun səbəbi isə miqrasiya riskinin olmasıdır. Təhsil müddətinin az, ya çox olmasının imtinaya aidiyyatı yoxdur. Çünki təhsil üçün gedənlər onsuz da uzun müddət qalmaq məqsədilə gedirlər”.

 Bu sözləri xaricdə təhsil məsələləri üzrə mtəxəssis Fuad Hacıyev deyib. O, Almaniyada təhsil almaq arzusunda olan tələbələrin milli viza məsələsində üzləşdikləri çətinliklər barədə məlumat verib:

“Almaniya Universitetlərində təhsil almaq istəyənlərin əsas problemi “termin” - yəni viza üçün vaxt almaqdır. Milli viza üçün vaxt almaq xeyli çətindir. Çünki çox şirkətlər vaxtları öncədən alırlar. Bu səbəbdən tələbələrin çoxu çətinliklər üzləşir.

Bundan əlavə heç də bütün tələbələrin qaydalara riayət etmək üçün maddi imkanı olmur. Çünki Almaniya səfirliyi sizdən alman bankında açılan hesabda 8000 avrodan çox pul tələb edir.

Tələbələrin çoxu DAAD proqramına təqaüd üçün müraciət edir. Buradan isə təqaüd alma şansı çox azdır. Çünki müraciət edənlərin sayı dəhşətli dərəcədə çox olur. Bu da güclü rəqabətə səbəb olur”.

O qeyd edib ki, Almaniyada təhsil almaq üçün hər universitetin fərqli tələbləri var:

“Əsas şərtlər isə sadədir: Almaniyaya bakalavr təhsili üçün gedənlərin Azərbaycanda ən azı birillik universitet təhsili olmalıdır. Məsələn, tələbə II kursdan artıq Almaniyada təhsil ala bilər. Magistr təhsili üçün isə bakalvr diplomu əsasdır.

Milli viza məsələsinə gəldikdə isə qeyd edim ki, bununla bağlı son qərarı Bakıdakı alman konsulu deyil, Almaniya Dövlət Miqrasiya xidməti verir.

Bu isə 2 aya yaxın çəkən prosesdir.

 Ümumiyyətlə, Almaniyada təhsilə gedəcək tələbənin ilk işi milli viza üçün öncədən termin almaqdır. Bu, əsas məsələdir. Bundan əlavə təhsil zamanı maddi xərclərini qarşılayacağını sübut edən bank hesabı da mütləqdir.

Əsas məsələ odur ki, hesab bizim banklarda deyil, alman bankında olmalıdır.

Qəbul məktubu və viza sənədləri aldığı vaxtda hazırdırsa, demək olar ki, tələbədən asıılı olan başqa məsələ qalmır. Tələbə vaxtından 30 dəqiqə əvvəl konsulluğa yaxınlaşmalıdır. Bu zaman onun adına “+” işarəsi qoyulur. Vaxtı çatdıqda yuxarı qalxır və sənədlərini təqdim edir”.

“Bəs vizaya müraciət ərizəsini doldurarkən imtina cavabı almamaq üçün nələrə diqqət etmək lazımdır?”

“Viza ərizəsində tələbə lazımı bölmələri doldurmalıdır. Məsələn, Almaniyaya getmə məqsədiniz bölümünə təhsil qeyd edilsə, qəbul sənədi təqdim etməlidir. Ümumiyyətlə tələbə nə məqsəd qeyd etsə, ona uyğun sənəd təqdim etməlidir. Məsələn, müalicə məqsədi ilə gedənlər həkimdən dəvət, iş üçün gedənlər iş dəvəti, qonaq gedənlər dəvət məktubu və s.

Normalda bütün sənədləri yerində olan tələbələrə imtina az hallarda gəlir. Almaniya səfirliyi bu baxımdan İtaiyadan dəfələrlə üstündür. İtaliya səfirliyi isə kefinə düşən kim varsa imtina cavabı verir. Beləcə təqaüdlə təhsil almaq istəyən yüzlərlə tələbə ortalıqda qalır.

Amma bəzən Almaniya səfirliyi də ailəli şəxslərə imtina cavabı verə bilər. Bunun səbəbi isə miqrasiya riskinin olmasıdır. Təhsil müddətinin az ya çox olmasının imtinaya aidiyyatı yoxdur. Çünki təhsil üçün gedənlər onsuz da uzun müddət qalmaq məqsədilə gedirlər. Burada şəxsi göstəricilər önəm daşıyır. Hansı şəxsi göstəricilərin önəmli olması sualına isə yalnız konsulluq cavab verə bilər.

Keçən il Almaniyaya dil kursu üçün getmək istəyən bir tələbəmizə imtina cavabı vermişdilər. Səbəb kimi isə bildirmişdilər ki, geri qayıdacağınıza inanmırıq”.

O, çoxlarını narahat edən milli viza üçün yaş məhdudiyyəti məsləsini belə izah edib:

 “Viza məsələlərində yaşla bağlı heç bir məhdudiyyət görməmişəm. Çünki hazırda Almaniya orta məktəbində oxuyan şagirdlərimiz də çoxdur. Sadəcə bəzən gülməli qərarlar da olur. Məsələn, ailəli adamlarda xanıma viza çıxır, həyat yoldaşına isə yox”.

 Onun sözlərinə görə, Almaniyada təhsil çox universitetlərdə artıq ödənişsizdir. Tələbələr sadəcə, öz yaşayış xərclərini ödəməklər,təhsil ala bilərlər:

 “Bir tələbənin orta aylıq xərci isə 600 avrodur. Bu xərclərə ev, sığorta və qida xərcləri daxildir. Təbii ki, bu xərclər universitetin yerləşdiyi şəhərə görə dəyişir.Məsələn, Berlin kimi böyük şəhərlərdə kirayə evlərin qiyməti,yaşayış xərcləri digər kiçik şəhərlərlə müqayisədə adətən 100-200 avro baha olur”.

O qeyd edib ki, Almaniyada təhsil həm ingilis, həm də Alman dilində mümkündür.Təhsil alacağınız dilə uyğun dil sertifatı mütləqdir.

 İngilis dilli təhsil üçün Minimum 6. İELTS, yaxud TOEFL lazımdır. Tələbə Azərbaycanda ingiliscə təhsilalıbsa, bu haqda arayış da təqdim edə bilər.

Alman dilində təhsil üçün : DSH sertifikatı, yaxud Testdaf-a ehtiyac var. Dil sertifikatı olmayanlar onu Almaniyada kurs keçməklə də əldə edə bilər.

Bundan əlavə qiymət ortalamasının bizim qiymətlərlə 4-5 arası olması arzu olunandır. (GPA 80+) və bir sıra passport, attestat, universitetə qəbul arayaışı kimi standart sənədlərə də ehtiyac olur.

 Qeyd edək ki, Almaniyada təhsil almaq üçün sənəd qəbulu ildə 2 dəfə olur. Adətən yay semestri aprel, qış semestri isə oktyabr ayından başlayır. Yay semestri üçün sənəd qəbulu yanvarın 15-nə kimi, qış semestri üçün isə avqustun sonlarına kimi mümkün olur. Ancaq hər universitetin sənəd qəbulu tarixi fərqlidir.

Bəzi Universitetlər müəyyən ixtisaslara ancaq yay yaxud qış semestri üçün digərləri isə hər iki semestr üçün sənəd qəbulu elan edirlər.

 AzEdu.az Almaniyada təhsil almaq istəyənlərə kömək məqsədilə milli viza üçün ərizə formasını təqdim edir:

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR