Maraqlı, məzəli heykəllər şəhəri – ŞƏXSİ TƏCRÜBƏ

Maraqlı, məzəli heykəllər şəhəri – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 9 Oktyabr 2018 15:14 764
Maraqlı, məzəli heykəllər şəhəri – ŞƏXSİ TƏCRÜBƏ

Bratsilavanı görmək arzum Polşadan gələndən sonra baş qaldırmışdı. Nə əlaqə deyəcəksiz? Polşadan, lap dəqiq desən Krakovdan Budapeştdə qayıdanda, avtobusla qayıtmışdım və yolun böyük bir hissəsi Slovakiya ərazisindən keçirdi. Slovakiya ərazisindən keçən 3-4 saatlıq yolda Slovakiyanın təbiətinə sadəcə heyran qalmışdım. Beləcə Slovakiyanın möhtəşəm təbiətini gördükdən sonra, Bratislavanın da Budapeştə yaxın olması faktını nəzərə alıb, Rəhman Əfəndi ilə (blogdakı Roma yazısının müəllifi  ) qərara gəldik ki, bir Bratislavaya baş çəkək. İnternetdəki kiçik araşdırmalardan sonra gördük ki, Bratislava elə də böyük şəhər deyil, əhalisinin sayı da yarım milyondan azdır. Beləcə, forumlardakı fikirlərdən qərara gəldik ki, Bratislavaya bir günlük səyahət təşkil edək. Səhər qatarla çıxıb, axşam tərəfi də geri dönək.

Və beləcə 2015-ci ilin bu günlərində sendiviçimizi, suyumuzu və meyvəmizi çantamıza qoyub, Budapeştin Keleti dəmir yolu stasiyasından qatarla Bratislavaya doğru yola düşdük. Təxminən 2.5 saat sonra artıq Slovakiyanın paytaxtı Bratislavadaydıq. Bratislava yerləşməsinə görə çox əlverişli məkandadır. Belə ki, Bratislavadan qatarla Praqaya 4 saata, Budapeştdə 2.5 saata və Vyanaya isə cəmi 1 saata çata bilərsiniz. Bir maraqlı faktı da qeyd edim ki, Vyana və Bratislava dünyadakı ən yaxın 2 paytaxt şəhəridirlər. Aralarındakı məsafə təxminən 65-70 kmdir. Bu 3 qonşu şəhərə gələnlər, 1 günlərini (6-8 saatlarını) ayırıb Bratislavanı doya-doya gəzə bilərlər.

Bratislava haqqında fikirlər heç də bir mənalı deyil. Ölmədən bu şəhəri görün deyənlər də var, bu şəhəri görmədən ölün deyənlər də  Mən açığı sevdim Bratislavanı. Kiçik amma bir o qədər də şirin şəhərdir. Kiçik və rəngarəng Old Townu, məzəli heykəlləri, xudmani, arxaya söykənib kofeçay içilə bilən, ingilislər demiş “cozy” kafeləri və dondurmaları ilə, məni gəldiyimə peşman etmədi Bratislava.

Deməli səhər saat 10 kimi, hardasa çatdıq Bratislavanın dəmir yolu vağzalına və öyrəndik ki, şəhər mərkəzi elə də uzaq deyil, başladıq mərkəzə piyada yeriməyə. Yol üstü bir neçə parkın yanından keçəndən sonra gəldik çıxdıq əvvəlki adı Grassalkovich sarayı olan, Prezident sarayına. İnşası 1760-ci ildə bitən bina, hazırda Slovakiyanın Prezident sarayı kimi fəaliyyət göstərir. Bina Barok musiqi həyatını Pressburqdakı (Bratislavanın Avstriya-Macarıstan imperiyası dövründəki adı) mərkəzi olub. Məşhur bəstəkar Jozef Haydn bir çox əsərlərini məhz bu binada premyeraya qoyub. Sarayın arxasında fransız bağları var, giriş sərbəstdir, əlinizi-qolunuzu sallayaraq fransız bağlarına girə bilərsiniz. Biz də geri dönüşdə səhv etmirəmsə Rəhmanla bu bağda sendviç yeyə-yeyə pivələmişdik 

Sarayın yanından İçəri şəhərə doğru irəliləyib, çatmışdıq taa Old Townun mərkəzindəki, Hlavni Namestie adlanan mərkəzi meydana. Meydan demək olar, bütün mərkəzi Avropa şəhərlərində olan meydanların bir oxşarıdır və eynilə digər şəhərlərdəki kimi tarixiliyini qoruyub saxlayıb. Və əlbəttə ki, keçmiş Avstriya-Macarıstan imperiyasının ərazisi olması ilk baxışdanca özünü hiss elətdirir. Demək olar bütün binalar o dövrün memarlıq üslubu ilə tikilib.

Old Townu yeni şəhərlə St. Michael’s qapısı ayırır. Bu qapı əsl nağıllardakı sehrli güzgüyə bənzəyir. Qapıdan kənəra çıxınca sovetlərin təsirindən bozarmış yeni Bratislavanı görmək olar. Qapıdan digər tərəfdə isə, şirin, rəngli bir içəri şəhər sizi gözləyir. Məncə heç o nağıldan ayrılmamaq üçün bu qapıdan çölə çıxmayın 

Bratislavadan ən yadıma qalan isə Müqəddəs Elizabet kilsəsi (St. Elizabeth church) oldu və ya digər adıyla Mavi Kilsə. Açığı demək olar ki, yeni şəhərlərə gedərkən mütləq ordakı bir neçə kilsəyə baş çəkirəm amma heç zaman beləsiylə qarşılaşmamışdım. Kiləs tamamilə mavi və ağ rənglərin ahəngiylə dekorasiya olunub və marçipandan hazırlanmış torta bənzəyir. Hətta gedib əlimlə kilsəni yoxladım ki, bəlkə doğrudan bizim Sumqayıtdakı 50 metrlik tortlar kimi bu da marçipan kilsə tortdur, yoxlayandan sonra gördüm ki, əsl kilsə imiş  Kilsə o qədər şirindir ki, deyərdim, məhz elə bu kilsəni görmək üçün də getmək olar Bratislavaya 

Bundan başqa şəhərdə bir neçə yeni və köhnə körpü var, onlara baş çəkmək olar və əlbəttə ki, uzaqdan uçan naməlum obyektə bənzəyən UFO restoran-observatoriyaya. Dunay çayını üzərindəki körpülərdən birinin sonunda yerləşən bu UFO həm restoran, həm də observatoriya kimi fəaliyyət göstərir. Liftlə yuxarı çıxıb bütün Bratislavanı izləyə bilərsiniz.

Bratislavanı izləyə biləcəyiniz digər yer isə Bratislava qəsridir. Qəsr Karpat dağlarının sonlarında olan qayalardan birinin üzərində yerləşir, ona görə də ora çıxmaq istəyənlərin ayaqlarına qüvvət . Qəsrdən bütövlükdə Bratislavanı seyr edə bilərsiniz. Açıq-aydın havalarda isə Vyana və Macarıstanın bəzi hissələrini gözlə görək olar. Qəsrin içində Slovakia Milli Muzeyi yerləşir. Qiymətini xatırlamıram amma Slovakiya reallığını nəzərə alanda elə də baha olmamalıdır. Təbii bir Ermitaj və ya Viktoria və Albert deyil, amma hər halda Slovakiya tarixiylə tanış olmaq üçün baş çəkmək olar.

İndi isə gəldik çatdıq Bratislavanın heykəllərinə. Açığı başqa hansısa bir şəhərdə bu qədər maraqlı, məzəli və çox sayda heykəl gördüyümü xatırlamıram, ona görə də Bratislava mən heykəllər şəhəri deyərdim.

Bratislava və heykəl sözünü bir araya gətirsək, çox güman ki, ağlımıza gələn ilk şey məşhur kanalizasiya borusundan baxan Cumil heykəli olar. Rəvayətə görə bu Cumil məllim fasilədə yuxarı hava almağa çıxmış kanalizasiya işçisidir ya da ki, küçədən keçən qadınların ətəyinin altına baxan şorgöz. Orasını mən də dəqiq bilmədim, hər halda siz gedib, görüb qərar verərsiniz.

Şəhərdə Cumildən başqa, Napaleon ordusu əsgərinin, Bratislavaya şənlik gətirən, küçədən keçənləri şapkasını çıxararaq salamlayan, qadınlara “sizin əlinizdən öpürəm” deyən Schöner Nacinin, Hans Xristian Andersenin, paparazzinin və s. heykəllərini görmək olar.

Bratislava haqqında bu qədər. Yazının uzunluğu, elə şəhərin böyüklüyü ilə mütənasib oldu bu dəfə 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR