Erasmus təqaüdü ilə Finlandiyada təhsil alan tələbə - MÜSAHİBƏ

Erasmus təqaüdü ilə Finlandiyada təhsil alan tələbə - MÜSAHİBƏ
Təhsil və karyera 4 Oktyabr 2018 20:34 809
Erasmus təqaüdü ilə Finlandiyada təhsil alan tələbə - MÜSAHİBƏ

Nəzrin Əhmədova 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə təhsil alıb. Hələ birinci kursda oxuyanda magistratura təhsilini xaricdə almaq haqqında düşünürdü. Çünki xaricdə təhsilin ona professional bacarıqlarını inkişaf etdirəcəyinə, və daha geniş karyera imkanları açacağına inanırdı. Bakalavr müddətində Erasmus proqramına müraciət etsə də ehtiyyat siyahıya düşür və  təqaüdü qazana bilmir. Bu onu heç ruhdan salmır, əksinə  prosesi öyrənmək üçün yardımçı olur.

 

  • Nəzrin, necə oldu ki magistratura təhsilinizi Litvada alıb, daha sonra isə Finlandiyada davam etdiniz? Bu haqda bizə bir qədər məlumat verin.
  • Doğrusu, istədiyim ixtisasın yalnız orda olması məni bu universiteti seçməyə vadar etdi. Azərbaycanda da bu sahə – Təhsilin İdarə Olunması (Educational Management) yalnız ADA Universitetində var və mən bu universitetin magistratura pilləsinə qəbul olmuşdum. Lakin sonda xaricdə təhsil almaq qərarını aldım. Belə ki Litva dövlət proqramının (Lithuanian State Scholarship) qalibi oldum. Bu təqaüd aylıq yaşam xərclərimi qarşıladı.  Həmçinin universitetin daxili təqaüd proqramına müraciət edərək 1semestrlik təhsil haqqından azad edilmişəm. Hazırda isə Erasmus təqaüdü ilə Finlandiyada təhsilimi davam etdirirəm. Geriyə qalan təhsil haqqını isə işlədiyim vaxt yığdığım məbləğlə ödəməyə çalışıram, ailəmdən maddi dəstək almıram.

 

  • Xarici universitetlərə müraciət etmək istəyən gənclərimiz tez-tez bu haqda suallar verir, zəhmət olmasa bir qədər də qəbul prosesi haqqında məlumat verin.
  • Qəbul prosesi sadə idi, müraciət üçün universitetin saytında daxil olaraq online müraciət formasını doldurdum.. Akademik göstəricilər, xarici dil sertifikatı və niyyət məktubu qəbul üçün əsas meyarlardır. Mən universiteti fərqlənmə ilə bitirdiyimdən və ielts balımın 7.5 olduğundan qəbul sənədini almaq çox rahat oldu, əsas çətinlik təqaüd idi.

 

  • Bu iki universitetin təhsil sistemi bir-birindən nə dərəcədə fərqlənir?
  • Litvada təhsil sistemi mükəmməl olmasa da qənaətbəxşdir, professorlar savadlıdırlar və dərslərdə nəzəriyyə ilə yanaşı praktikaya da çox üstünlük verilir. Təhsil aldığım müddətdə dərslərin çətinliyi ilə bağlı problemim olmayıb, əksinə mənə asan gəlirdi. Litvada imtahan müddətində hər şeyin istifadəsinə icazə var, lakin sualın cavabını heç bir zaman nə materiallardan, nə də internetdən tapa bilmək olur. Suallar adətən praktiki olaraq, səndən verilən vəziyyətin araşdırılmasını tələb edir. Finlandiyada isə vəziyyət daha fərqlidi. Təbii ki, dünyanın ən güclü təhsil sistemlərindən biri olması öz sözünü deyir. Dərslər daha çətindir və hər biri çoxlu araşdırma tələb edir, amma bunun da öhdəsindən gələcəyimə inanıram.

 

  • Boş vaxtlarınızı necə dəyərləndirirsiniz? Hansısa sosial layihələrdə iştirak edirsinizmi?
  • Bəli, Finlandiyaya gəldiyim gündən ESN-ə( Erasmus Student Network) qoşuldum, və tədbir meneceri və sosial Erasmus kordinatoru kimi könüllü çalışıram. Təşkil olunan bütün tədbirlərdə də iştirak edirəm və hətta burada “International Dinner” tədbirini təşkil etmişəm. Təbii ki, bundan əlavə boş vaxtlarımda dostlarımla vaxt keçirməyi sevirəm. Finlandiyada oxuduğum universitetdə tək azərbaycanlı mən olduğumdan, tanıdığım hər kəsə ölkəmiz haqqında məlumat verməyə çalışıram.

 

  • Yaşadığınız şəhərdə yaşam şərtləri necədir, qida, mənzil, nəqliyyat, eləcə də əcnəbilərə münasibət və s.?
  • Hər iki ölkədə də əcnəbilərə qarşı münasibət çox yaxşıdır. Bir problem, yaxud sualın olduqda əllərindən gəldikləri qədər köməklik göstərirlər. Litvada yaşam xərcləri digər avropa ölkələri ilə müqayisə də aşağıdır. Yataqxananın kirayə qiyməti otaqdakı insanların sayına görə 60-150 euro arası dəyişir. Qida xərcləri də normaldır, ekonom büdcə ilə aylıq 100-150 euro kifayət edir. Nəqliyyata gəldikdə isə tələbələr üçün 50% endirim mövcuddur. Bir aylıq balans 5 – 6 euro-dur, bununla avtobus və tramvaydan istədiyiniz qədər istifadə edə bilərsiniz. Bir gediş isə 50 cent-dir. Finlandiya isə bahalı avropa ölkələrindən biridir. Burada universitetin yataqxanası olmasa da təklif etdiyi tələbə evləri mövcuddur. Aylıq kirayə qiymətləri 200-250 eurodur. Nəqliyyat bahalıdır: aylıq bir zona üzrə balans 52 euro, bir gediş isə pik saatlarda 3.80euro, digər vaxtlarda və həftəsonu 2eurodur. Qida xərcləri də təxmin edərsiniz ki bahadır. Universitetdə 1semestrlik 65 euro ödəyərək tələbə təşkilatına üzv olsanız, 2euro-a yeməkxanada yemək yeyə bilərsiniz ki, ən uyğunu budur. Ekonom büdcə ilə aylıq qida xərcləri 150-200euro civarında ola bilər.

Mənbə: Xaricdechorek

 

  • Xaricdə təhsil almaq istəyən gənc həmyerlilərimizə nə tövsiyyə edərdiniz?
  • Bu yolda olan uğursuzluqlara və çətinliklərə görə ruhdan düşməsinlər və arzularına çatana qədər çalışsınlar. Xaricdə təhsil çox böyük qazancdır, və insana gözəl təhsillə yanaşı dünyanın dörd bir yanından dostlar qazandırır. Xaricdə təhsil almaq istəyən hər kəsə uğurlar arzu edirəm.
OXŞAR XƏBƏRLƏR