Gözəl və mehriban insanlar şəhəri – Kiyev - ŞƏXSİ TƏCRÜBƏ

Gözəl və mehriban insanlar şəhəri – Kiyev - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 26 Oktyabr 2018 14:13 1051
Gözəl və mehriban insanlar şəhəri – Kiyev - ŞƏXSİ TƏCRÜBƏ

Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi  Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi  Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.

Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.

Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.

İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək?  Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.

İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.

Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.

Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.

Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.

Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması  məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.

Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.

Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.

Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar 

Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz 

Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki  deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq  Növbəti yazılara qədər.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR