İran səyahəti – Təbriz, Ərdəbil, Kəndovan, Astara - ŞƏXSİ TƏCRÜBƏ

İran səyahəti – Təbriz, Ərdəbil, Kəndovan, Astara - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 20 Oktyabr 2018 22:29 2723
İran səyahəti – Təbriz, Ərdəbil, Kəndovan, Astara - ŞƏXSİ TƏCRÜBƏ

Mən sizə İran səyahətimlə bağlı təəssüratlarımı bölüşmək istəyirəm 

İlk öncə İrana Bakıdan iki-üç yol ilə getmək olar. Birinci yol Bakıdan maşınlar 10 manata Biləsuvar sərhədinə aparırlar, sərhədi keçdikdən sonra Ərdəbilə 20-25 min tümənə, Təbrizə 100 min tümənə gedə bilərsiniz. Digər yol Avtovağzaldandır avtobuslar Bakıdan Təbriz terminalına 30 manata aparırlar. Üçüncü yol isə qatarladır qatarlar axşam saat 23.15-də çıxır səhər saat 8-də Astaraya çatır. Astara stansiyasından gömrüyə 1-2 manata taksilər gedir. Astarada səyahət siğortası almalısınız Biləsuvardan fərqli olaraq qiyməti 3 manatdır. Astara sərhəddi çox pisdir təxminən 5 saata keçdik əgər Astara sərhədi ilə keçməyə hazırlaşırsınızsa bütün psixolojik travmalar keçirtməyə hazır olun ən az 2-3 ayaq altda əzilir, 5-6 adamın ürəyi gedir, arvadlar saçyolduya çıxır. Biləsuvar sərhədi isə çox rahatdır gələrkən cəmi 20 dəqiqəyə keçdim.

İran Astarası – İran Astarasında bizim Astaradan fərqli olaraq əsasən Azərbaycanlılar məskunlaşıb. İran’da səyahət etdiyim 3 şəhərdən (digərləri Ərdəbil və Təbriz) ən kiçik şəhər olsa da ən müasiri olaraq yadımda qaldı. Burada maşın sürənlərin yarısı qadın idi, motosiklet sürənlərin arasında qadınlar var idi. Mağazaların bir çoxunun sahibi qadın idi. Qadınlar iş həyatında hətta bizdən daha fəal idilər. Burada Təbrizdən və Ərdəbildən fərqli olaraq “Çadra” geyinən qadınlara rast gələ bilməzsiniz. Şəhərdə gəziləcək yer yoxdur. 10 km uzaqlıqda Luton gölünə gedə bilərsiniz və ya 30-35 km uzaqlıqda olan Heyran kəndinə burada kanat var mən getmədim gələn səyahətimdə planlayıram. Gömrüyü keçən kimi zatən qarşınıza pul dəyişmək istəyən “baba, baba” deyib üstünüzə hücum çəkəcək dayılar çıxacaq. Mən 9700-ə dəyişdirmişdim manatı indi təxminən 7000-7500-ə dəyişilir bildiyim qədəri ilə. Əgər bazarlıq etmək istəyirsinizsə Astara Rus bazarına gedin, xeyli ucuzluqdur. Burada çoxlu otellər görəcəksiniz gün 4-5 manata babat guesthouse tapıb gecələmək olar.

Ərdəbil – Astaradan təxminən 1 saat uzaqlıqdadır. Taksilər 15-20 min (indiki məzənnə ilə 2,5 – 3 manat ) tümənə aparırlar. Ərdəbildə qonaqlamaq üçün bir çox Misafirxana mövcuddur zatən hamısını bizim ölkədən alverə gələn adamlar doldurub. Ərdəbildə gəziləcək yerlər arasında Şeyx Səfi məqbərəsini və Şorabil gölü ətrafındakı parkı tövsiyə edirəm. Şəhərdən 10 km uzaqda Səreyn adlı yer var gedə bilərsiniz, istisu vannaları var. Bazarlıq üçüm qədim Qeysəriyyə bazarına gedin. Burada ən təəccübləndiyim dilənçilərin məndən tümən yox manat istəməsi idi . Zatən Azərbaycandan gəldiyinizi 100 metr kənardan bilirlər. Bütün ölkəmizin adı “Bakı” – dır orada. Fərqi yoxdur Lənkərandan, Gəncədən və ya başqa bölgədənsiz onlar üçün siz Bakılısız. Ərdəbili gəzib dolanmaq üçün 1 gün kifayətdir.

Təbriz – Ərdəbildən daha böyükdür, Bakıdan daha qədimdir. Burada məni evində qonaq etdiyi üçün Hamid Fakhr – ə təşəkkür edirəm. Özü və ailəsi möhtəşəm qonaqpərvər insandır. Təbrizdə nəyə ehtiyacınız olsa zəng edib soruşa bilərsiz, hər zaman sizə kömək edəcəkdir .

Təbrizə 3 gün bəs edər, Eynalı dağında funikulyora minin, Bağlar Bağı adlanan qəşəng park var amma bağlıdır hal hazırda. El gölünə gedin, Azərbaycan muzeyini, Göy məscidi, Xəqani parkını, Şairlə məqbərəsini, Üstü örtülü bazarı, Ərk qalasını, Təbiəti küçəsini, Saat qülləsini və.s gəzə bilərsiniz. Təbriz metrosuna minin yeni açılıb iki ildir, metro vaqonları çox təzədir. Təbrizi qısqandım bu mövzuda. Qalmaq yeri olaraq Firdovsi xiyabanını seçin. Burada çoxlu misafirxanalar var.

Kəndovan – İranın mini “Kapadokiya” sıdır. Üsküdədir. Təbrizdən 60 km uzaqdır. Buradan şallar, əldə toxuma çantalar ala bilərsiz. Kənddə kiçik kənd təsərrüfatı məhsullarını satan bazar var. Ziyarət edin.

İrana gedənlərə əsas məsləhətlər

1) Taksidən istifadə edin qorxmayın hamısı qazla işləyir deyə çox ucuzdur. Ən çox taksiyə pulu Təbrizdə verdim Təbrizin in girişindən 20 dəqiqəlik yolu məni cəmisi 2 manata apardı. Hələ bu qiymətlə Təbrizlilər mənə qiymət mövzusunda atdığını dedi ))))
2) Şəhərin lüks restoranlarına gedin, özünüzü əsl varlı kimi hiss edəcəksiniz. Bir masa yemək yesəniz belə maksimum ödəyəcəyiniz məbləğ 5 manat olacaq.
3) Xanımlar təkbaşına avtostop etməkdən çəkinin taksidən başqa kişilərin maşınına əyləşməyin. Ərdəbildə başımı sumkama soxub bir şeylər axtarırdım. Dostumun maşınında idim, “gəşt-i əxlaq” (əxlaq polisi) yanımızdan keçərək başını çıxar dedi oğlan olduğumu görüb getdi. Ərdəbilli dostum əgər qız olsa idin və evli olmasa idik indi bu polis bölməsinə aparacaq idi dedi. Nə qədər doğrudur bilmirəm amma öz təcrübəmi sizinlə bölüşmək istədim
4) Çadralı qadınları görməyə öyrəşin, mən şəxsən ilk öncə 2-3 saat saat qorxu hissi keçirdim sonra öyrəşdim. 30-35 dərəcə istinin altında çadra geyinmək böyük cəsarət tələb edir. Əsasən yaşlı nəslin nümayəndələri çadra geyinirlər. Gənc xanımlar isə sadəcə kəlağayı taxırlar.

Ümumilikdə özünüzü bu şəhərlərdə xarici hiss etməyəcəksiz. Əksəriyyəti Azərbaycanlıdır və bizim dildə danışır. “Qadan alım”, “Başına dolanım” cümləyə başlayırlar. Çox qonaqpərvər insanlardırlar 

Ümid edirəm uzun olsa da, sıxıcı olmadı. Diqqətiniz üçün təşəkkür edirəm

OXŞAR XƏBƏRLƏR