“Mən Hümbətov Fərdi Bakı şəhərində anadan olmuşam. Əslən Şuşalıyam. 2011-ci ildə Nəsimi rayonu Abdulla Şaiq adına 54 saylı orta məktəbi bitirmişəm. Arzum başqa idi… Polis Akademiyasına qəbul olmaq istəyirdim. Lakin ilk cəhdim alınmadı. Bu uğursuzluğu təcrübə adlandırıb yenidən 2-ci tura müraciət etdim və Bakı Asiya universitetinə qəbul oldum. Deyirlər hər işdə bir xeyir var, bu məsəlin doğruluğunu bu universitetə qəbul olduqdan sonra anladım. Deyərdim ki, həmin 4 il ərzində həyatımda müsbətə doğru dəyişikliklər oldu və bu ali məktəb sayəsində qızıl kimi insanlar qazandım. Bunun üçün şükür edirəm”. Xaricdə təhsil alan növbəti tələbəmiz Fərdi belə düşünür. O, hazırda Polşada, Lodz Universitetində “Beynəlxalq İqtisadiyyat” fakültəsində təhsil alır.
Arzular həmişə çox olur, məqsədlər isə limitlidir…
Arzu etdiyini məqsədə çevirmək hər zaman çətin olur. Sadəcə cəhd edəndə görürsən ki, həmin arzunu reallaşdırmaq olar. Əsas məqsədim Avropada yeni həyata addım atmaq, təhsili başa vurub, elə burada da işləməkdir. Xaricdə təhsil almağın digər tərəfi də odur ki, burada təhsil, insanlar üçün bir çox imkanlar təqdim edir, siz əcnəbi mədəniyyətlə tanış ola bilir, bir çox əcnəbi dost əldə edirsiniz. Xaricdə oxumağın başqa üstünlüyü də odur ki, 25 şengen ölkəsi sənə yaxın olur. Çox ucuz biletlərlə daha çox gəzə bilirsən.
Öz hesabıma qəbul olmuşam…
Lodz universiteti Polşanın nüfuzlu universitetləri siyahısındadır. 1945-ci ildə qurulan universitet 170 fərqli istiqamətlər üzrə təhsil verməkdədir. Universitetdə 12 fakültədə, 45-dən çox bölmədə, polşa və ingilis dilində təhsil verilir. Universitet doktorantura və magistr proqramları ilə birlikdə 100-dən çox dərs seçimi təqdim edir. Lodz unveristeti Polşanın tam mərkəzində yerləşir və paytaxt Varşavaya yalnız 125 km məsafədə yerləşir. Şəhərin özünə xas arxitekturası və tarixi turistlərin marağını çəkir. Lodz Universitetinin dünya daxilində 230 universitet ilə razılaşması var. Bundan əlavə 390 Avropa universiteti ilə Erasmus tələbə mübadiləsi proqramı çərçivəsində əməkdaşlıq edir. Universitetdən, 1952-ci ildən etibarən 15 mindən çox xarici tələbə məzun olmuşdur. Unveristet kampusu, şəhər mərkəzindən 15 dəqiqəlik məsafədədir, yaşıllıq bir sahənin içərisində yerləşir. Kampus içərisində idman və gimnastika salonları, üzgüçülük hovuzu, restoran və kafelər, banklar, mağazalar və tələbə yataqxanaları yerləşir. Lodz Universitetində bir mərkəzi kitabxana və hər fakültə binasında da ayrı-ayrı fakültə kitabxanaları var. Lodz Universitetinin hər bir tələbəsi, tələbə kartları və ya kitabxana kartları ilə ana kitabxananı və ya fakültə kitabxanalarını istifadə etmək hüququna malikdir. Onu da deyim ki, tələbə biletini aldıqdan sonra şəhərdə bir çox sahələrdə 50% endirim olur. Və ən əsası transporta, nəqliyyat vasitələrinə tələbələr yarı qiymət ödəməklə istədikləri yerə gedə bilirlər.
Səhər dərsə gedib, sonra evə qayıdanda ilk işin…
Burada azərbaycanlı tələbələr daha çox kompüter elmləri, iqtisadiyyat, idarəçilik, beynəlxalq əlaqələr, filologiya ixtisasları üzrə təhsil alırlar. İlk dərsim saat 8:00-da başladığından məcbursan ki, tez yatasan ki tez dur biləsən. Gülür… Bir tələbənin də ən yaralı yeri əlbəttə ki, səhər tezdən şirin yuxuya yox deməsidir. Deməli səhər dərsinə gedib, evinə qayıdan da ilk işin nə bişirəcəm – deyə düşünmək olur. Qaldığım tələbə yataqxanasında idman zalı olduğundan vaxtımı daha çox orada keçirdirəm. Digər özəl günlərdə isə universitetdə, kitabxanada, istərsə də əyləncədə gördüyüm əcnəbi millətlərə isə Azərbaycan haqqında məlumat verib, ölkəmizi bilməyənlərə tanıtdırmağa çalışıram.
Sözün açığı…
Polşada daha çox yerli vətəndaşlar üçün iş imkanları verilir. Ancaq ki, bəzi xarici şirkətlər olur ki, müntəzəm olaraq vakansiyalar elan edirlər. Hətta mənim yaxın dostum Lodz universitetini bitirib, hazırda xarici şirkətlərin birində mühasib işləyir. İşləmək üçün hər hansı bir sənədə ehtiyac yoxdur. Polşada 2 həftəlik işləyib aylıq xərcləri qarşılamaq belə mümkündür.
Sonda onu deyim ki…
Xaricdə təhsil qaydalarına başlamazdan qabaq təəssüratınızda müsbət nələr varsa, onlar gedəcəyiniz xarici ölkədə də müsbətə çevriləcək. Məqsəd bar verən meyvə ağacına bənzəyir. Sən onun əziyyətini çəkib vaxtlı-vaxtında qulluqunu etsən, ən sonda şirin meyvəsin dadacaqsan. Odur ki, heç bir zaman usanmadan, yorulmadan, qarşınızdakı məqsədə gedən yolda hər əziyyəti çəkib bu xoşbəxtliyə nail olun. ONU BİLİN Kİ, İSTƏDİKDƏN SONRA EDƏ BİLMƏYƏCİYİNİZ HEÇNƏ YOXDUR…
Mənbə: Xaricdetehsilnews