“Universitetimizdə dərsarası yatmaq üçün xüsusi otaqlar var” – MÜSAHİBƏ

“Universitetimizdə dərsarası yatmaq üçün xüsusi otaqlar var” – MÜSAHİBƏ
Təhsil və karyera 4 Yanvar 2019 11:03 531
“Universitetimizdə dərsarası yatmaq üçün xüsusi otaqlar var” – MÜSAHİBƏ

Seyyah.az  xaricdə təhsil alanların təcrübələrini gənclərlə bölüşməyə davam edir.

“Qərb müəllimləri tələbələrlə dil tapmağı bacarır və onlar  üzərində səlahiyyətləri varmış kimi davranmırlar. Amma Şərq müəllimləri isə özlərini tələbələrdən üstün görürlər”

Bunu Seyyah.az-a  Macarıstanda oxuyan gənc  soydaşımız  Qasım Qasımov yazır...

Öncə Qasım haqqında:

Qasım Qasımovun 19 yaşı var. O, orta təhsilini Bakı şəhəri  Kürdəxanı qəsəbəsi  113 saylı məktəbdə alıb.  Daha sonra  636 bal toplayaraq o vaxtkı Qafqaz Universitetinin ( indiki Bakı Mühəndislik Universitetinin)  Mühasibat uçotu və audit (ingiliscə) ixtisasına  daxil olub.

1 il ingilis dilindən Foundation  proqramı  keçib. 2017-ci ildə IELTS imtahanı verərək, 7.5 bal toplayıb. 2018-ci ildə isə Macarıstanda təhsil proqramına müraciət edib və Korvinus Universitetinə  qəbul olub.

Qərib ölkədə oxumaq üçün səbəblər...

  1. Qasımov da bu səbəblərdən danışır:

 - Qafqaz Universiteti sonradan  Bakı Mühəndislik Universitetinə çevrildi. Bu da mənim seçimim deyildi. Ona görə də, xaricdə təhsil almağın yollarını araşdırdım və Macarıstanda  oxumağa qərar verdim.   Macarıstanda oxumağımın səbəbi isə  təqaüdlü təhsil təklif etməsi və ölkənin digərlərinə nisbətən ucuz olması idi. Onu da qeyd edim ki, istənilən halda, Macarıstan ali təhsil müəssisələri   Azərbaycan universitetlərindən daha yaxşıdır.  

 Macarıstanda təhsilin üstünlükləri barədə...

“Azərbaycan ali təhsil müəssisələrində  sadəcə məlumat  öyrədilir və tələbələr informasiyanın nə işə yaradığını bilmirlər”.

Müsahibimiz qeyd edir ki, Macarıstanda inkişaf etmiş ölkə olduğu üçün təhsildəki  fərqi aydın görmək olur:

-Macarıstan universitetlərindəki  kitabxanalar ən böyük üstünlüklərdəndir. Tələbələrin dərs oxumağı üçün rahat divanlar, hətta dərsarası yatmaq üçün xüsusi otaqlar da var.

Müasir kitabxanalar artıq kitablardan daha çox kompüterlərlə təmin olunur.   Kitabxanalarda əsas özəllik çox rahat olmaqları və oxumaq üçün hər şəraitin yaradılmasıdır. Burada  təhsil almağın üstünlüklərindən biri də tələbələrin  daha çox təcrübəyə köklənməsi, yeni dillər öyrənmək üçün universitetlərin pulsuz dil kursları təklif etməsidir. Macarıstanın  daha çox inkişaf etmiş ölkələrə çıxışın  asan və ən əsası təhsilin bizə nisbətən keyfiyyətli olması burada oxumağın üstünlükləri sırasındadır.

 Keçmiş Qafqaz Universitetində  təhsil yaxşı idi, lakin Bakı Mühəndislik Universiteti artıq  Qafqaz deyil, bu səbəbdən xeyli dəyişikliklər var. Azərbaycan ali təhsil müəssisələrində  sadəcə məlumat  öyrədilir və tələbələr informasiyanın nə işə yaradığını bilmirlər. Burada isə informasiyanı öyrənməklə yanaşı, onun tətbiqi də tədris olunur.  

 Qərb müəllimləri tələbələrlə dil tapmağı bacarır və tələbələr üzərində səlahiyyətləri varmış kimi davranmırlar amma şərq müəllimləri isə   özlərini tələbələrdən üstün görürlər. Təbii ki, bu yazılanlar bütün müəllimlərə şamil edilmir. Qafqaz Universitetində gördüyüm bəzi müəllimlər Macarıstan səviyyəsindən də yüksəkdədirlər.

Qəbul üçün lazım olan sənədlər...

-Macarıstan ali təhsil müəssisələrinə qəbul  zamanı attestat, rəsmi ingilis dili sertifikatı, motivasiya məktubu, tibbi arayış (HİV və AİDS), şəxsiyyət vəsiqəsinin və pasportun scan versiyası və bu kimi digər sənədlər tələb edilir.

Tələbələrə güzəştlər... 

 -Macarıstanda tələbələrə xüsusilə nəqliyyatda güzəştlər edilir. Burada normalda 1 aylıq gediş haqqı 55 AZN təşkil edirsə, tələbələr üçün bu məbləğ sadəcə 21 AZN-dir. Daha sonra  bir çox  restoranlarda və müəssisələrdə də tələbələr üçün güzəştlər var.

Mənbə: AzEdu

OXŞAR XƏBƏRLƏR