Bir qalanın sirri – Carcassonne - ŞƏXSİ TƏCRÜBƏ

Bir qalanın sirri – Carcassonne - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 28 Fevral 2019 15:05 882
Bir qalanın sirri – Carcassonne - ŞƏXSİ TƏCRÜBƏ

Fransanın Languedoc-Roussillon bölgəsinə Barcelona`dan icarəyə götürdüyümüz maşınla getmişdik. Elə yenicə Fransa torpağına qədəm basmışdıq ki, əsl fransız qonaqpərvərliyini öz üzərimizdə hiss etdik. Düz xətti azca bastaladığımıza görə şanlı fransız polisi bizi saxladı, nə qədər yalvardıq, kimlərin adını verdik xeyri olmadı. Alın təri ilə qazandığımız 90 Avromuz cibimizə ağırlıq edirmiş. Nə qədər kruasan ala bilərdik bu pula…

Pireney dağlarının ətəyində yerləşən Od çayı üzərində yüksələn Carcassonne qalasının gözəlliyi kütləvi kruasan itkisini tez unutdurdu. Axşam bura çatdıq və mehmanxanada çantalarımızı tullayıb yüyürdük qalaya. Qala divarları arxasında qədim şəhər yerləşir. Saysız hesabsız restoran və kafelərin qarşısında dayanan işçilər turistləri cəlb edirlər və hər biri də səni inandırmağa çalışır ki, əsil “cassoulet” məhz burada bişirilir. Ət və ağ lobyadan hazırlanan bu yerli təam gil qabda təqdim olunur və elə sobadan götürülüb qaynayan vəziyyətdə masanın üstünə qoyulur.Carcassonne qalası

Carcassone çox mürəkkəb tarixi olan qədimi bir qaladır. 725-ci ildə buranı müsəlmanlar ələ keçirir və şəhərin adının yaranmasının ən çox yayılmış əfsanəsi elə bu dövrlə bağlıdır. Qalanın Karl tərəfindən mühasirəsinin beşinci ili gedirdi. Demək olar ki, bütün qarnizon başda müsəlman hökmdarı Balaak olmaqla məhv edilmişdi. Elə bu vaxt Balaak`ın həyat yoldaşı Karkas xanım hiylə işlədir – şəhərdə yeganə sağ qalmış donuza taxıl yedizdirib onu qala divarından tullayır aşağı. Zərbədən partlayan donuzun qarnından yerə tökülən taxılı görən Karl fikirləşir ki, gör bunlarda nə qədər donuz var ki, onları diri diri tullayırlar və nə qədər yemək ehtiyyatları var ki, donuzlara taxıl yedizdirirlər. Bu vəziyyətdə o, mühasirənin mənasız olduğunu düşünərək ordusuna geri çəkilmək əmri verir. Qələbəni qeyd edən Karkas isə zəng çalmaq əmri verir. Səsi eşidən Karl`ın silahdaşıyanı hökmdarına müraciət edərək “Cənab, Karkas Sizi çağırır” deyir (Sir, Carcas te sonne). Bilmirəm Sizə nə qədər maraqlı gəldi, amma hər halda turistlər üçün hesablanan və şəhərin brendinə çevrilən bu əfsanənin baş qəhramanı Karkas xanımın heykəli elə girişdəcə Narbonn qapıları ilə üzbəüz dayanıb camaatı qarşılayır.
XI-ci əsrdə Languedoc`da mənəvi dünyanın yaradıcısı olan Xeyirxahlıq Allah`ını və maddiyyatın yaradıcısı olan şeytanı qəbul edən Katar təriqəti yaranmağa başlayır. Carcassone katar mərkəzlərinin birinə çevrilir. Bunu eşidən Roma papası dönüklərə qarşı səlib yürüşü elan edir. Bölgəni od içində boğan və yerlə yeksan edən bu yürüş Carcassone qalasına demək olar ki, toxunmur. Buna səbəb isə qala müdafiəçilərinin iki həftədən sonra su çatışmazlığı səbəbindən təslim olmaları olur. Şəhər sakinlərinə buranı sağ salamat tərk etmək imkanı yaradılır, yalnız bir şərtlə – onlar hər bir şeylərini şəhərdə buraxıb, özləri ilə isə yalnız günahlarını apara bilərdilər, yəni ki, bir şalvar və bir köynəklə. Langedoc`un tarixində qaranlıq dövr başlayır – müharibələr, inkvizisiya, kütləvi qırğınlar. Bəzi məlumatlara görə inkvizisiya elə məhz bu dövr burada yaranıb. Və onun ilk qurbanları katarlar olub.Carcassonne qalası gecə

Lakin, tam qələbəni qeyd etmək hələ tez idi. Qürurlu katarlar azadlıq mübarizələrini hələ çox davam etdirdilər. Onlar insanı insan tərəfindən istismar etmədən vicdanlı və sağlam həyatı təbliğ edirdilər. Döyüşlər uzun illər davam etdi, lakin güclər qeyri bərabər idi və yekunda katolik dininin tərəfdarları tam qalibiyyət qazandılar. İndiki Carcassonda o dövrdən qalan abidələrdən biri də qalib tərəfin qala içərisində tikdirdikləri Müqəddəs Nazari və Selsi katolik kilsəsidir.

Qalanın ərazisi gəzməklə bitmir, hər addımda elə bil ki, o dövrlərə qayıdırsan. Hər il iki milyon turist qəbul edən Carcassone son dövrlər Holliwood`un da maraq dairəsinə daxil olub. Burada “Robin Hood”, “Jeanne d`Arc”, “Harri Potter” və bir neçə Disney cizgi filmləri çəkilib. Hətta Disney özü bir neçə il Carcassone`də yaşayıb.

Carcassone qaladan başqa aşağı şəhərdən də ibarətdir. Şəhərin bu hissəsi bizdə o qədər maraq doğurmasa da, getməyə məcbur idik. Və səhər yeməyindən sonra şəhərə poçt axtarışına yollandıq. Avropada cərimə ödəmə təcrübəmin olmadığından proses mənə çox maraqlı gəldi. Demək poçtda cərimənin dəyəri qədər marka almalısan, onları zərfin üstünə yapışdırıb poçt qutusuna atmalısan. Poçt qutusunu tapmaqda isə bizə bir yerli qonaqpərvər fransız yardımçı oldu. Bizim ingiliscə, onun isə fransızca danışmasına baxmayaraq bir birimizi çox gözəl başa düşdük.

Bir sözlə, yolunuz nəinki Fransa`ya və ya İspaniya`ya düşəndə, umumiyyətlə Avropa`ya növbəti səfər xəritəsinə mütləq bu balaca lakin qədim və qürurlu bir tarixi olan Carcassone şəhərini salın.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR