Özbəkistan – Səmərqənd - ŞƏXSİ TƏCRÜBƏ

Özbəkistan – Səmərqənd - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 12 Dekabr 2018 11:52 1415
Özbəkistan – Səmərqənd - ŞƏXSİ TƏCRÜBƏ

Salam

Çoxdandır istəyirəm paylaşım nəsə, amma tənbəllik edirəm. Amma Özbəkistan səfərindən elə xoş abu-hava ilə qayıdacağam ki, paylaşmasam ürəyim partlayar

1) Elə də çox hava yolu şirkəti uçmur bura. Mənim səyahət günlərimə yalnız THY uyğun idi. Sağ əllə sol qulağı qaşıyan kimi, Xəzərin bu tərəfinə İstanbuldan gəlmişəm. Çox yorucudur, eyni səhvi eləməyin. Bakıdan həftədə bir dəfə birbaşa reys var.

2) 5 ulduzlu hoteldə belə internet normal işləmir, restoranlarda da internet çox vaxt olmur. İzolyasiya olunmağa hazır olun.

3) Mənim əsas səfərim Taşkentə idi. Amma burada o qədər də görməli bir şey yoxdur. Hamı deyirdi ki, görmək üçün mütləq Səmərqənd, Buxara və Nukusa getmək lazımdır. Mən iş üçün səfərdəyəm və artıq qalmağım mümkün deyil deyə böyük mübarizə nəticəsində digər kolleqalarımı təşkilatdaxili iclasımızı Səmərqənddə eləməyə razı saldım. Yaxşı ki, razı salmışam. Əfsanədir!


Deməli, səhər Taşkentdən Səmərqəndə təyyarə ilə getdik. Bilet 10 avrodur təxminən. Uçuş müddəti isə 45 dəqiqə. Axşam qayıdanda isə qatarla 4 saata qayıtdıq. Bilet 5 avrodur təxminən. Amma bir də Özbəkistanın Afrosiyab adlı sürət qatarı var, daha yaxşıdır. Lakin bilet tapmaq mümkün deyil. Gedəsi olsanız azı bir həftə əvvəldən alın. Həm Özbəkistan hava yolları, həm də dəmiryolları çox peşəkar təşkil olunub. Çox rahatdır. Küçələri təmiz olduğu kimi, airport, vağzal, qatar, hər yer tərtəmiz idi.
3) Səmərqənddə hər şey 14-15-ci əsrdə tikilib. Bildiyiniz kimi, Əmir Teymur dünyada nə qədər yaxşı memar, elm adamı, aşbaz var imişsə yığıb gətirirmiş Səmərqəndə. Bu gələn ağıllı başlar da nələr nələr tikib düzəldiblər. Xüsusilə Əmir Teymurun mavzoleyinə və Registan adlanan,şəhərin mərkəzindəki qədim əraziyə, Bibi Xanım Məscidinə, Şaxizinda kompleksinə, Registanda Əmir Teymurun nəvəsi Ulug bəyin tikdirdiyi məhşur mədrəsəyə getməyi tövsiyyə edərdim.

4) Mən yemək mövzusunda çox seçiciyəm. Çox vaxt harasa gedəndə ya bir italyan kafesində tapıram özümü, ya da ac qalıram. Bura Albaniyadan sonra yeməkləri ən dadlı olan ölkə oldu. Özbək plovuna söz yox.  Taşkentdə Plov Mərkəzinə və ya Navat restoranına getmək olar. Amma plovu yalnız günorta bişirirlər.

5) insanlar öz dillərindən çox rusca danışırlar. İngilis dili ilə navigate eləmək çətindir. Lakin, o qədər qonaqpərvərdilər ki, anlatamam Səmərqəndə səhər 7də çatmışdıq, özbək həmkarımız bizi valideynlərinin evinə dəvət etdi

Əvvəldən planlamamışdıq deyə şəxsən getməmək üçün çox təkid elədim. Amma sağ olsun həmkarım, 9 nəfər hərəsi bir ölkədən olan adamı səhər açılmamış sürüyə-sürüyə apardı. İclası onların evində eləyəsi olduq. 4-5 saatlıq müzakirəmiz ərzində dayanmadan isti çay və kofe gətirirdilər, bəlkə 100 litr içmişik. O qədər soyuq idi ki hava! hələ bu qədər əziyyət çəkdikləri azmış kimi, günorta bizi plova da qonaq edib, elə yola saldılar.

6) Həm Taşkentdə, həm də Səmərqənddə ictimai nəqliyyat yaxşıdır. Amma taksi də çox ucuzdur. Maksimum 1-1.5 avro.

7) Yerli pul Som’dur. 1 avro təxminən 9000 som edir. Hər yerdə mübadilə kursu eynidir. Dövlət tərəfindən tənzimlənir. Amma çalışın səfərin sonunda sizdə som qalmasın. Geri çevirmək olmur.

8 ) Bizim qiymətlərlə müqayisədə bura ucuzdur. Əsas məsələ.  bir də at ətindən hazırlanan dadlı kolbasaları var, yoxlayın 

9) Mən bazara getməyi də məsləhət görərdim. Amma nəsə alanda qiymətlə oynayın. Aldatmasınlar  20 mindən 10 minə düşmüşdü bir nəfər məsələn 

Ümid edirəm, oxuyanda yorulmadınız. Hələlik
#lamiisinUzbekistan

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR