Niyə İtaliya, Milan? - Ülkər Zeynallı

Niyə İtaliya, Milan? - Ülkər Zeynallı
Təhsil və karyera 12 Dekabr 2018 17:03 705
Niyə İtaliya, Milan? - Ülkər Zeynallı

Özünüz haqda danışın. Haradan, niyə və nə vaxt Milana köçdünüz?

Ülkər Zeynallı, 22 yaşlı tələbə. 2017-ci ildə Politecnico di Milanoya qəbul olmuşam və Milana köçmüşəm. Bakıda Rəssamlıq Akademiyasını əlaçılıqla bitirmişəm

Milanda nə ilə məşğul olursan?

Politecnico di Milanoda Kommunikasiya Dizaynı oxuyuram. Öz sahəmə aid müxtəlif konferanslarda və masterklasslarda iştirak edirəm.

Köçdükdən sonra ilk təəssüratlar necə oldu?

Şəhəri tanıyırdım, çünki daha əvvəl də burada olmuşdum. Ancaq ilk iki həftə ərzində qarşımda mənim heç ağlımdan da keçməyən tamamilə yeni bir Milan açıldı! Artıq bir ildən çoxdur ki, burdayam,ancaq hələ də maraqlı yerlər, yeni küçələr tapıram.

Milan bütün dünyada məşhurdur - o kiçikdir, amma rahatdır, bununla yanaşı olduqca maraqlı və incə Qərbi İtaliya ənənələrinə malikdir! O eksklüzivdir, Milanı yaxından tanımaq üçün soruşmaq, yerliləri izləmək, dostlar tapmaq lazımdır! Bu halda internet sizə çox kömək olacaq.

Ölkə/şəhər gözlədiklərinizi qarşıladımı? Qəribə səslənsə də, xüsusi bir şey gözləmirdim. Bir faktı qeyd etmək istərdim ki, Milanı və bütün qərbi İtaliyanı digər bölgələrlə müqayisə etməyə dəyməz. İtaliya - kontrastlar ölkəsidir, burada həm müasir və ciddi qərb, isti cənub, ləhcələrə görə bir-birini başa düşməyən insanlar və müxtəlif memarlıq var! Ancaq bütün parametrlərinə görə Milan məni özünə qalan bütün İtaliyadan daha çox çəkirdi.

Niyə İtaliya, Milan?

Mən daha çox universiteti seçmişəm, nəyinki şəhər və ya ölkəni, ancaq Milan ideal və çox gözəl bir tamamlayıcı oldu. Mən qəti qərar verdim ki, öz sahəmi təməldən öyrənmək istəyirəm və ona görə də dünya reytinqini açanda dizayn sahəsində top 20-də olan 4 universitetləri seçdim. Onların hamısı məni seçəndə, mən təəccübləndim! Ona görə də seçməli oldum, polimi ən yüksək reytinqli olduğuna görə seçimim də aydın idi.

İtaliyadan nəyi gözləmək lazım deyil ki, məyus olmayasan?

Hamının sizi anlamağını. Məni səhf başa düşməyin, italyanlar çox gülərüz və mehriban xalqdırlar, ancaq ingiliscələri çox da yaxşı deyil. Milan ölkənin iqtisadi mərkəzi olduğuna görə burada hamı hər zaman tələsir və hərdən onlar çox istəsələr belə sizin nə istədiyinizi anlamağa vaxtları olmur.

Milanı yaxından tanımaq üçün nə qədər vaxt lazımdır?

Ən maraqlıları görmək üçün 3-4 gün bəs edir. Tez-tez tanışlarımdan eşidirəm ki, Milan sıxıcıdır və bir gündən artıq qalmağa dəyməz. Bəli, əgər siz Duomo kompleksindən başlasanız, Vittorio Emanuele II qalereyasına keçsəniz, ordan La Skala, bahalı butiklər küçəsi Montenapaleone çox yaxındır. Çoxları daha da irəliyə getməyi lazımsız görür. Bütün bunlara 3 saat da bəs edər.

Milanı tanımaq üçün onun ayrı hissələrini öyrənmək lazımdır. Hər biri öz individuallığı ilə seçilir. Tarixi mərkəz - yuxarıda sayılanların hamısı + daha da artığıdır! Milanda daha çox gəzmək lazımdır. Hər zaman kiçik, gözəl kilsələrlə, gözəl evləri olan küçələrlə qarşılaşırsan.

İlin hansı vaxtı getmək daha yaxşı olar?

Əlbəttə ki, bütün şəhərin çiçəkləyən maqnoliyalara büründüyü yaz! Onlar yağışlı sezonun bitdiyini bildirən xəbərçilərdir ki, bu olduqca sevindirir, çünki burada yağışlar oktyabrda başlayır və bəzən həftələrlə yağır. Həm də piyada gəzmək üçün əla hava olur.

Harada yemək, harada qalmaq, nələr baxmaq və hansı nəqliyyat vasitəsilə hərəkət etmək lazımdır?

Şəhərin atmosferli yerlərində qalmağa çalışın. Öncədən Airbnb-də baxmağı tövsiyə edirəm, onlar həm qiymət, həm də yerləşmə baxımından daha sərfəlidirlər. Navilyi, San Babila, Porta Vittoria, Missori, Sempione kimi yerlərdə axtarmağı məsləhət görürəm. Əgər tək səyahət edir və hostelləri sevirsinizsə, Ostello Belloda özünüzə yer ayırmağaçalışın. Bu hostellər setidir, onlar sizi özünkü kimi qarşılayar və hər şeylərini paylaşarlar. Sakinlər və tələbələr buraya ətirli qəhvə və şirniyyatlar üçün gəlirlər.

Burada yemək işləri ciddidir. Səhər ən yaxın bara qaçıb, sevdiyiniz qəhvəylə brioşunuzu almalısınız (burada kruasanı belə adlandırırlar), bunlar 3 evrodan çox tutmayacaq, yeyin və şəhəri gəzməyə çıxın! Görünüş olaraq bar nə qədər gözəl deyilsə, qəhvələri bir o qədər dadlıdır, gözəl fasadlara aldanmayın. Burada səhər yeməyi və nahar arası heçnə yemirlər, ancaq nahar müqəddəsdir. Nahar üçün kanal Navilyi və ya Port Venesiyaya getməyi və ilk gördüyünüz açıq trattoriada oturmağı məsləhət görürəm, orada həmişə hərşey ləzzətlidir.

Tezbazar yeməyi sevənlər mütləq Luinidəki panserottonu dadmalıdırlar. Mən klassik pomidor və mozarella ilə olanı sevirəm, ancaq burda fikirlər ayrılır. Həmçinin, Princi də mənim sevdiklərimdəndir. Burada bütün il yeyilən dondurmanın da mütləq dadına baxın və heç kimə də sirr deyil ki, italyan dondurması dünyada ən yaxşısıdır. Onlar üçün düz La Gelateria della Musicaya getmək lazımdır. BuradaMacha cafe, Hygge Milano, Pascucci, Erba Brusca kimi xoşagələn məkanlar var.

6-dan sonra Milanda ən çox sevdiyim şey başlayır. Aperitivo və ya Happy Hour və bu heç də sizin düşündüyünüz şey deyil. Aperitivo üçün hot-spots Arco della pace, Colonne, Navigli və Porta Venezia hesab olunur. Bu bizim adət etdiyimiz müxtəlif cür yemək+içmək olan açıq bufetdir. Bilin ki, yaxşı məkanların önündə havadan asılı olmayaraq, hər zaman növbə olur. Bəzən sizin masanızı düz avtobus dayanacağının yanına da qoya bilərlər, bu tamamilə normaldır. Saat 11-ə kimi yeməyə çalışın, çünki sonra həftənin günündən asılı olmayaraq hər yer bağlanır.

Yemək haqda bəs edər, hələ çox şey görmək lazımdır. İlk məntəqə - Duomo Kompleksidir. Çoxları unudur ki, onun bilet qiymətinə 2 muzey daha daxildir. Tarixi haqda danışılan Duomo Muzeyi və Muzey Novoçento (9 sent), panoram pəncərələri mərmər Duomoya baxan müasir incəsənət muzeyi. Piazza

Panacoteca Brera, Fondazione Prada, Mudec hər zaman getdiyim sevdiyim muzeylərdir.

Çoxları Santa Mariya Della Qrazie kilsəsini tanımırlar, Da Vinçinin "Son axşam" freskası məhz orada yerləşir. Biletləri minimum bir həftə əvvəldən onlayn almaq daha yaxşı olar.

Milanda nəqliyyat olduqca inkişaf edib. Harada olsanız da A nöqtəsindən B nöqtəsinə ictimai nəqliyyatla rahat gedə bilərsiniz və taksi sizə lazım olmayacaq. Mən ən çox tramvayları sevirəm, çünki küçələri görmək olur. Sürətli nəqliyyat - dörd xəttli metrodur. Bundan başqa Milanda qatarlar da işləyir, lakin 3-4 gün üçün onlar sizə lazım olmayacaq.

Milan üzrə üç layfhak?

Google Maps yükləyin. O hər zaman sizə ən yaxşı marşrutu göstərəcək. Mərkəzdəki restoranlarda oturmayın, onlar turistlərlə doludur, dadsız və bahalıdır. Rahat ayaqqabı geyinin. Çox gəzməli olacaqsınız, düz sandallarda və ya hündür dabanlarda isə heç rahat olmaz.

Milana ilk dəfə gələnlər üçün ideal marşrutu bizimlə paylaş

Korduziodan 7 dəqiqəlik gəzmə məsafəsində L.O.V.E adlı heykəl və İtalyan fond birjasının qarşısında orta barmaq heykəlini tapmaq olar.

Deyə bilmərəm ki, belə bir şey var. Hər insanın öz Milanı var, hər şey insandan və onun maraqlarından asılıdır.

Mütləq gedilməli olan 3 sevdiyin məkan?

 BASE-ə hər zaman maraqlı sərgilər gəlir, bütün dünyadan incəsənət xadimləri master-klasslar keçirirlər. Əgər bəxtiniz gətirsə, sevdiyiniz fotoqrafı əlində qəhvəylə də görə bilərsiniz. La Hora Feliz aperitivo üçün sevdiyim məkandır. Hər zaman çoxlu yemək, vegeterianlar üçün geniş seçim və yaxşı kokteyllər var! Pascucci italyan kafesində dadlı qəhvə, yanında fıstıq içlikli brioş götürün.

Nəyi mütləq yoxlamaq lazımdır: yemək, yerlilər üçün əyləncə?

Duomo meydanını çıxsaq, Milan Roma və Florensiya kimi məşhur deyil. Milanda dadlı yemək, gözəl küçələr, yüksək dəb, əla insanlar var və hamısı tez yatmağı sevirlər. Bir çox əyləncələr birbaşa yemək və ya qəhvə ilə bağlıdır.

İtaliyada qəhvə ayrı bir mədəniyyətdir. Sentyabrds burada İtaliyada ilk Starbucks açıldı. İtalyanlar onu sevmir, ancaq buradakı Starbucks da adət etdiyimizdən fərqlidir. Burada sizfrappucino tapa bilməzsiniz, bütün menyu italyan adət-ənənələrinə uyğun hazırlanıb ki, yerlilər narazılıq etməsinlər.

Sizin ən çox sevdiyiniz italyan yeməyi hansıdır?

Gnocchi! Ev üsulu pomidor sousu və parmezanla. Bu ilk qabdan sevgidir.

İtalyanlar sizə nə öyrətdi? Gecikməyi, qəhvəyə dəyər verməyi və pastanı çox bişirməməyi! Dünyaya və yeni mədəniyyətlərə açıq olmağı.

İtaliyadan evə nə gətirmək lazımdır?

Bakıda tapılmayan bir şey ağlıma gəlmir. Qəhvə sevənlərə Bialettidən özlərinə moka (geyser qəhvə maşını) almağı tövsiyə edərdim. Mənim üçün səyahətlərdə önəmli olan emosiyalardır, çox vaxt şəkil çəkməyi də unuduram. Əsas odur ki, yaddaşım hər zaman mənimlədir.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR