İsveçrənin ən kosmopolit şəhəri – Zürix - ŞƏXSİ TƏCRÜBƏ

İsveçrənin ən kosmopolit şəhəri – Zürix - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 3 Dekabr 2018 14:58 981
İsveçrənin ən kosmopolit şəhəri – Zürix - ŞƏXSİ TƏCRÜBƏ

Bir gün metroda SNCF`in (Fransada dəmiryolu şirkəti) “29 euroya İsveçrə” reklamını görüb təcili Paris-Zürich biletimi aldım. 60 euroya Zürichə getmək çox ucuz göründü gözümə. Amma təbii ki, bu İsveçrəyə gedib çıxana qədərki düşüncələrdir. Çünki İsveçrə deyildiyi qədər bahalı deyil, daha da bahalıdır. Yeri gəldi bir lahmacuna 10CHF (təqribən… erhhm 18AZN) ödədim, yeri gəldi 30CHF olan pizzalara baxıb oha dedim. Çox gəzdim, çox şey öyrəndim, yağışa düşdüm, İsveçrəlilərin təbiətinə valeh oldum .

Səyahətə Paris Gare de Lyon-dan başladım. Təqribən üç saat sonra peyzajın dəyişməsilə İsveçrəyə çatdığımızı anladım. Yol üstü Baselə göz vurub Zürichə çatdıq. Qatarla səyahətin ən gözəl cəhətlərindən biri birbaşa şəhər mərkəzinə çatmaqdır. Zürich HB vağzalında eurolarımı rəngbərəng İsveçrə frankına dəyişib turizm ofisindən ZürichCARD aldım, şəhər xəritəsini götürüb düşdüm şəhərin canına. Səyahət haqqında isə ilk hissəsini müşahidələr, ikinci hissəsini isə gəzintiyə ayırdığım bir yazı yazdım.

Zürich müşahidələrim

Money, money, money

İsveçrəlilər varlıdırlar, sirr deyil. Amma bu qədər varlı olduqlarını açığı mən də bilmirdim. Pul vahidləri frankdır. 1CHF təqribən 0,86 euro, yəni 1,75AZN edir. İki devalvasiya görmüş birinə bir sillə, bir qapazdır bu məzənnə. Mən 1CHF=1euro deyə düşünüb xərcləmələrimi ona görə elədim, daha doğrusu xərcləmə etməməyə çalışdım. Amma əskinazları rəngbərəng belə çox şirin şəkərdir, kazıklandığını sənə unutdurmağa çalışıblar, o qədər baha olmasa adam birini xatirə saxlamaq istəyir vallah. Qəpikləri isə ayrı aləmdir. 50 qəpikləri ½ Fr deyə qəribə bir sikkədir, onu xatirə saxladım.

Dil

Dörd rəsmi dili olan İsveçrənin Zürich kantonunda yalnız Alman dilində danışırlar, bir də ingilis. Amma hamı ingiliscə bilmir. (Migrosdakı qıza 15 dəqiqə ərzində 3 dildə toyuq salatı istədiyimi izah etdim, başa düşmədi, az qala yumurtlayacaqdım orda ki, başa düşsün). Dönərləri ilə dünyamızı şənləndirən türk qardaşlara da çox rast gələcəksiniz.

Dəqiqlik

İsveçrə dəqiqliyi dedikləri şeyin həqiqətən də mövcud olduğunu gördüm. Əvvəla hamının qolunda saat var, hər yerdə saat var. Saat muzeyi belə var. Dünyadakı ən yaxşı saatsaz olduqları üçün mü dəqiqdirlər, yoxsa dəqiq olduqları üçün mü saatsazdırlar? Yumurtadanmı toyuq çıxır, toyuqdanmı yumurta çıxır? Cavabını bilmədim, amma saniyəsinə qədər dəqiqdirlər. Bakıdakı nəqliyyatın çox intellektual idarəsini və Parisdə SNCF-in gecikmələrini görmüş biri olaraq tramvayların saniyəsi saniyəsinə dəqiqliklə gəldiyini görmək heyrətləndirici idi. Amma gəl gör ki, bu dəqiqlikləri bəzən çox bezdirici olur: axşam Migrosun bağlanmasından 10 dəqiqə əvvəl özümü marketə atıb alışveriş edirdim, xanım başımın üstündən çəkilmirdi ki, bağlayırıq.

Transport

Ən yaxşı nəqliyyat vasitəsi ayaqlardır. Zürich ümumilikdə İsveçrənin ən böyük şəhəri olsa da, görülməli yerlər şəhər mərkəzindədir. Mərkəzdən uzaq ancaq Uetliberg mütləq görülməlidir. Amma vaxt itirməmək və cazibəsinə qarşı durmamaq üçün şəhərin simvolu sayılan ağ-mavi tramvaylara minmək lazımdır hərdən.

Mən kontrolla rastlaşmadım, amma cərimələnib səyahətinizi burnunuzdan gətirmək istəmirsinizsə, risk etməyib ZürichCARD alın. 24 saatı 27CHF olan ( 72 saatlıq növü də var) bu kartı Zürich HB-da yerləşən turizm ofisindən əldə edə bilərsiniz. Kart şəhərin transport sistemindən pulsuz istifadə, muzeylərə pulsuz giriş və bir çox güzəşt imkanı verir. Gecə avtobusu və gəmi turu üçün əlavə 5CHF verib supplementary ticket almaq lazım olur. Məsləhətim odur ki, piyada gəziləcək yerləri bir gün üçün planlaşdırıb, Uetliberg və muzeyləri digər 24 saat ərzində görəsiniz (saatı yaxşı hesablayın )

Qidalanma

Zürichi tək kəlmə ilə ifadə etmək olar: baha. Normal bir restoranda pizzanın 30CHF (təqribən 52AZN!) olduğunu nəzərə alsaq, restoranlarda oturub aristokratcasına yemək yemədiyimi anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur. Mən bir addım daha irəli gedib Parisdən özümlə iki sendviç belə götürmüşdüm ki, birini yolda yeyərəm, digərini Zürichdə. Qaldığınız hosteldə/hoteldə özünüzlə sendviç hazırlamaq imkanınız varsa, sendviç götürün. Yoxdursa, Migrosa bir baş çəkin, ucuz restoran kimi filialları var, qiymətləri daha münasibdir. Mənim seçdiyim variant isə Kebab oldu ♥. Dünyanın hansı şəhərinə getsəniz orda bir kebab, içəridə isə bir türk qardaş görəcəksiniz. Mənə daha əvvəl “lahmacuna 18 AZN verəcəksən” desələr, “başın xarab olub” deyib gülərdim, ta ki Zürichə gələnə qədər. Ən ucuz yemək variantının 10 franklıq lahmacun/dönər olduğu bir şəhər düşünün. Buna görə də Zürichdə gedilə biləcək kafe/restoran tövsiyyəm yoxdur, üzrlü sayın.

Yeməyin bu qədər baha olduğu bu şəhərdə, çox şükür, su pulsuzdur və tam təmizdir. Bakıda marketlərdə astronomik qiymətlərə satılan Alp suyunu burda tam pulsuz içə bilərsiniz. Ona görə də İsveçrədə marketdən su almağı ağlınızdan belə keçirməyin, bir butulka götürüb doldurun, təmiz, saf Alp suyu ;)Həyatımda ən ləzzətli suyu Rieterparkda içdiyimi iddia edirəm.

Alışveriş

Etməyin. Eləməyin. Hər şey bahadır. Markalar desəniz, eyni markanın daha ucuzu Bakıda var. İsveçrənin simvolu olan saat almaq üçün isə böyrəyinizi satmalısınız. İsveçrə bıçağı və ya maqnit ala bilərsiniz (maqnit belə 10CHF idi, əl-insaf)

Küçələrə su səpmişəm

Planımı əvvəldən qurduğum üçün ZürichCARDı növbəti gün üçün saxlayıb ayaqlara qüvvət verirəm. Vağzaldan Bahnhofplatza çıxıram, ordan da Bahnhofstrasse ilə irəliləyirəm.

Zürichdə bu iki rəngi çox görəcəksiniz: ağ və mavi. Kantonun rəsmi rəngləridir və tramvaydan gölün rənginə qədər hər şey ağ və mavidir. Uraniastrasse və Bahnhofquai ilə irəliləyərək qarşı sahildəki binalara baxıram, ilk dəqiqələrin verdiyi o möhtəşəm vauuu hissi ilə gəzirəm hələ ki. Çayın o biri sahilinə keçib Niederdorfstrasseni kəşf edirəm. Bütün küçələri ayrı bir gözəl olan Zürichin strasse və gasse-lərində gəzib nəyahət Lindenhofa gəlib çıxıram. Lindenhof Zürichin gözəlliyini seyr edə biləcəyiniz ən mükəmməl məkandır. Sözlə ifadə olunmayacaq dərəcədə gözəldi.

St Peter Kirche ətrafındakı küçələrlə Münsterhof meydanına çıxıram. Zürichdəki ən məşhur kilsələrdən biri olan Fraumünsterin yanındakı bu meydanda Parisin simvolik skamyalarını görüb biraz təəccübləndim doğrusu, amma çox şirin bir hiss oldu. Qarşı sahildə Zürichin məşhur tikililərindən olan Helmhaus görünür.

Plan şəhər mərkəzindən bir az uzaq olan hostelə piyada getmək, bu vaxt ərzində isə Zürichin gözəlliyindən zövq almaqdır. Stadthausquai ilə irəliləyib tramvayların kəsişdiyi, gəmilərin gəlib-getdiyi Bürkliplatza gəlib çıxıram. Sonra Zürich gölünün sahilindəki yaşıllıqlara atıram özümü. Burda çox böyük iki dərs öyrənirəm: 1. hava proqnozu proqramlarına inanma; 2. yayda səyahət edirsənsə, mütləq çimərlik paltarı götür. Niyə deyə soruşsanız, hava proqnozuna görə yağışlı günlərin məni gözlədiyini düşündüyüm Zürichdə günəş parıldayır, şəhər əhli yaşıllıqda uzanıb özünü günə verir, gölə girib üzürlər. Belə çox kədərli bir hal alıb ayaqlarımı suya salmaqla kifayətləndim. Suyu bu qədər şəffaf olan Zürich See-də üzə bilməməyimin heyfini başqa bir gəzintidə çıxacağıma qət etdim. Yalan olmasın, 2 saata qədər sahildə oturmuş olaram. İnsanlar mutlu, insanlar gülüyor, insanlar yüzüyor. Hava qaralana yaxın tərpənmək vaxtıdır deyib hostelə tərəf yollandım.

Ucuz və sərfəli olsun deyə Zürich Youth Hosteldə bir çarpayı book eləmişəm. Hostel də dağ başında, inin cinin top oynadığı bir yerdədir. Normalda Parisdə olsam biraz narahat olacağım, Bakıda axşamın bu saatlarında yaxınından keçməyəcəyim tənha, yarıqaranlıq, it hürməz, karvan keçməz küçələrdir, amma bilirsən ki, İsveçrədir, ürəyin rahatlaşır. Səbəbini bilmədən insan özünü arxayın hiss edir. Cinayət hallarının nadir olduğu, insanların rifahının tavanlarda olduğu bu ölkədə ən tənha küçələr belə adama dostyana görünür.

Hosteldə iki gecə üçün 100CHF (bəli, bu qiymətə hostel) ödədiyim otağa çıxıb yerləşirəm. Hostelin yeri çox əntiqədir, çarpayım pəncərə yanındadır və pəncərədən meşələr, dağlar görünür. Quşların səsi gəlir, çox möcüzəli atmosfer var. Birinci günü tamamlayıram.

Növbəti gün səhər 6da oyanıb, səhər yeməyi yeyib düşürəm yollara. Bir az yağışlı, tər-təmiz havadır. Çox səyahət etmiş olmasam da, indiyə qədər etdiyim səyahətlərdən bir şey öyrənmişəm: hər şəhərin öz qoxusu var. Parisin qoxusu kofe və krep, Brüsselin qoxusu waffledırsa, Zürichin qoxusu yaşıl ağacların, yağış düşən torpağın, təbiətin qoxusudur. Yazanda belə sanki şəhərin qoxusunu hiss edirəm.

Günün ilk hədəfi Rieterpark-dır. Parkda bir mən, bir də itini gəzməyə çıxarmış xanım var. Tam sükut.

Günortaya qədər küçələri fırlanıb Grossmünster-ə gəlirəm. Katolik kilsələrindən fərqli olaraq içərisinin şişirdələcək qədər xüsusi bir gözəlliyi yoxdur, amma damına çıxıb şəhərə baxmaq mütləqdir 

Hər bir küçəsini xüsusi qayğı ilə gəzərək Opernhausa doğru irəliləyirəm.

Cəmi 10 dəqiqə sonra Bahnhofstrasseyə çatıb error verirəm. Muzeyin adresinə baxıram, küçəyə baxıram, yoxdu anam, muzey yoxdu. Kiçik bir errordan sonra saat butiklərinin alt mərtəbəsində gizlədilmiş bu muzeyə girirəm. Muzey də belə ingilislərin “posh” dediyi tərzdədir. Girişdə əlinizə bir iPad verirlər ki, eksponatlar haqqında məlumat əldə edin. İsveçrəlilərin saat takıntılarını burada daha yaxşı anlamaq olur. Hərnöv saat var. Mexanizmi görünməz olan saatlar isə ayrı bir möcüzədir. Muzeyə ZürichCARD vasitəsilə pulsuz girmək mümkündür.

ZürichCARDın bir digər nemətindən faydalanmaq üçün üz tuturam Bürkliplatza. 5CHF əlavə ödəyib gəmiyə bilet alıram və bir saat ərzində Zürich gölündə gəzirəm. O vaxt da Game of Thrones-a yenicə baxıb bitirmişdim, gəminin burnuna çıxıb özümü bir anlıq *SPOILER* Westerosa taxt-tac almağa gedən Daenerys kimi hiss etdim.

Gəmi səyahətindən sonra özümə bir yaxşılıq edim deyib başqa bir muzeyə yollanıram. Kunsthausda bir saata yaxın incəsənətin ən gözəl nümunələrinə ağzı açıq tamaşa edib yeni isveçrəli rəssamlar kəşf edirəm. Sonrasında isə yağışa düşüb balığa dönürəm. Çətirimin olmasına baxmayaraq daxili orqanlarıma qədər islanıb özümü bir türk restoranına atıram.

Növbəti gün üçün 3 istiqamət var: Uetliberg, Botanika Bağı və Nationalmuseum.

Uetlibergə S10 qatarı ilə gedilir. Təqribən 40-50 dəqiqəlik yoldan sonra dağa qalxmağa başlayıram. Sözlərlə ifadə edilməyəcək bu dağ səyahətinin sonu Uetlibergdəki mini Eyfelə çıxmaqla nəticələnir. Heidi yadınızdadır? Yaxud Milkanın mor ineği? Bax həmin o təbiət, o gözəllik, dağlar. Uzaqda Luzern, İnterlaken, dağlar, kiçik kəndlər… Nağıllar.

Vaxt gəlir İsveçrə təbiəti ilə sağollaşmağa. Gedirəm təbiətin daha mini forması olan Botanika Bağına. Uetlibergdə gördüklərimdən sonra sönük qalır təbii ki.

Son hədəf: Nationalmuseum. Zürich HB-ın yanında olması səbəbindən ən sona saxladığım bu muzey indiyə qədər gördüyüm ən interaktiv muzey ünvanına layiqdir. Adətən muzeylərdə “eksponatlara toxunmayın” yazısı ilə qarşılaşırıqsa, Zürichdə əksinə “eksponatlara toxunun” yazısı ilə qarşılaşdım. Məşhuuuur İsveçrə bankları haqqında kolleksiya, İsveçrənin tarixi, ideologiyası, şokoladları haqqında çooox geniş məlumatın olduğu bu muzeyi görmədən İsveçrə ziyarəti tamamlanmış sayılmır.

Vaxt gəlir geri dönməyə. TGV Lyria ilə nağıllar ölkəsinə əlvida yox, hələlik deyib ən qısa müddətdə yenidən görüşmək ümidi ilə yola düşürəm. Hələlik, Zürich!

OXŞAR XƏBƏRLƏR