Şəhər bələdçisi – Malta - ŞƏXSİ TƏCRÜBƏ

Şəhər bələdçisi – Malta - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 10 Dekabr 2018 14:11 951
Şəhər bələdçisi – Malta - ŞƏXSİ TƏCRÜBƏ

Həmişə ada həyatı mənə maraqlı olub. Bu ayın əvvəlində Maltaya gedə bilməyim üçün fürsət yarandı və mən də düşünmədən bu fürsətdən yararlanmağa qərar verdim. Üstəlik beynəlxalq bir proqram idi və bir neçə ölkədən qruplar olacaqdı deyə maraqlı bir “səkkiz günlük” olacaqdı. Öncə viza üçün müraciət etdik, təbii ki, İtaliya səfirliyinə.

Dəvətnaməmiz olduğu üçün viza barəsində problemimiz olmadı. Uçuşumuzu da həll edib, yollandıq Maltaya. Onsuz da böyük olmayan bu ada, kifayət qədər yüksəklikdə təyyarədən baxanda demək olar ki, tamamilə görünür. Hava limanına enər-enməz, dənizin qoxusu insanın burnuna vurur. Bizim ilk məntəqəmiz Qawra şəhəri idi və hava limanından birbaşa avtobus gedirdi. Dayanacaqları tam dəqiq vaxt ilə işləsə də avtobuslar elə də sıx qrafiklə işləmir. Eyni nömrəli avtobusların intervalı bəzən bir saatdan artıq olur, amma yaxşı bir tərəfi də var ki, demək olar bütün ada boyunca yaşayış yerlərində pulsuz wifi şəbəkəsi tapa bilərsiniz. Bu da başınızı qatmaq üçün gözəl üsuldur. Avtobuslar üçün gediş haqqı 2 avrodur. Amma biletlər vaxtla verilir. Yəni bir gediş üçün 2 Avro verib bilet aldınızsa, 2 saat ərzində neçə dəfə avtobus dəyişsəniz də, ilk aldığınız bileti göstərməyiniz kifayətdir. Mən özüm bir biletdən 3 fərqli avtobusda yararlana bildim.

Onu da qeyd edim ki, bura ayaq basan andan Maltanın uzun zaman Britaniyanın müstəmləkəsi olmasını hiss etməmək mümkün deyil, iki rəsmi dilindən biri İngilis dili olan bu balaca ölkənin əhalisinin 90 faizi ingiliscə sərbəst danışır, elektrik “razetkaları” Britaniyadakı kimi üç dişlidir, hərəkət istiqaməti yolun sol tərəfindəndir, əgər yolunuz buraya düşsə və niyyətiniz kirayə avtomobil götürüb, gəzmək olacaqsa bunu nəzərə alın.
Əhalisi az olduğundan və eləcə də kiçik ərazi olduğu üçün, o qədər də mürəkkəb bir ölkə xəritəsi yoxdur. Ona görə də mobil app-larla istədiyiniz yeri rahatlıqla tapıb, gedə bilərsiniz. Hava limanından otelə qədər 40 dəqiqəlik bir yolumuz var idi. Otelə yerləşəndən sonra axşam saatları olsa da, çıxıb “yüngülvari kəşfiyyat” eləmək istədik.

Əgər bir gün bu adaya getsəniz, unutmayın ki, dükanlar axşam saat 22:00-da bağlanır və Avropadır deyə burda belə şey olmaz demədən maqazinlərdən alacağınız bir çox şeyi sövdələşib, qiymətini endirə bilərsiniz. Qiymətlərə gəlincə, bahalıdır təbii ki, amma içki və ayaqüstü fast-food xaric. Yerli çaxırlar və pivələr 2-5 Avro arasında dəyişir, dadlıdır, sınayın mütləq. Amma tütün və digər gündəlik tələbat malları bahadır. Gedəsi olsanız, xüsusilə siqaret çəkənlər, mütləq özünüzlə bərabər ehtiyacınız qədər siqaret götürün.

Şəhər restoranlarında da qiymət bahadır, əsasən dəniz yeməkləri daha çox təklif olunur, öz milli yeməkləri bir az İtaliya mətbəxinə bənzəyir. Mən dəniz yeməklərini elə də çox sevmədiyim üçün başqa yeməklərə üstünlük verirdim, doğrusunu desəm öz yeməklərimiz üçün darıxdım. Amma Maltada sevdiyim şeylərdən biri də o oldu ki, dəniz kənarlarında, çimərliklərdə şişirdilmiş qiymət yoxdur. Yəni bizdən fərqli olaraq, adanın hər yerində qiymət baha da olsa, demək olar ki, eynidir. Qawra kiçik şəhərdir, hündür binaları yoxdur. Kiçik olsa da, gözəl və “lakonik” şəhərdir, o mənada ki, bir şəhər üçün ehtiyacınız olan hər şey var burada, yəni bu şəhərdə bezmək çətindir. Təmiz çimərlikləri, sakit insanları, dünyanın hər tərəfindən gələn əcnəbiləri ilə maraqlı bir şəhərdir.

İkinci səyahətimizi Maltanın paytaxtı, qədim Valletta şəhərinə etdik. Özünəməxsus arxitekturası, sarı daşlarla tikilmiş baxımlı binaları, hər küçəsindən tarix qoxan bu şəhərə ayaq basdığınız andan aşiq olacaqsınız. Şəhər başdan ayağa öz tarixini və kimliyini qoruyur-addımbaşı tarixi şəxsiyyətlərin heykəlləri, muzeylər, abidələr və sıx-sıx kilsələrlə qarşılaşdıq. Sahil boyunca uzanan Valletta digər şəhər olan Qawraya nəzərən daha böyükdür və bir az da paytaxt abu-havası səbəbi ilə istər-istəməz moderndir və daha çox gəzməli-görməli yerləri var. Barraka Gardens tarixi parkı Valletta şəhərinin ən yüksək qismində yerləşir, bir zamanlar şövalyelərin təlim mərkəzi kimi inşa olunan bu tikilinin altında toplar adanı müdafiyə etmək və önəmli qonaqları qarşılayarkən istifadə olunub və bu gun də önəmli günlər zamanı toplardan atəş açılır. Təsadüfdən biz orda olan zaman 7 iyun tarixi Malta üçün 1919-cu il dirçəliş günü idi və topdan atəş açılmasının canlı şahidi olduq. Ümumiyyətlə bu gözəl şəhər üçün bir neçə saat kifayət etmir, ən azı bir gün ayırmamaq insafsızlıq olar. Həm alış-veriş üçün, həm tarixə səyahət üçün Valletta gözəl seçimdir.
Malta özü bir neçə xırda və böyük adalardan ibarətdir. Bu adaların hər birinə getməyə zamanınız olmasa da Gozo`ya mütləq baş çəkin. Adalar arasında körpüyə rast gəlmədim. Adadan adaya avtomobillər və insanlar ferry-gəmi bərə vasitəsilə keçid edirlər. Ferry`lər komfortludur, içində bir neçə restoran və yolboyu başınızı qatacaq yerlər və vasitələr var. Gəmi ilə yol boyu Aralıq dənizinin gözəlliyini, adaları seyr edə bilərsiniz və onsuz da çox qısa olan bu dəniz yolçuluğu sizi qətiyyən yormaz.

Nəhayət Gozo`ya çatdıq. Səyahət etmədən öncə Gozo haqqında minimal təsəvvürə malik idim. Amma canlı görəndən sonra hiss etdim ki, Gozo yazılanlardan daha gözəldir. Həm şəhər olaraq, həm də təbiət olaraq. Maltada ümumiyyətlə dağ və çay yoxdur, təpələr və dayaz vadilərə rast gələ bilərsiniz ki, bu təpələr də ən çox Gozo adasındadır. Gördüyüm ən gözəl çimərliklər və qumsallara Gozo`da rastladım. Yolunuz Maltaya düşərsə Gozo`ya getmədən ölkəni tərk etməyin. Gozo şəhəri paytaxt Vallettaya nisbətən bir az daha tarixə kökənlidir. Şəhər mərkəzində və mərkəzə yaxın yerlərdə yeni binalara nadir hallarda rastlana bilərsiniz, dar küçələri, daş döşəmələri ilə mənə bir az İçəri Şəhəri xatırlatdı. Gozo şəhərində bir neçə kilsə var. Amma “The Catedral of the Assumption of the Blessed Virgin Mary” adlanan kilsənin gözəlliyi və böyüklüyü ən azı bu uzunluqda adı yadda saxlayacaq qədər unudulmazdır. XVII əsrdə inşa olunan bu Roma Katolik kilsəsi yüksək bir təpədə yerləşir. Kilsədən baxanda bütün kənar qəsəbələr, adalar sahillər görünür. Kilsənin ərazisi çox böyükdür və tikili olaraq da böyük bir qəsri xatırladır. Kilsə ərazisində addımladıqca sanki addım-addım tarixin, illərin, əsrlərin içinə yaxınlaşırsan.

Ümumilikdə Malta səyahəti yaddaqalan və gözəl keçdi. Mənim fikrimcə iki cür gəzəyən var. Birinci növ ancaq şəhər, muzey, mədəniyyət və tarix sevir. İkinci növ gəzəyənlər isə təbiət, iqlim, fauna və flora sevir. Malta isə bu iki növ gəzəyənin hər birini sevir 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR