Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər - ŞƏXSİ TƏCRÜBƏ

Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 17 Oktyabr 2018 13:39 1093
Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər - ŞƏXSİ TƏCRÜBƏ

Almaniyaya keçən ilin aprel ayında səfər etmişdim. Dedim Almaniya tam dağılmamış bir baş çəkim görüm oraları da, sonra bəlkə qismət olmadı  Bir dostum Rhine-Ruhr bölgəsində olan kiçik şəhərlərdən birində yaşadığından kiçik bir məsləhətləşmədən sonra qərara gəlmişdik ki, bu bölgədə 4 gün keçirim və 3 böyük şəhəri qısa zamanda ziyarət edim. Bunlar KölnDortmund və modanın mərkəzi Düsseldorf şəhərləri idi. Və dostumun yaşadığı cəmi 100 000 əhalisi olan kiçik Witten şəhərini də nəzərə alanda gəzəcəyim şəhərlərin sayı 4 olacaqdı. 4 günə 4 şəhər – deməli hər şeyi öncədən dəqiqliklə planlamalı idim ki, hər bir şəhərin heç olmasa əsas görməli yerlərinə baş çəkib görə bilim.

Ənənəvi olaraq WizzAirin “baş sponsorluğu” ilə Budapeşt hava limanından Dortmunda yola düşdüm. Dortmundan Wittenə 2 dəfə gedib qayıtmamaq və nəqliyyat xərclərinə qənaət etmək üçün qərara almışdım ki, hava limanından düşən kimi birbaşa gedim Dortmundu gəzim və axşama kimi Dortmund səyahətimi bitirim. Dortmund elə də turistik şəhər deyil, yəni gəzilib görüləcək yerləri çox deyil amma yenə də getmisinizsə bir neçə saatınızı ayırıb bu şəhərə baş çəkməyə dəyər.

Dortmunda ilk öncə baş çəkməli olduğunuz məkan əlbəttə ki, Westfalenparkdır. Adında da göründüyü kimi bura parkdır. Parkda müxtəlif ağaclar, güllər, çiçəklər, müxtəlif su quşları və dələləri görmək olar. Bizim mərmərli parklarımızdan fərqli olaraq Westfalenparka giriş ödənişlidir, cəmi 1.5 avro (qiymət indi fərqli ola bilər) ödəyərək parkın gözəlliyindən həzz ala bilərsiniz. Qeyd edim ki, parkın rəngarəngliyi ödədiyiniz məbləği sizə unutdurur  Park həftənin I və II günləri qapalı olur, qalan digər günlərdə isə ictimaiyyətə açıqdır. Parkda həm uşaqlar həm də böyüklər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Ərazi çox böyük olduğundan bütün hər yerini gəzmək üçün bir neçə saata ehtiyacınız var, yox əgər mənim o qədər vaxtım yoxdur tez zamanda gəzib sonra gedib 1-2 alman pivəsi içmək istəyirəm deyirsinizsə parkın ərazisində xüsusi olaraq “tənbəllər” üçün qatar var və bu qatara minərək bütün parkın ərazisini qısa zamanda görə bilərsiniz. Xülasə şəhərin hay küyündən, stressindən uzaqlaşmaq istəyirsinizsə bu məkan yardımınıza çatacaqdır, xüsusilə də ilin isti vaxtlarında.

Dortmundakı digər görülməli yer isə parkın içərisində yerləşən Florian adlı televiziya qülləsidir. Qüllənin hündürlüyü 220 metrdir və buradan bütün Westfalenpark və Dortmund ayaqlarınızın altında görsənir. Bizim teleqüllədə olduğu kimi Florian qülləsində də restoran var və restoran 209 metr hündürlükdə yerləşir. Buradan bütün Ruhr ərazisinə əla bir panorama açılır. Qülləyə giriş qiyməti 2.5 avro idi, ola bilər ki, indi fərqli qiymətə olsun.

Əgər futbol azarkeşisinizsə Dortmunda gəlib də əfsanəvi Dortmund Borusiyasının ev oyunlarını keçirdiyi stadiona baş çəkmədən getmək olmaz. Borusiya Dortmundun ev oyunlarını keçirdiyi Signal İduna Park stadionu Westfalenparkdan bir neçə yüz metr məsafədə yerləşir, rahat gəzə-gəzə stadiona gələ bilərsiniz. Mən orda olanda bazar günü olmasına baxmayaraq stadionda oyun yox idi, stadionun çöl tərəfindəki kiçik meydançada isə kiçik oyuncaq təyyarə və vertolyotların yarışı keçirilirdi. Havada lap şahin kimi süzən kiçik təyyarələr və vertolyotların şousu adamı valeh edirdi.

Dortmundda digər görməli yer isə şəhər meydanıdır. Borusiya Dortmundun oyunları bir çox hallarda meydanda olan böyük monitorlardan canlı yayımlanır. Meydanın sağ tərəfində isə maraqlı memarlıq üslubunda tikilmiş İçəri şəhər Divarı dayanır. Meydan Dortmund Dəmir yol vağzalından 1 km məsafədə yerləşir, Dortmunddan keçirisnizsə və bir neçə dəqiqəlik vaxtınız varsa bu meydana baş çəkin məncə.

Dortmundda görməli yerləri gəzib günortadan sonra ukraynalı dostum Alyona ilə görüşdük və gecəni keçirəcəyim Witten şəhərinə getdik. Witten Almaniyanın ilk özəl universiteti olan Herdecke universitetinin yerləşdiyi 100 000 əhalisi olan kiçik bir şəhərdir və şəhərdə olan səliqə səhman adamı heyran qoyur. Hər tərəfdə kiçik, rəngarəng evlər. Heç bir evin hasarı yoxdur, bütün evlərin həyəti rəngbərən gül-çiçəklə bəzədilib və demək olar ki, hər evin həyətində kiçik rəngli heykəllər var. Dəmir yolu vağzalından evə kimi hardasa 20 dəqiqə piyada getdik və mən bu şəhərə heyran oldum. Düşündüm ki, bəlkə də ömrümün sonuna kimi burada yaşaya bilərəm.

Növbəti gün, Kölnə yola düşməkdən ötrü səhər saat 8də yola çıxdım. Kölnə getmək üçün avtobusa Herdecke universitetinin yanından minməli idi və dayanacağa yol talanın ortasından keçirdi. Səhər saat 8də talada ancaq yaban dovşanlarını görmək olardı, sayları həddindən artıq çox idi. Nəysə avtobusla Essen dəmir yol vağzalına getdim, oradan isə qatarla Kölnə.

Köln 2000 illik tarixə malik qədim Alman şəhərlərindən biridir. Reyn çayının sahilində yerləşir. Şəhərin qədimi tikililəri, xüsusən də çay kənarında tikilmiş evlər Kölnü Amsterdama oxşadır. Şəhər kifayət qədər beynəlmiləl olduğundan xeyli sayda türklə qarşılaşa, hətta Kölndə olarkən özünüzü Türkiyədəki kimi hiss edə bilərsiniz. Köln dəmir yolu vağzalından çıxanda sizi iri və heyrətamiz Cologne Dom adlandırılan Köln katedralı qarşılayır. Qotik üslubda tikilmiş katedralı Kölnün simvoludur və bir növ Brnoda görüdüyüm katedrala bənzəyir. Katedralın cənub qülləsinə giriş 3 avrodur. Əgər ayaqlarınıza güvənirsinizsə 509 pillədən ibarət olan 98 metrlik qüllənin təpəsinə qalxa bilərsiniz. Pilləkənlər Qız Qalasında olduğu kimi dairəvi formadadır və yol çox ensizdir, arada durub dincəlmək imkanı yoxdur çunki, dayansanız arxadan insanlar gəldiyindən məcbur siz də tam sürətlə yuxarı çıxmalısınız. Ona görə də qülləyə çıxmamışdan öncə yüz ölçüb bir biçin  Amma qülləyə çıxdıqdan sonra Kölnə açılan mənzərə 98 metr pilləkənləri boşuna çıxamadığınızı deyir. Qüllənin təpəsindən Kölnə və Reyn çayına möhtəşəm mənzərə açılır.

Kölndə muzeysevərlər üçün çoxlu sayda muzeylər var. Mən şokolad muzeyinə maraq saldığımdan almanlardan əl-qol hərəkətləri ilə şokolad muzeyinin yerini soruşub tapdım, elə muzeyə bir neçə yüz metr qalmış yenidən küçədə duran gənclərdən muzeyin yerini soruşanda məlum oldu ki, bu gün bazar ertəsi günüdür və bütün normal muzeylər kimi şokolad muzeyi də qapalıdır. Kor-peşman şəhər mərkəzinə qayıtdım amma muzeyin yaxınlığına kimi getməyimə dəydi. Kölnün muasir arxitektura münunəsi olan Crane Houses (Kran Evlər) kompleksini yaxından gördüm.

Kölnün digər maraqlı turistik yeri isə Tarixi Qədim Şəhər olan hissəsidir. Qədim şəhərin bir hissəsi Reyn çayının sahillərində yerləşir. Sahil boyu damı şiş və rəssam fırçasıyla rənglənibmiş kimi görünən evlər Tarixi Qədim Şəhərin ən maraqlı hissələrində  biridir. Evlərin bir çoxusu hal-hazırda otel kimi fəaliyyət göstərir və çayla evlərin arasında yaşıllıq ərazi var. İlin isti vaxtlarından burada piknik edən almanları görə bilərsiniz. Rəngli binaların arxa tərəfində isə yenə rəngli binalar var bu dəfə isə çay əvəzinə böyük bir meydana çıxırsınız. Meydanın hər tərəfi kafe-restoranlarla əhatə olunub. Məşhur alman pivəsinin dadına baxmaq istəyirsinizsə burda olan restoranlardan birinə oturub bir kölş sifariş edə bilərsiniz. Almaniyanın hər bir şəhərinin, hər bir bölgəsinin özünəxas pivəsi var, Kölndə isə yerli pivə Kölş adlanır. Əslində kölş elə bildiyiniz pivədir amma kölnlü dostunuzun yanında kölşə pivə desəniz sizdən inciyə bilər  ona görə kölş deməkdə fayda vardır. Getdiyiniz kafe-publar “ein kolsch bitte” deyə bir kölş sifariş etsəniz ofisiantlarla xoş söhbətə başlamaq üçün yaxşı fürsət ola bilər sizin üçün.

Kölnün Tarixi Qədim Şəhər məhəlləsində mütləq görülməli olan yer isə Great St. Martin kilsəsidir. Köln Katedralı kimi əzəmətli olmasa da, bu kilsə də kifayət qədər maraqlı üslubda tikilib və rəngli binaların arasından Ağca və yeddi cırtdan cizgi filmi səhnəsi kimi görsənir.

Köln romantikləri də unutmayıb. Belə ki, şəhər mərkəzinə yaxın olan Hohenzollern körpüsü sevgililər üçün nəzərdə tutulub. Körpünün üzəri ilə gəzərkən, körpüdən asılmış minlərlə üzərinə X+Y yazılmış və ya ürək çəkilmiş, tarix həkk edilmiş qıfılları görə bilərsiniz. Hətta nəinki qıfılları seyr edə eləcə də sevgilinizlə getmisinizsə öz adınıza olan qıfılı da körpüdən asa bilərsiniz.

Beləcə Köln turumuzu başa vurub axşam Düseldorfa yola düşdük. Amma siz siz olun Kölnlülərə Düseldorfa getdiyinizi deməyin. Çünki Rhine-Ruhr metropolitanının paytaxtının Köln yoxsa Düseldorf olması haqqında uzun illər mübahisə gedib və sonunda Düseldrof metropolitanın paytaxtı statusunu alıb, o gün bu gün, kölnlülərlə düseldorflular bir-birlərinə düşmən-rəqib kimi baxırlar. Kölnlülər düseldorflulara qız vermirlər, düseldorflular da kölnlülərə ərə getmirlər 

Axşam qatarla gəlib çıxdım Düseldorfa. Düseldorflular deyəsən Kölndən gəldiyimi eşitmişdilər, məni heç də xoş qarşılamadılar  Elə dəmir yol vağzalından çıxan kimi, hər tərəfin polislər tərəfindən bağlandığını gördüm. Vağzalın qabağındakı meydanda mitinq var idi. Mən də məcbur alternativ yollardan istifadə edib, qalacağım evə yola düşdüm.

Alyonanın rəfiqəsi Marigildə qalacaqdım. Dayanacaqdan məni qarşıladılar evə getdik, çantamı filan yerləşdirəndən sonra qərara gəldim ki, Düseldorf Rhine-Ruhr bölgəsinin paytaxtı seçilibsə özü də Avropanın dəb mərkəzlərindən biridirsə, mən mütləq şəhəri gecə də görməliyəm. Xəritəylə hara necə getmək lazım olduğunu öyrəndikdən sonra yola çıxdım şəhər mərkəzinə doğru. Həftənin çərşənbə axşamı günü olmasına baxmayaraq şəhər kifayət qədər aktiv idi. Şəhər mərkəzində olan pubların, kafelərin hamısının önü əylənən insanlarla dolu idi. Bir neçə saat şəhər mərkəzini və Reyn çayının sahilini gəzəndən sonra qayıtdım qaldığım evə, çünki səhər Düsldorfu işıqlı vaxtda kəşf etməli idim. Maridən Düseldorfda street-artla zəngin bir məkanın olduğunu öyrənib səhər birbaşa yollandım ora.

Street art bolluğundan əziyyət çəkən bu məkanın adı Kiefernstrasse icmasıdır. Elə Kiefernstrassedə yəni Kiefern küçəsində yerləşir. Məkan şəhər mərkəzindən bir az kənarda olduğundan bir az çətinliklə tapdım məkanı, çünki çox adam belə bir yerin mövcudluğundan xəbərdar deyildi. Nəyahət uzun axtarışlardan sonra gəlib məkanı tapdım. Bura Almaniyanın gəzdiyim bütün yerlərindən fərqli bir əhval ruhiyyəyə sahib idi. Binalar başdan-başa küçə sənəti nümunələri ilə bəzədilmişdi. Nümunələrin gözəlliyi məni o qədər heyran etmişdi ki, vaxtın necə keçdiyindən heç xəbərim də olmamışdı. Şəkilləri çox sözlə təsvir etmək istəmirəm bütün street art nümunələrinin şəkillərini blogda paylaşıram.

Sehrli məkanı tərk edib yenidən gəldim Düseldorfun mərkəzinə. Mərkəzdə Burgplatzadlı meydandakı bina görülməli yerlərdən biridir. Çox maraqlı üslubda tikilib. Vaxtınız olarsa Düseldorfdakı tematik parkları gəzə, Reyn çayı bounca sahilə düzülmüş kafe-publarda pivə içə-içə Reyn çayını seyr edə bilərsiniz. Amma yaddan çıxartmayın ki, düseldorflular kölnlüləri sevmirlər ona görə də çaşıb kölş istəməyin  Təbii ki, dəb məkanına gəlib alış-veriş etmədən geri qayıtmaq olmazdı. Ona görə də hardasa bir saat mağazalara baş çəkib 1-2 t-shirt aldıqdan sonra üz tutdum Wittenə. Yolum uzun idi, həm də yorulduğumu hiss edirdim.

Beləcə Rhine-Ruhr və ilk Almaniya turumu tamamlamış oldum. Gəzdiyim şəhərlər arasında əlbəttə ki, kiçik olsa da Witten xüsusi gözəlliyi, səliqə-səhmanı ilə diqqətimi cəlb etdi amma kiçik şəhər olduğundan düşünürəm ki, bu regionun ən görməli şəhəri məhz elə Köln idi. Kölnlülər Düseldorfu paytaxt seçənlərdən inciməsi normaldır 

Bununla da, daha bir yazımızın sonuna gəldik.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR