Film və musiqilərdən Beyrut şəhərinə - ŞƏXSİ TƏCRÜBƏ

Film və musiqilərdən Beyrut şəhərinə - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 11 Mart 2019 13:20 755
Film və musiqilərdən Beyrut şəhərinə - ŞƏXSİ TƏCRÜBƏ

Tək və orda heç bir dostum olmadan Livana gedən biri kimi haqqında deyə biləcəyim ən sevindirici məqam, düşünüldüyünün əksinə tək səyahət edənlər üçün çox təhlükəsiz ölkədir. Məncə bu xanımlar üçün sevindirici xəbərdir. Digər ərəb ölkələrindən (pisləmək üçün demirəm), mədəniyət baxımından əsaslı şəkildə fərqlənir və Körfəz ölkələrindən musiqi (Mashrou Leila, Fairuz, Jasmine Hamdan) və film mədəniyyəti olaraq açıq fərqlə öndədir. Amin Maalouf kimi yazıçı və Xəlil Cebran (şair) Livanlıdır. Jasmine Hamdani “Only lovers left alive” filmindən kəşf etmişdim. İnsanların təhsil səviyyəsi yüksəkdir, dünya görüşü çox açıqdır.

Ölkənin yarısına qədəri xristiandır və bu qədər çox millət, dini qrupun olması ölkəni çox rəngarəng edir (baxmayaraq ki, bu vətəndaş müahəribəsinə də gətirib çıxarmışdı). Hətta Fələstinlilər və Suriyalılar gələnə qədər xristianlar ölkəni daha çox “özününkü” hesab edirdilər (İnsult filmində olduğu kimi) və prezidentləri də xristiandır. Digər önəmli vəzifələr şiə, sünni və s. qruplar arasında bölünüb. Bəli, çox böyük vətəndaş müharibəsindən çıxıblar. İzlərini insanların üzlərində, güllə izlərini “Downtown”dakı Şəhidlər heykəlində, Holiday Inn hotelində görə bilərsiniz. Osmanlının izlərini isə qətlə yetirilən məşhur baş nazirləri Rafik Haririnin Sultan Ahmeddən təsirlənərək tikdirdiyi Muhammad Al Amin məscidindən, “Downtown”dakı Osmanlının tikdirdiyi məşhur saatdan, məşhur içkiyə dönən türk kahvesi, türk tatlılarından, adını rakının düzəldildiyi bitki Anasondan götürən Anise adlı məşhur məkandan görə bilərsiniz. Beyrutun logosu o məşhur Göyərçin qayalıqlarıdır (Raoucheh). Harissada Məryəm ananın böyük heykəli var, Beyrutu qorumaq üçün tikilsə də, əslində o cür ağır müharibədən qoruya bilmədi. Jeita adlı mağaraları da gedilməli yerlər sırasındadır.52513910_2221866784720164_9205049981247946752_n

Beyrut həqiqətən də fransız dilli şəhərdir, söhbət etdiyim bir neçə Suriyalı Livanlıların ərəbcə yaxşı bilməməsini onlara “ayıb” adlandırdı, çünki həqiqətən də bəzi insanlar sadəcə fransız və ingiliscə danışmağa üstünlük verir. İngiliscə kifayət qədər yüksək səviyyədədir. Beyrutda çox maraqlı kiçik evlər içində canlı musiqi yerləri var (Əşrəfiyyə, Hamra, Mar Mixael bölgələrində). Beyrutdan sonra Finikiyanın məşhur o qədim limanının yerləşdiyi 7000 il tarixlik Bibliya və bütün bu qəbildən sözlərin öz mənşəyini aldığı Biblos (Jbeil) şəhərinə getdim. Çox əsrarəngiz idi. Mütləq gedilməlidir. Sonra isə mədəniyyət baxımından daha çox Suriyanı xatırladan Tripoli şəhərinə getdim. Daha çox müsəlman icmasının yaşadığı bu şəhər daha çox nəzarət altındadır. Hərbi texnika hələ də küçələrdədir. Yaxınlarınıza hədiyyə almaq istıyirsinizsə mütləq burdan alın, çünki Livan çox baha ölkədir, ən “affordable” şəhər bura idi. Mən Polşadan gəldiyim üçün getmək istəmədim, ama qış idman növlərini sevənlər mütləq dağlara, Faraya ya getsinlər. Beyrutdan çox yaxındır. Ölkədə ictimai nəqliyat bərbaddır, aeroportdan hostelə Uberlə, Beyrut içi yerlərə adətən ayaqla, digər şəhərlərə isə tək gəzən xaricilərin adətən seçdiyi sadə və “gənc abu havalı” hostelimiz Grand Meshmosh-un təşkil etdiyi sürücülərlə hosteldə qalan bir neçə nəfər yığışıb getdik. O hosteli də məsləhət görürəm, çox sadədir, ölkə bahadır hər şeyi yanınızda aparsanız kifayət qədər rahat hosteldir, təhlükəsizlik və hər yerə yaxınlıq baxımından ola biləcək ən möhtəşəm yerdə yerləşir (ST Nicholas pilləkənlərində). Gözəl səhər yeməyi də verir. Gənclər vaxt keçirmək üçün ən çox Gemmayzeh küçəsinə üstünlük verir bu da hostelin yanıdır.livan

Mar Mixael regionu Beyrutun ermənilər yaşayan bölgəsidir və ermənilər orda yetərincə böyük etnik azlıqdır. Livan yeməkləri möhtəşəmdir: ətli humus, hər cür şaurma (Bakıdakı kimi yox özü də), falafellər, tabulehlər, zaatarlar və nələr nələr. Beyrut universitetinin korpusuna mütləq gedin, görə biləcəyiniz ən qəşəng kampuslardan biri olacaq, dənizə baxır, opera salonuna qədər var və təhsil haqqı kifayət qədər baha olan bir universitetdir. Mashrou Leyla qrupu burada yaranıb. Netflixin məşhur “Al Hayba” serialı isə deyəsən cənub-şərq kəndlərində çəkilib dedilər. Türkiyə, Livan və İordaniya ən çox Suriyalı sayı olan ölkədir, bu cür zəngin həyat tərzi olan Livanlılara paralel olaraq onların kasıb həyatını görmək və kömək edə bilməmək insanı üzür, lakin Livanlılar sizə bu duyğunu yaşatmamaq üçün Suriyalı uşaqları turistlərin yanından qucaqlayaraq, söhbət edərək aparır (ən azından mən bir neçə dəfə elə gördüm). Ümumilikdə köməkcil, savadlı, qəşəng musiqi zövqlü millətdir. Mütləq Müasir İncəsənət Muzeyinə gedin. Sahilə “iskele”si olan Beyrut şəhər kənarında yerləşən muzey çox qəşəng mənzərəlidir.

Nİyə bu qədər Azərbaycanlı Türkiyəyə gedərkən cəmi 1 saat yarım uçuş məsafəli Livana ordan getmir bilmirəm. Düzdür qiymətlər bahadır amma bu insanın necə yaşadığından asılıdır, bir gənc kimi hər gün restoranlarda yeməkdənsə, əslində daha dadlı olan açıq dəzgahlardakı “street food” satan yerlərdə şaurma və ya qonşu Türkiyədə lokanta dedikləri kimi Beyrutdakı “La Chef” və s kimi məkanlarda yemək yesəniz, çox taksiyə minməsəz, yaxşı vəziyyətdə olan hosteldə qalsanız (lux hoteldə yox), digər şəhərlərə gedərkən qoşalaşacaq çoxlu dostlar tapsanız çox az büdcə ilə keyfiyyətli tətil yaşaya bilərsiniz. Bir dəfə daha getsəm musiqi festivalları ilə məşhur Baalbek şəhərinə və Tir (Tyre) şəhərinə gedəcəm  Azərbaycanlılara viza “on arrival” verilir, sadəcə passportla və pulsuzdur.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR