Alman təhsilinin möcüzələri, saata ən azı 10 dollar qazanan tələbələr – MÜSAHİBƏ

Alman təhsilinin möcüzələri, saata ən azı 10 dollar qazanan tələbələr – MÜSAHİBƏ
Təhsil və karyera 7 Yanvar 2019 15:30 811
Alman təhsilinin möcüzələri, saata ən azı 10 dollar qazanan tələbələr – MÜSAHİBƏ

Xarici ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Son zamanlar azərbaycanlı gənclərin də xaricdə təhsil almağa marağı artıb.

Seyyah.az Almaniyada təhsil almaq, eləcə də oranın təhsil və tədris özəlliklərini bilmək istəyənlər üçün müsahibəni təqdim edir: 

-Elvin, öncə səni yaxından tanıyaq: Orta təhsilini harada almısan? 

-1989-cu ildə Tərtər rayonunda anadan olmuşam. 2005-ci il Bakı şəhəri Suraxanı rayonu 281 saylı orta məktəbi bitirmişəm. Daha sonra Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşam. Yəni, sizin həmkar sayıla bilərəm. Amma jurnalistika sahəsində demək olar ki, işləməmişəm. İşlədiyim sahə əsasən İT olub və son illərdə başa düşdüm ki, bu sahəni təkmilləşdirmək lazımdır. Məhz  ona görə də gələcək haqda düşünmək üçün xaricdə oxumağa qərar verdim.

İndi hazırda İnformation Engineering – İT mühəndisliyi - ixtisası üzrə oxuyuram. Texniki sahədə ilkin təhsilim olmadığına görə bakalavr pilləsində təhsil alıram.

-Niyə məhz Almaniyada təhsil almaq qərarına gəldin? Oranın hansı özəllikləri diqqətini çəkdi?

-İlk növbədə Almaniyada təhsilin az qala, ödənişsiz olması diqqətimi çəkdi. Burada yalnız semestr pulu ödənilir ki, o da universitetdən asılı olaraq, təxminən, 200-400 avro arasında dəyişir.

Almaniyada təhsil almağın üstünlüklərindən biri təhsilin çox keyfiyyətli və diplomun bütün dünyada tanınmasıdır. Burada təhsil almağımın səbəblərindən biri də Almaniyanın dünyada ən güclü ölkələrdən biri olmasıdır. Məhz ona görə də tələbələrin təhsilini başa vurduqdan sonra ölkədə qalıb, ixtisas üzrə iş tapmaq imkanları çox olur.

 -Oxuduğun universitetə necə daxil oldun? Fakültənin sənə nələr qazandıracağına  ümid  edirsən?

-Hər bir universitetin  tələbəni qəbul etmək üçün müəyyən  tələblər siyahısı var. Tələbələr əgər həmin tələblərə cavab verirsə, qəbul olmaq şansları artır. Mənə qaldıqda, IELTS imtahanı verdim, həmçinin, əvvəlki iş təcrübəm, eləcə də sertifikatlarım da imkan yaratdı ki, bu universitetə daxil olum.

Oxuduğum fakültənin  ən azından, başqa dildə rəqabətə davamlı təhsil verəcəyinə inanıram.

-Yaşadığın şəhər, oxuduğun  universitet haqqında əlavə nə deyə bilərsən?

- Hamburq  çox gözəl şəhərdir.  Həm arxitekturası, həm də çox hissəsinin ağaclarla əhatə olunması adamı valeh edir. Universitet isə çox qədim olmasa da, böyükdür. Buradakı təhsil personalı kifayət qədər çalışır ki, tələbəyə keyfiyyətli təhsil versin.

-Azərbaycan universitetləri ilə  oxuduğun ali təhsil müəssisəsinin tələbə həyatı arasında hansı fərqlər var?

-Azərbaycanda təhsilimi 10 il əvvəl bitirmişəm və orada oxuyarkən öz evimdə qalaraq təhsil alırdım. Amma hazırda hər şey tam fərqlidir; yaşayış yerindən başlayaraq, təhsil, dilinə kimi...

-Təhsilin ən inkişaf etmiş ölkələrdə belə gənclər xaricdə oxumaq istəyirlər. Onların çoxu sonradan oxuduğu ölkələrdə qalıb, öz vətənlərinə gəlmək istəmirlər, bunu nə ilə əlaqələndirirsən?

-Xaricdə təhsil alan tələbələrinin öz ölkələrinə gəlmək istəməməyinin səbəbi təhsil aldıqları  ölkədə iş imkanlarının çox olmasıdır. Tələbələrin öz vətənlərinə gəlməmələrinin  başqa səbəbi isə özlərini  xaricdə daha sərbəst, azad hiss etmələri ilə əlaqədar ola bilər.

-Elvin, bəs Almaniya təhsili haqda nə deyə bilərsən?

-Almaniya təhsili haqda çox danışmaq olar. Amma ən böyük özəlliklərdən biri  burada təhsilin məcbur olmamasıdır. Burada heç kim sizi mühazirələrdə iştiraka məcbur etmir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, hər ixtisasa uyğun  praktiki məşğələlər çox olur. Burada iş təcrübəsinin real  bir  şirkətlərdə keçirməsi təhsili bitirdikdən sonra tam bir mütəxəssis kimi formalaşmağa gətirib çıxarır.

-Təhsil aldığın universitet ölkənin reytinq cədvəlində neçənci yerdədir?

- Universitetin reytinq cədvəlində dəqiq olaraq neçənci yer olduğunu deyə bilmərəm. Yəqin, ön pillələrdə olan ali təhsil müəssisəsidir. Çünki burada 16 mindən çox tələbə təhsil alır.

 -Bəs, oxuduğun universitetdə əcnəbi tələbələr çoxluq təşkil edirmi? Hansı ölkədən gələn tələbələr  daha çoxdur?

- Təhsil aldığım universitetdə əcnəbi tələbələr çoxluq təşkil etmir. Universitetin web səhifəsindən oxuduğum qədəri ilə təxminən,  2200 əcnəbi tələbə təhsil alır. Burada əsasən, Afrika, Cənub və Cənub Şərqi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edir.

 -Almaniya universitetləri hansı beynəlxalq imtahan nəticələrini qəbul edir?

-Almaniya universitetlərində ixtisasların çoxu öz dillərində olduğuna görə alman dil sertifikatları tələb olunur. Burada müəyyən universitetlər ingilis dilində fakültələrlə təmsil olunurlar.

Buna görə də IELTS və TOEFL dil sertifikatlarını verməklə burada təhsil almaq olar.

-Almaniya və Azərbaycan mədəniyyətinin, adət-ənənələrin arasında nə kimi oxşar və fərqli məqamlar var?

-Almaniyanın mədəniyyəti, adət-ənənələri Azərbaycanla müqayisədə tamamilə fərqlidir. Çünki burada demək olar ki, sırf Avropa mədəniyyəti və adət-ənənələri üstünlük təşkil edir. Amma biz isə Şərq və Avropa mədəniyyətini sintez edib nə isə yaratmışıq. Yəqin ki, bu da bizim üstünlüyümüzdür.

 -Oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinliklərlə qarşılaşdın?

-Məsələn, adətləri, mətbəxləri , iqlimləri haqda danışaq...  Burada əsasən dil problemi ilə üzləşdim. Çünki ilkin müddətdə tam olaraq hər şeyin başqa dildə olması adamı bir az sıxır. Vaxt keçdikcə hər şeyə öyrəşib, bu mühitin bir hissəsi olursan.

-Təhsildən başqa beynəlxalq sərgilərdə, konfranslarda iştirak edə bilirsən? Bir azərbaycanlı tələbə kimi ölkəni xaricdə necə təmsil edirsən?

-Hazırda beynəlxalq sərgilərdə, konfranslarda iştirak edə bilmirəm. Çünki hələ ki, birinci semestrdəyəm və əsasən təhsilə köklənmişəm. Amma çalışıram ki, universitetdə və qrup yoldaşlarım arasında Azərbaycan haqda nəsə bir fikir formalaşdırım.

-Elvin, bəs Almaniyada oxumaq səndə nəyi dəyişib?

 - Almaniyada oxumaq dünyaya olan baxışımı dəyişib və dəyişməkdə də davam edir. Bu ölkə tam gücü ilə gələcəyə gedir və özünəməxsusluğu ilə həmişə ön planda olacaq.

-Azərbaycan və Almaniya müəllimi arasında  nə kimi fərqləri var?

-Ümumiyyətlə,  müəllimlərə təhsilə hər zaman yenilikləri tətbiq etməyi tövsiyə edərdim.

-Bəs Almaniyada elə bir universitet varmı ki, azərbaycanlı gənclərin orada təhsil alması onlara heç nə qazandırmasın?

-Almaniyada elə bir universitet tanımıram. Burada hətta balaca bir şəhərcikdə olan universitet belə tələbələrə nələrsə öyrədir və gələcəkdə mütəxəssis olmağına zəmin yaradır.

-Səncə Almaniyada təhsil tələbələrə nə qazandırır? Almaniyada təhsil tələbələrə dünyagörüşü və özünü inkişaf qazandırır.

-Çoxları düşünür ki, İT üzrə yalnız xaricdə təhsil almaqla mütəxəssis olmaq olar. Bəs bu yanaşmaya münasibətin necədir?

-Fikrimcə,  bu yanaşma düzgün deyil, çünki bu sahə daha çox özünü inkişaf tələb edir. Ən yaxşısı bu təhsili ingiliscə almaq daha böyük üstünlükdür. Çünki bu ixtisasın bir çox kitabları və məlumatları məhz bu dildədir.

-Gəlin, bir az da Azərbaycan təhsil sistemi barədə danışaq... Ölkəmizdə təhsilin keyfiyyətini necə qiymətləndirirsən?

-Son zamanlar təhsildə nəsə etməyə çalışırlar, amma inanmıram ki, nəyəsə nail olsunlar. Fikrimcə, ən böyük yatırımı təhsil yatırmalıyıq. Hansı ki, Almaniya kimi ölkələr bunu edir və bəhrəsini görür.

-Oradakı tələbə və müəllimlərinin Azərbaycan haqqında düşüncələri necədir?

-Almaniyada ölkəmizi çoxu demək olar ki, tanımır. Amma burdayamsa, təhsilimi bitirincəyə  qədər onlarda müsbət təəssürat yaradacağam.

 -Elvin, bəs Almaniyada insanların sosial rifah halı barədə nə deyə bilərsən? Vətəndaşların aylıq maaş və tələbə təqaüdləri qənaətbəxş hesab oluna bilərmi?

-Almaniyada tələbələr üçün yarım gün işləmək imkanı var. Burada tələbələrə bir saat üçün minimum 10 avro verilir bu da onlar üçün tam kifayət edir. Ölkədə verilən tələbə təqaüdləri də ən azından tələbələrə normal yaşamaq imkanı verir.

 -Təhsilini tamamladıqdan sonrakı planların nədir?  Harada yaşamağı və ya kariyeranı davam etdirməyi düşünürsən?

-Bu sahədə hələ ki, tərəddüd edirəm. Yəqin, 3 il sonra qərarımı verəcəyəm.

 -Azərbaycan İT sahəsində təhsil alanlar, adətən, qeyd edirlər ki, onlar əsas bilgilərini internetdən əldə edirlər. Bununla bağlı Almaniyada vəziyyət necədir?

-Azərbaycanda IT sahəsində məlumatları həqiqətən də internetden əldə etmək olur. Amma Almaniyada hər hansı İT sahəsi üzrə məlumat əldə etmək üçün müəyyən vəsaitdən keçməli olursan. Bu hər zaman olmasa da amma hər hansı bir sahəni dərindən öyrənmək üçün bəzən lazım olur.

 -Azərbaycanda orta məktəblərin fəaliyyətini, tədris keyfiyyətini necə qiymətləndirirsən? Səncə, bizdəki orta məktəblər dünyagörüşü şəxsiyyət yetişdirə bilirmi? 

 -Son zamanlar orta məktəblər haqqında elə də məlumatım yoxdur. Amma orta məktəblər Azərbaycan mühiti üçün lazımi qədər şəxsiyyət yetişdirə bilir.

- Xaricdə təhsil almaq istəyən gənc həmyerlilərimizə nə tövsiyə edərdin?

 -Gənc həmyerlilərimizə tövsiyə edərdim ki, özlərinə inansınlar və məqsədlərinə doğru getsinlər. Əgər həqiqətən təhsil almaq istəyirsinizsə bütün çətinliklərə qalib gələcəksiz və öz gələcəyinizi quracaqsınız.

-Sonda əlavə etmək istədiklərin...

-Təhsil sahəsini işıqlandırdığınız  üçün sizə öz təşəkkürümü bildirirəm. Çünki, bu bizim ölkəyə çox lazımdır. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan təhsili o qədər inkişaf edəcək ki, bizlər heç bir ölkədə oxumaq barədə fikirləşməyəcəyik.

Mənbə: AzEdu

OXŞAR XƏBƏRLƏR