Rumıniya gənclərimiz üçün təqaüd proqramı elan etdi – Sərfəli şərtlər

Rumıniya gənclərimiz üçün təqaüd proqramı elan etdi – Sərfəli şərtlər
Təhsil və karyera 28 Fevral 2019 14:29 818
Rumıniya gənclərimiz üçün təqaüd proqramı elan etdi – Sərfəli şərtlər

Rumıniya Milli Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Seyyah.az təqaüd proqramına dair zəruri məlumatları təqdim edir:

Təqaüd proqramına bakalavriatvə magistratura səviyyələri üzrə 35, doktorantura səviyyəsi üzrə 45 yaşadək şəxslər müraciət edə bilərlər. Proqramın tədris dili rumın dilidir.

Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunan şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları ərzində veriləcəyi gözlənilir.

Proqram çərçivəsində  bakalavriat və magistratura təhsil səviyyələri üzrə tələbələrin təhsil haqqı, yataqxana xərci maliyyələşir.  Eyni zamanda tələbələrin   aylıq təqaüdü bakalavriat təhsil səviyyəsi üçün 65 avro; magistratura 75 avro; doktorantura üçün isə 85 avrodur.

Rumıniya təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycanda Respublikası Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.

Təqaüd proqramına müraciət forması:

Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli -https://www.app.htp.edu.az

- Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcək;

Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlisiniz;

Müsahibə üçün təyin olunan vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmır;

Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;

Seçim nəticələrinə dair apelyasiya şikayəti verilməsi nəzərdə tutulmur;

Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunan şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcək;

Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Rumıniya tərəfinə göndərilən namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcək;

*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilən universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları ərzində təqdim olunması gözlənilir.

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar

Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır;

İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;

Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyənlər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 300, digər sahələr üzrə ən azı 400 bal toplamalıdırlar;

2018/19-cu tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq DİM imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;

DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 100 ballıq sistem üzrə isə 61 (və ya bunun ekvivalenti) baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;

Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alanlar təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;

Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır;

Hazırlıqda təhsil alacaq şəxslər üçün rumın dilinin tədrisinin ingilis dilində aparılacağını nəzərə alaraq, iddiaçılar minimum ingilis dili bacarıqlarına  malik olmalıdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcək;

Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrtaiхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraqtəhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılan şəxslərə şamil edilir

Tələb olunan sənədlər:

2 ədəd doldurulmuş ərizə;

Qeyd:İngilis dilində doldurulmuş Rumıniya tərəfinin ərizə forması HTP elektron ərizə sistemi üzrə qəbul sənədi hissəsinə də yüklənməlidir.

CV;

Doğum haqqında şəhadətnamənin surətinin tərcümə-təsdiqi;

Şəxsiyyət vəsiqəsinin surətinin tərcümə-təsdiqi;

Ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;

Sağlamlıq haqqında arayış (tərcümə-təsdiqli);

Yaşayış yerindən arayış (tərcümə-təsdiqli);

Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;

Bakalavriat təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;

Bakalavriat və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;

Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər surətinin tərcümə-təsdiqi);

2 ədəd rəngli fotoşəkil.

Qeyd : Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə-təsdiq olunmalıdır.

Təqaüd proqramı ilə bağlı suallarınızı gunesh.ovsetova@edu.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Qeyd edək ki, təqaüd proqramına müraciət etmək istəyənlər cari ilin aprelin 5-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan, ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Mənbə: AzEdu

OXŞAR XƏBƏRLƏR