İcbari tibbi sığorta bütün ölkə ərazisinə tətbiq ediləcək

İcbari tibbi sığorta bütün ölkə ərazisinə tətbiq ediləcək
Sağlıq 9 Yanvar 2019 08:32 1807
İcbari tibbi sığorta bütün ölkə ərazisinə tətbiq ediləcək

Gələn ildən bütün ölkə üzrə yeni bir sosial layihə olan icbari tibbi sığorta tətbiq ediləcək. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə və əlçatanlığa xidmət edən bu sistemə keçid üçün hazırlıq işləri davam edir. Dövlətimizin başçısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs - TƏBİB-in yaradılması haqqında imzaladığı Fərman və Milli Məclisdə “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər isə artıq hədəfləri konkretləşdirib.

Seyyah.az xəbər verir ki, gələn ildən etibarən ölkədə yeni bir qurum - TƏBİB fəaliyyətə başlayacaq. Məhz TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir. Qurumun əsas məqsədi səhiyyədə mövcud olan maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdir. Qanuna əsasən icbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən Azərbaycan vətəndaşlarından başqa ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürən tərəfindən hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunan tərəfindən – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.

Bundan başqa, icbari tibbi sığorta sisteminin tətbiqi dövlət büdcəsindən ayırmalar, istehsal və xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək. Hazırda icbari tibbi sığorta sisteminin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla onların idarə edilməsini təmin edəcək proqram təminatı hazırlanır.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi artıq iki ildir pilot rayonlar üzrə həyata keçirilir. Nəticələrə əsasən, layihənin əhatə etdiyi ərazilərdə əməliyyatların sayı 52 faizdən çox artıb. Cərrahi müdaxilələr sırasında ürək əməliyyatları üstünlük təşkil edib.

İcbari tibbi sığorta sisteminin tətbiqindən pilot rayonların həkimləri də razıdırlar. Bu ərazilərdə həkimlərin və tibb işçilərinin əməkhaqlarındakı yüksəlişlərdən sonra onlar arasında məvacibləri 5-6 min manatdan çox olanların da sayı artıb.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR