"Qızıl Beyin " mükafatçısı Günel Musayeva - MÜSAHİBƏ

"Qızıl Beyin " mükafatçısı Günel Musayeva - MÜSAHİBƏ
Təhsil və karyera 10 Oktyabr 2018 19:20 102
"Qızıl Beyin " mükafatçısı Günel Musayeva - MÜSAHİBƏ

"Qızıl Beyin " mükafatçısı Günel Musayeva: "Türkiyədəki məzuniyyət çıxışımın bu qədər insanın izləyəcəyini düşünmürdüm"

"Bahçeşehir Universitetini birinciliklə bitirməyim illərin əziyyətinin qarşılığı idi"

-“Qızıl Beyin” mükafatını alana qədər hansı mərhələlərdən keçmisiniz?

-İlk orta məktəb təhsilimi Azərbaycanda almışam. 62 saylı məktəb-lisey məzunuyam. Ona qədər Azərbaycanda olan mərhələ bundan ibarət idi ki, məktəbdə də bir neçə rayon turunda, şəhər turunda, respublika turunda olimpiadalara dəvət edirdilər. Müəllimlərimizin də dəstəyi ilə, təbii ki, onların verdikləri təhsillə birlikdə biz də çalışırdıq, hazırlaşırdıq, iştirak edirdik. Olimpiadalarda dərəcələrimiz olub. Ondan sonra respublika olimpiadası şəklində bilik olimpiadası var idi. Orada iştirak etmişəm. Ombudsmanın nəzdində liderlik məktəbi fəaliyyət göstəriridi, 9-cu sinifdə orada iştirak etmişəm. Aktiv şagirdlərdən olmuşam. Yəni “Qızıl Beyinə” qədər biologiya olimpiadasında şəhər turunda 1-ci yer tutmuşdum. Riyaziyyat olimpiadalarım da olub. Bədii qiraəti də çox sevirdim, onunla əlaqəli olan yarışmalarda iştirak etmişəm, dərəcələrim olub. Məktəbi də qızıl medalla bitirmişəm. Həmin il məzuniyyət tədbirində çıxışı da mən etmişdim. Çox böyük məsuliyyət idi, eyni zamanda da çox sevinc doğururdu. Ondan sonra da universitet  təhsilimə başladım. Biz Bahçeşehir Universitetinə 10-cu sinifdə təhsil alarkən dəvət olunmuşduq. Universitetin təsisçi heyəti Azərbaycana dəvət olunmuşdu. Onlar bizim məktəbə gəldikləri zaman çıxışımızdan xoşları gəlmişdi, ona görə Təhsil Nazirliyi nümayəndələrindən, məktəb rəhbərliyindən haqqımızda məlumat almışdılar və bu şəkildə bizi dəvət etdilər. Biz də məktəbi bitirər-bitirməz getdik təhsilimizi Türkiyədə davam etdirdik.

-Sizi iqtisadiyyat sahəsinə aparan nə idi?

-Biz 10-cu sinifdə oxuyanda tibbə hazırlaşmaq istəyirdik. Çünki həkimlik peşə olaraq çox prestijli sənət kimi görünür. Ancaq sonra düşündüm ki, mən psixoloji və fiziki olaraq özümü həkim kimi görmürəm. Sonra başqa nələr ola bilər deyə düşünməyə başladıq. Ailəmiz də seçimi bizə buraxmışdlar. Atam “Necə istəyirsiniz, elə də qərar verə bilərsiniz.” dedi. Düşündük ki, ölkə üçün iqtisadiyyat  bütün sahələrdən ən önəmli olan şeydir. İqtisadiyyatın da təməl döyünən ürəyi maliyyədir. Ona görə də seçimimiz iqtisadiyyat yönümlü oldu. Eyni zamanda, İngiltərənin baş nazirinə sual veriblər ki, ölkəni idarə etmək üçün ən önəmli olan faktor siyasətdir. Bəs siyasət nədir?. O, cavabında: “Siyasət iqtisadiyyatdır”, - deyib.  İqtisadiyyatını yaxşı bilməyən ölkələr siyasi baxımdan da müvəffəqiyyət əldə edə bilməzlər. Güclü siyasi strukturaya sahib olan bütün ölkələrin iqtisadiyyatı güclüdür. Yəni Amerika, müşahidə etdiyimiz zaman görürük ki, bir çox ölkələrə tariflər tətbiq edir. Bunu nəyə görə bacarır? Çünki iqtisadi cəhətdən güclüdür. Siyasətdə də sözünü deməyi bacarır. Ancaq iqtisadiyyatı zəif olan bir ölkə siyasətdə heç bir nailiyyət əldə edə bilməz.

-Çoxumuz "İqtisadiyyat" məfhumunu eşidirik, lakin bunun tam olaraq nələri əhatə etdiyindən bir o qədər də məlumatlı olmuruq. Bəs sizcə, "İqtisadiyyat" deyiləndə daha çox nə nəzərdə tutulur?

-Mənim özümə “Bankda işləyə bilərsənmi?” sualı çox gəlir. İqtisadiyyat dedikdə mühasibatlığı düşünürlər. Amma iqtisadiyyat çox genişdir. Yəni iqtisadiyyatı oxuyub siyasətlə də məşğul ola bilərsiniz, hansısa bankda da işləyə bilərsiniz, menecment, idarəetmədə də iştirak edə bilərsiniz. Ticarət, maliyyə, birjalar iqtisadiyyatla əlaqəlidir. Finans, ticarət, logistika, idarəetmə – bunların hər biri ümumilikdə iqtisadiyyat adı altında toplanır. Ona görə “Ən bəsit məişət alverindən başlayaraq dövlətlərin idarə edilməsi üçün zəruri olan bir çox faktoru özündə birləşdirən elm sahəsinə iqtisadiyyat deyilir” deyə bilərik.

-“Qızıl Beyin”lə digər beyinləri fərqləndirən xüsusiyyətlər nələrdir?

-Bunların hər biri əzmlə əlaqəli bir şeydir. Mən onu da ayırmağı düzgün hesab etmirəm. Biri “Qızıl Beyin”dir, digərləri deyil. Yəni mükafat bazalı, təməlli uşaqların dəyərləndirilməyi o qədər də doğru deyil. Mən əmək qoymuşam, zəhmət çəkmişəm, oxumuşam və bunun sayəsində müəyyən bir mükafata layiq görülmüşəm. Ancaq o mükafatı bütün ömrümə aid etmək və onun kölgəsində yaşamaq – bu, doğru olmaz. Ona görə başqalarından fərqli olduğumu düşünmürəm. Mənim əldə etdiyim hər bir mükafata görə müəyyən əməyim olub. Onu da əməyimin qarşılığında bəhrə olaraq qazanmışam. Ancaq digər hər bir kəsin özünə məxsus qızıl beyni də var, qızıl ürəkli çox insan da var. Ona görə ayrı-seçkilik gözəl bir şey deyil. Əməyiniz olsun, zəhmət çəkin. Bunun qarşılığında təbii ki, mükafatlarınızı alacaqsınız. Hər kəs öz ixtisasına, öz sahəsinə görə özünü mükəmməlləşdirdiyi, ixtisaslaşdırdığı zaman qızıl ələ də, qızıl beyinə də sahib ola bilər. Mənim çox sevdiyim bir müəllimim mənə bir dəfə demişdi ki, ən önəmli olan özünü tanımaqdır. Belə deyim, hər bir bitkinin tələb etdiyi müxtəlif mühit var. Çiçək üçün, bəlkə, günəş şüası önəmlidir. Cəngəllikdə bitən bitkilər üçün sulu mühit önəmlidir. Quraqlığı sevən bitkilər üçün elə mühit lazımdır. Ona görə insan özünü tanımalıdır, öz potensialının fərqinə varmalıdır və ona uyğun olan bir yeri seçməlidir. Yəni olduğun mühiti özünü tanıyaraq seçə bilərsən.

-Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi qeyd olundu. Sizcə, 100 illikdən bu günədək AXC-dən hansı izlər yaşayır?

-AXC çox gözəl əsaslarla qurulmuş bir cümhuriyyətdir. Qadınlara ilk səsvermə haqqını tanıyıb. Bizim milli ordumuz yarandığı zaman böyük şücaətlə necə igid insanlar orada iştirak ediblər. Bir çox şeylər var, xırdalamağa gərək yoxdur. Ondan indiyə qədər gəldiyimiz dövrdə mən çox istəyərdim ki, bu 100 illik dönəmində insanlarımız 100 illiyə layiq bir həyata sahib olsun. İzlər dediniz, azadlıq dönəmi -  1918-ci ildə qurulan Cümhuriyyətimizin xalqımıza aşıladığı çox böyük şeylər olub. Ancaq hazırda biz tam Cümhuriyyətimizə layiq yaşayırıqmı? Bu bir sual işarəsi altındadır. Bir müddətdir Azərbaycandayam. İnsanları izləmək şansım oldu. Müşahidə etdiyim şey bundan ibarət oldu ki, mən həmişə bir şeyi müdafiə edirəm; “Yaşamaq fərqli bir şeydir, keyfiyyətli yaşamaq fərqli bir şeydir.” Mən insanların keyfiyyətli yaşadığını tam olaraq görə bilmədim. Çünki insanın asudə zamanı olmalıdır, özünə ayırdığı, özünü inkişaf etdirmək üçün çalışdığı zamanı olmalıdır. Mən Azərbaycanda bunu görə bilmədim. İnsanların üzlərinə baxdığım zaman simalarında müəyyən bir kədər görürəm. Həqiqətən, elədir. Çox maraqlı bir şeydir. Biz Amerikaya getdikdə belə bir şey görmüşdük ki, tanımadığınız insan marketə də girdikdə sizə gülümsəyir və “Necəsən?” deyir. Burada hər kəs qaçaqaçdadır. Çörək pulu arxasınca qaçan bir adamdan, çətinliklərdən qaçan bir adamdan sən o sevinci çətin ki, görə biləsən. Ona görə Cümhuriyyətə layiqli bir şəkildə yaşamağı istəyərdim. O keyfiyyətli həyatı insanlarda görməyi istəyərdim. Bizim Cümhuriyyətimiz qurulduğu zaman necə çətinliklərlə qurulub. Ölkəmizin 100-cü illiyində Qarabağ problem olaraq qalmamalı idi. İşğal altında olan bir bölgəmiz var. Bu, Cümhuriyyətçilik ideyası ilə mübarizə aparmış insanlara uyğun deyil. 100-cü ilimizdə biz bunu yaşamalı idik. Bunun kimi bir çox hallar var. Gözəl olan şeylər də var. Ancaq onun yanında o qədər də xoş olmayan şeylər var. 100-cü ildə alınmadı, inşallah, ölkəmizin 110-cu, 120-ci illiyində biz bu gözəl şeyləri xalqımızın simasında görərik.

-Bəs sizcə, keyfiyyətli yaşamı təmin etmək üçün hansı addımları atmaq lazımdır?

-Hər şey insanın özü ilə əlaqəlidir. Təməldən insan özünə də zaman ayırmağı bacarmalıdır. Bizdə belə bir şey var ki, adicə təhsildən götürün. Uşaqlara deyirlər ki, bax, 5 almaq lazımdır, 100 bal almaq lazımdır. Ancaq heç kəs düşünmür ki, 100 bal alan, 5 almaq üçün çalışan insan sabah savadlı bacarıqsız ola bilər. Ona görə gərək insan özü nə ilə maraqlanırsa, onu etməli, hobbilərə yiyələnməlidir. Özünü inkişaf etdirmək üçün fərqli yollar var. Onlardan bəhrələnməlidir. Maraqlandığı sahələrlə məşğul olmalıdır. Özünə asudə zaman yaratmalı və bu asudə zamanın üstündə çalışmalıdır. Elə olduğu zaman həyatı daha keyfiyyətli olur. Çünki insan özü ilə tək qaldığı zaman özündən zövq almağı bacarmalıdır. Sən özünü tanıdığın zaman, öz ixtisasından əlavə hansı keyfiyyətlərə sahib olduğunu bildiyin zaman xoşbəxt olursan. Çünki özünü tanıyırsan və buna görə fərqli mühitlərdə də söz sahibi olursan. Mən maliyyəçi, amma hər zaman maliyyədən danışa bilmərəm. Çox fərqli şeylər var və onlar haqqında kiçik bir bilgiyə də sahib olmaq səni üstün edə bilər. Üstünlükdən də əlavə, sən söz sahibi olursan, paylaşmağa bir şeyin olur. Ona görə insan öz üzərində çalışmalıdır ki, həyatını sadəcə yaşamaqdan, o cizgidən çıxarıb keyfiyyətli yaşamaq cizgisinə çatdıra bilsin.

-Deyirlər ki, insan ətrafındakı beş nəfərin ədədi ortasıdır. Bəs siz bu beşliyə kimləri daxil edirsiniz?

-Beşliyə daxil etdiyim insanları yenə ayırıram. Mən hər bir sahə üzrə fərqli beşliyə sahib olmağı sevirəm. Özümü məhdudlaşdırmağı sevmirəm. Həmin o beşlik müəllimlərin arasında fərqli beşlikdir,  ailə çərçivəsində fərqli beşlikdir. Ümumi siyasi, psixoloji və.s sahələrdə o beşlik fərqli beşlikdir. Təbii ki, bu beşliyə təməldə daxil olan insanlar mənim ailə üzvlərimdir. Atam, anam, bacılarım və qardaşımdır. Onların fikirləri mənim üçün çox önəmli, dəyərlidir. Ailəmlə, özümlə əlaqəli verdiyim qərarlar da. Amma iqtisadiyyatla əlaqəli olan sahələrdə məllimlərim var ki, həqiqətən, danışmaqdan da zövq alıram, iqtisadi olaraq hər hansı bir şeyi öyrənməkdən də zövq alıram. Onlar ayrı bir beşlikdir. Eyni zamanda, özümü inkişaf  etdirmək istədiyim sahələrdə hazırda yaşamasa belə, kitablarından, yazdıqlarından, yaratdıqlarından bəhrələndiyim beşlik ayrıdır. Ona görə spesifik “Bu, bu, bu adamlar” demək doğru olmaz.

-Uşaqlığınız necə keçib?

-Mən yaramaz uşaq olmuşam (gülür). Bir az interaktiv uşaq olmuşam. “Qaçım onu edim, bunu edim” demişəm. Anam deyir ki, Xeyrənsə ilə sən bir-birinizi tamamlayırsınız. Bizim aramızda 1 yaş 3 ay fərq var. Xeyrənsə, əksinə, çox sakit uşaq olub. Anam deyir ki, quzu kimi idi. Özü də ağappaq, sarışın, toppuş uşaq olub. Mən isə bir dəqiqə yerimdə olmurdum. Qaçırdım, onu edirdim, bunu edirdim. Anam da arxamca qaçırmış (gülür). Məktəbə gedənə qədər, elə bil, işgəncə vermişəm. Amma ona rəğmən məktəbə getdikdən sonra anam deyir ki, tamamilə dəyişdin. Elə bil o əlavə enerji ki var, onu dərslərimə yönəltməyə çalışmışam. Bizdə də atam və anam dərslərimizə diqqət ediblər. Ona görə dərslərə diqqət yetirməyə çalışmışıq. Maraqlandığımız fərqli sahələr olurdu ki, onlarda özümüzü inkişaf etdirməyə çalışmışıq. Onlar da bizə şərait yaradıblar. Həqiqətən, bu çox önəmli bir şeydir. Biri var, valideyn uşağın başının üstündə durub “Oxu, oxu, oxu” deyir. Bu, bezdirici bir hal alır. Biri də var, deyir ki, dərsin hazırdırmı? Mən sevməmişəm ki, mənə desinlər ki, sən dərslərin hazır olmadan bunu edə bilməzsən. Qoy mən hazır edim, heç kimin mənə neqativ nəsə deməyə bir şeyi olmasın. Mən də, bacım da buna çalışmışıq. Ona görə məktəbə getdikdən sonra düzənli şəkildə nəyi etməli olduğumuzu bilmişik. Ona görə doğru, düzgün şəkildə planımızı qurmuşuq. Xarici şeylərdə zövq ala biləcəyimiz yerlərə  də getmişik. Ailəmizlə birlikdə gözəl zaman da keçirmişik. Ailə baxımından çox şanslı olmuşuq. Həyəcanlı, yaramazlıqlar edən uşağı da ailə gözəl tərbiyə edirdi ki, heç bir qapalı mühitə düşməmişəm, tənha hiss etməmişəm, cəzalandırılmamışam ki, özümü gümrah hiss etmişəm. Vaxtı çatanda, məktəbə gələndə o enerjimi düzgün şəkildə dərslərimə bölməyi bacarmışam.

-Çıxışınız olduqca böyük marağa səbəb olmuşdu. Natiqliyiniz üzərində işləmisinizmi?

-Atam gözəl nitq qabiliyyətinə malikdir. Amma onun xaricində məktəbdə müəllimələrimiz, xüsusilə də Azərbaycan dili və Ədəbiyyat müəlliməmiz çox savadlı qadın olub. Şəxsiyyət olaraq formalaşmağımızda bizə yön göstərib. Müəlliməmiz o vaxtdan yarışmalar keçirərək fikrimizi müdafiə etməyi öyrədib. Ondan sonra Ombudsman nəzarətində liderlik məktəbi var idi.Orada da fikir mübadiləsi edə biləcəyimiz mühit var idi. Onun da faydası olmuşdu. Amma oxumaq ən önəmli şeydir. Gərək bədii ədəbiyyatı oxuyasınız. Nəzəriyyəni yaxşı biləsiniz. Çünki söz bazası elə bir şeydir ki, siz onu artırmasanız günlük istifadə etdiyiniz sözlər ətrafınızdakı insanların danışığından o tərəfə çıxa bilmir. Hamının ətrafında da filoloqlar olmadığına görə danışıq bir  müddət sonra küçə ləhcəsinə dönür.

-Bu qədər maraq doğuracağını gözləyirdiniz?

-Stadionda o qədər insanın olacağından xəbərim var idi. Məndə o yaxşıdır ki, həyəcanım nə qədər çox olsa da, onu büruzə vermirəm. Əvvəlcə insanda qorxu olur. Amma ondan sonra toparlamalısan.  Məndə imtahanda da belə olur. Qələmi əlimə alana qədər həyəcanlı oluram, ondan sonra 0 həyəcan. Çıxışda da belə oldu. Azərbaycanda çıxışımı bu qədər insanın izləyəcəyini düşünmürdüm. Təbii ki, çox xoş oldu. Özümə görə demirəm ki, insanlar məni göstərib nəsə dedilər. Sadəcə insanlara motivasiya xarakterli oldu. Mən bunu müşahidə etdim ki, buna ehtiyac var imiş. Həqiqətən də, ölkədə uğur qazanan və bunu əyani sübut etmiş birinə  ehtiyac var imiş. Xalqımız sevinmək istəyirmiş. Dünyanın müxtəlif ölkələrindən yazanlar oldu. Nəsib bəy Yusifbəylinin nəvəsi zəng vurub dedi ki, fəxr etdim, qürur duydum. Güney Azərbaycandan nə qədər insan yazmışdı. Cavab yazıb çatdıra bilmirdim. Deməli, dünyanın fərqli bölgələrində yaşayan azərbaycanlıların qəlbində azərbaycançılıq duyğusu var və onlar azərbaycanlıların qələbə qazanmasını səmimi qəlbdən istəyirlər, gözləyirlər. Mənim çıxışım xüsusi olaraq piyar edilmədi ki, insanlar izləsin. Sadəcə atam paylaşmışdı. Sonra Azərbaycan Universitetləri səhifəsi facebook’dan, Hamam Times da youtube’dan paylaşmışdı. Bizim heç xəbərimiz olmadan birdən yayıldı.

-"Qızıl beyin" mükafatının məsuliyyətini necə qiymətləndirirsiz?

-Sahib olduğunuz bir neçə xüsusiyyət ki var, sizi ona görə dəyərləndirirlər. Siz artıq əşyalaşdırılmış olursunuz. Məsələn, “Qızıl Beyin”, qızıl medal, yaxşı oxumaq.  Bunlara görə müəyyənləşdirildikdə siz bunlardan əlavə bir insan deyilsiniz. Hər hansı yeni ortama getdikdə sizi orada fərqli tanıya bilərlər. Getdiyim  hər yerdə də fərqli bir şeyə görə tanına bilirəm. Amma bu “Qızıl Beyin” və digər şeylər olanda siz cizgidən çıxa bilmirsiniz. Çıxdığınız zaman da səhv başa düşülür. Məsələn, bir məclisdəyik. Soruşurlar ki, diskoteka olacaqmı? Tanımıram, eləmirəm. Dayı deyir ki, yox, “Qızıl Beyin” var burada, ayıbdır. Niyə ayıbdır, ay dayı, qoy, mən də oynayım da (gülür). Siz artıq o əşya kimisiniz. Başqa bir şey etsəniz, fərqli yanaşılacaq, deyəcəklər ki, a, ayıb olsun. Amma sizi elə tanımasalar, deyəcəklər ki, çox maraqlı insandır, oynaya da bilir, onu da edir, bunu da edir. İş yerimdə bilmirdilər. Ona görə məni fərqli – daha bədii tərəfimi tanıyırdılar. Dərslər barədə elə də danışmamışdıq. Əgər məni “Qızıl Beyin” alan kimi tanısaydılar qərəzli olacaqdılar. Digər tərəfimi bilməyəcəkdilər. Deyəcəkdilər ki, bu adam ancaq dərs oxuyub. Türklərdə “inek öğrenci” ifadəsi var. Mənə o cür yanaşan insanlar da olub. İnsanı incidir bu. Çünki belə düşünülür ki, siz nə yemək yeyirsiz, nə gəzirsiniz, heç nə etmirsiniz. Ancaq dərs oxuyursunuz. Bütün günü kitabın üstündə olan insan da maraqsızdır. Yaxından tanımağa çalışmırlar, çünki sən onun üçün artıq busan. Elə də olanda ünsiyyət alınmır. Həm də mən sevirəm ki, məni danışdırsınlar. Mən özümlə tək qalmağı sevirəm. Ona görə obyekt olmamağa çalışıram, tanıtmamağa çalışıram. Soruşulanda deyirəm. Amma sən soruşmamış demirəm ki, məndə bu, bu, bu, var.

Mənbə: İnterview

OXŞAR XƏBƏRLƏR