«Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ

«Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ
Təhsil və karyera 24 Iyun 2019 11:17 942
«Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ

Azərbaycan Universitetinin bu ilki tədris planı və gözlənilən yeniliklərlə bağlı Seyyah.az-ın suallarına Universitetin rektorunun məsləhətçisi və Biznes İqtisadiyyatı fakültəsinin dekanı Əli Həsənov cavab verir. 

- Əli müəllim, bu il Azərbaycan Uniuersitetində yeni ixtisas açılıbmı?

- Bəli, bu il həm magistr səviyyəsində, həm də bakalavr səviyyəsində yeni ixtisaslar açılıb. Bunlardan regionşünaslıq, turizm və otelçilik, ingilis dilində ədəbiyyat ixtisasıdır ki, bunlar bu yay universitetə verilən ixtisaslardır və eyni zamanda 26-cı proqram üzrə magistraturada həm iqtisadiyyatın hüquqi tənzimlənməsi, həm də maliyyə ixtisasları üzrə yeni ixtisaslar açılıb.

- Həmin ixtisaslara əlavə nə qədər tələbə qəbulu nəzərdə tutulur?

- Ötən il ilə müqayisədə bu il qəbul sayında Təhsil Nazirliyi tərəfindən ayrılan plan yerlərinə uyğun olaraq 200-ə yaxın daha çox  tələbə olub. Magistraturada artıq seçim başa çatıb. - Magistraturada 126 plan yeridir, MBA ilə birlikdə. Bakalavrda isə 600-ə yaxındır.
- Keçən il 400 idi...

- Bəli.

- Siz Təhsil Nazirliyi tərəfindən ayrılan pulsuz yerləri nəzərdə tutursunuz?

- Xeyr, bizdə hal-hazırda ayrılan yerlər özəl universitet olduğu üçün ödənişli əsaslarladır. Sadəcə bütün özəl universitetlərə dövlət sifarişi verilir, o cümlədən Azərbaycan Universitetinə. Məsələn deyək ki tələbə müəyyən bir bal yığıb, o balla ödənişsiz təhsil ala bilmək hüququna malikdir, əgər Azərbaycan Universitetini seçərsə digər dövlət universitetlərində yararlanacağı hüquqdan eynilə Azərbaycan Universitetində də yararlana bilər.

- Bu il sizin universitetin təhsil haqlarında dəyişiklik oldu?

- Keçən il daha çox tələbə cəlb etmək üçün təhsil haqları 2000 manata endirilmişdi, ümumi ixtisaslar üzrə təhsil haqqından söhbət gedir. Məqsəd bu rəqabətli mühitdə müvafiq bir yer tutmaq idi, əhalinin ödəmə qabiliyyətini nəzərə alaraq 2500 manatdan 2000 manata endirildi, bu il həmin civarda qalır. Ümumiyyətlə Azərbaycan Universitetindəki təhsil haqları bu gün ödənişli əsaslarla olan təhsil haqlarında kifayət qədər normal və uyğun bir qiymətdir.

- Bakalavrda və magistrda orta hesabla məbləğ nə qədərdir?

- Magistrda faktiki olaraq bütün ixtisaslar 2000 manat ödəniş ödəyir. Bakalavrda isə ixtisasların təqribən 50 faizi 2000 manat, digərlərində 2500, maliyyə və tərcümə, ingilisdilli maliyyə ixtisaslarında  isə 3000 manat təşkil edir. Maksimum hədd 3000 manatdır, amma əsasən 2000 manat civarındadır.

- Magistr 2000 manatdır deməli...

- Bəli. Bütün MBA və adi qaydada magistrlar 2000 manat təhsil haqqı ödəyirlər.

- 2000 manata tələbəyə keyfiyyətli təhsil vermək olur?

- Əlbəttə. Demək olar ki faktiki olaraq bu gün Azərbaycan təhsili üçün reallıqdır ki, özəl universitetlərin ali təhsildən əldə etdiyi gəliri, yəni digər gəlirlər universitetlərin ümumi gəlirində kifayət qədər az çəkiyə malikdir. Müəllimlərə ödənilən əməkhaqqı başda olmaqla bütün sosial ehtiyacların ödənilməsi, gəlirli biznes keçirmək üçün kifayət qədər nominal qiymətdir. Azərbaycan Universitetində şəxsən mən deyə bilərəm ki və ümid edirəm ki digər özəl universitetlərdə də kontingent belədir, yetərincə savadlı və peşəkar müəllim kateqoriyası var. Siz bizim saytımıza daxil olub orada Azərbaycan Universitetinin üstünlükləri ilə tanış ola bilərsiniz. Azərbaycan universiteti ödənilən təhsil haqqını tam şəkildə obyektiv, şəffaf və kifayət qədər rəqabətli bir təhsil verən statsusunu doğrultmağa çalışır.

- Bayaq dediniz ki bu il yeni ixtisaslar açılıb. Yeni ixtisaslar nəyə əsasən açılıb? Dövlət sifarişi vardı yoxsa özünüz bazarı araşdırıb bu addımı atdınız?

- Xeyr, təlabat vardı. Özəl universitetlərdə hər il müəyyən ixtisaslarda Təhsil Nazirliyi tərəfindən dəyişiklik olur. Təbii ki Təhsil Nazirliyi ixtisasları Nazirlər Kabinetində imzaya təqdim etməmişdən öncə onunla bağlı bir arayış təqdim edir. Həmin ixtisaslar üzrə həm zərbaycan Universitetinin müəllim – professor heyətinin olması, əvvəlki dövrlərdə ixtisasların verilməsi və onlardan kifayət qədər uğurlu məzunların çıxması, eyni zamanda iş bazarında Azərbaycan Universitetinin əməkdaşlıq etdiyi böyük şirkətlər tərəfindən həmin ixtisasdakı kadrlara ehtiyac duyulduğunu nəzərə alaraq əsaslandırılmış şəkildə Təhsil Nazirliyinə müraciət edildi, onların da razılığı ilə o ixtisaslar bizdə açıldı. Bunun üçün nazirliyə təşəkkür edirik.

- Yəqin ki siz özünüz də bazarı araşdırırsınız , ən çox təlabat indi hansı ixtisaslaradır?

- Məsələn yeni açılan turizm və otelçilik ixtisasına kifayət qədər böyük bir axın var. Bildiyiniz kimi cənab prezidentin ötən il müvafiq sərəncamı ilə Turizm Agentliyi yaradıldı və bu gün kifayət qədər bu sahə diqqətdədir. Turizmin gəlirlərinin dövlət büdcəsində, ümumi daxili məhsulda xüsusi çəkisinin daim artırılması üzərində işlər gedir və ixtisaslı kadrlara da ciddi ehtiyac var. Belə olacağı təqdirdə də turizm və otelçilik ixtisasına maraq kifayət qədər böyükdür. Biznesin idarə edilməsi ixtisasının da tam səmimiyyətlə deyə bilərım ki kiçik və orta biznesin inkişafında böyük rolu var. İnsanlar artıq bu sahələrə böyük üstünlük verir.

- İngilisdilli təhsilə ehtiyac nə qədər çoxdur? İngilis dilində təhsil alan adam sonra neynir, hara gedir?

- Bu gün Azərbaycanda kifayət qədər böyük şirkətlərin nümayəndəlikləri var. Bu da reallıqdır ki Azərbaycan sektoru üzrə ixtisas bitirən insanlardan da işəgötürənlərin əksər hallarda tələblərindən biri ingilis dilini bilmə səviyyəsidir. İngilis dili iş karyerasını qurmaqda o tələbəni daim bir addım öndə aparır. İngilisdilli təhsil isə ona Avropa ölkələri ilə Erasmus kimi proqramlar var ki, azərbaycan Universiteti də ona qoşulub.

- Hansı universitetlərdir onlar?

- Koblenz, Hacettepe universitetləri, Xorvatiya və İtaliya universitetləri ilə əlaqələr var və bu əlaqələr get-gedə genişlənir.  Yaxın gələcəkdə Böyük Britaniyanın bir neçə böyük univerisiteti ilə əlaqə qurmaq nəzərdə tutulub. Tələbə həmin 4 ili kifayət qədər rəngarəng, dünyagörüşünü arıtmaqla, rəqabətli bir bir kadr kimi formalaşmaqla həyata keçirir.

- Sizdə ikili diplom var?

- İkili diplom proqramları üzərində işlər gedir. Prezidentin bu sahənin təkmillışdirilməsi ilə bağlı müvafiq sərəncamı var. Artıq bir neçə universitetlə ikili diplom proqramın yaxın zamanlarda reallaşması gözlənilir.

- Hansı universitetlər olacaq?

- Koblenz universiteti bununla bağlı təkliflər irəli sürüb, Xarkov universiteti ilə müəyyən kompyuter mühəndisliyi ixtisasında anlaşmalar  gözlənilir. Polşanın Krakov universiteti ilə müəyyən əlaqələr qurulub.

- Hansı ixtisaslar üzrə?

- Koblenzdə əsasən maliyyə və mühasibat uçotu üzərində olacaq.

- Xarici müəllimlərlə?

- Biz hələ ki qonaq məruzəçi qismində dəvət edirik, amma üzümzə gələn ildən ingiltərəli professorun universitetdə tədrisi nəzərdə tutulur. 1 həftə öncə bunun universitetdə kiçik bir təqdimatı oldu. Bu sahədə əməkdaşlığın artırılması nəzərdə tutulur. Amma mübadilə proqramı çərçivəsində qısa müddətə, yəni iki həftəlik – 1 aylıq Almaniyadan, İtaliyadan, Xorvatiyadan və digər Avropa ölkələrindən müəllim – professorlar gəlib həm layihə menecmentində, həm də tədris prosesində iştirak edirlər.

- Sizin təhsil biznesində əsas problem nədir hazırda?

- Təhsil biznesində əsas problem özəl universitetlərə ixtisas seçimində bir az da sərbəstliyin verilmsi yaxşı olardı. Çünki bu kifayət qədər həlledici faktor rolunu oynayır.

- Məsələn, siz hansı ixtisası seçmək istəyərdiniz?

- Təbii ki Təhsil Nazirliyi daha yaxşı bilər, amma biz hesab edirdik ki müəllimlik ixtisaslarının Azərbaycan Universitetində kifayət qədər çox böyük bazası var, xüsusilə humanitar sahədə çox ciddi professorlar işləyir.  Vaxtilə Azərbaycan Universitetinin bu ixtisası olub, hal-hazırda Azərbaycan Universitetini bitirən məzunların Müəllimlərin Diaqnostik Qiymətləndirilməsində kifayət qədər yüksək nəticələr göstərirlər. İqtisadiyyat ixtisası üzrə bu ildən suallarımız qalmadı.

- Başqa hansı ixtisaslardan söhbət gedir?

- Məsələn 1-ci qrup ixtisaslarından poliqrafiya mühəndisliyini də istəyirik, artıq yeni laboratoriyamız da formalaşıb.

-Təlabat var bazarda bu ixtisasa?

- Bəli, kifayət qədər çoxdur. Bu sahə yeni olduğuna görə maraq var.

- Əslində indi digitallaşma, rəqəmsallaşma dövründə çap işinin təlabatının olması qəribə deyil?

- Bu gün bazarda təlabatı o qədər də gözlənilməyən ixtisaslara insanların axını böyük olur. Məsələn maliyyə ixtisasının təlabatı ilə kommersiya, maliyyə kifayət qədər böyük bir spektrı əhatə edir. Amma bu gün biz İqtisad Universiteti ilə də maraqlansaq görərik ki kommersiyaya axın maliyyəyə axından daha böyükdür. İnsanalr daha çox keçid balla təhsil haqqına doğru yönəlirlər, yəni ixtisasın bazarda gələcək rolundan daha çox hazırkı situasiyası onları maraqlandırır.

- Başqa hansı ixtisasın sizdə olmasını istəyərdiniz?

- Məsələn, beynəlxalq hüquq səviyyəsində ixtisaslı kadrlar hazırlamaq imkanına malikik.

- Siz bununla bağlı müraciət edəndə etirazı nə ilə əsaslandırırlar?

- Son iki ildə, Azərbaycan Universitetində təmsil olunduğum dövrü deyirəm, Təhsil Nazirliyinin kifayət qədər isti münasibətini görürük və hissə-hissə bizə həmin ixtisaslar verilir. Sadəcə özümüz də hələ tam risk edib böyük bir ixtisas kütləsini almaq məsuliyyətini götürə bilmirik. Amma son iki ildə görünən dinamika odur ki, istər qəbul sahələrində, istər yeni verilən ixtisas sahələrində kifayət qədər artım və yeni nəticələr var. Ümid edirik ki, bu sahədə Təhsil Nazirliyinin etimadını doğruldacayıq.

- Maaşlar artırıldı bu günlərdə. Sizdə müəllimlərin maaşı necədir, artırmaq fikriniz var?

- Müəllimlərimizin əməkhaqqının ödənməsi Azərbaycanda istər dövlət, istər özəl müəssisələrdə həm ingilis, həm də Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə kifayət qədər nominal formada həyata keçirilir. Tam ştatlı müəllimin maaşı 600-800 manat civarında dəyişir. Bu onun hələ nominal əməkhaqqıdır, təbii ki əlavə dərsləri olur, diplom rəhbərliyi və s. Elmi adı olmayan müəllimin orta aylıq əməkhaqqı 1000 manat civarında olur. Təbii olaraq ingilisdilli ixtisaslarda bu rəqəm daha yuxarıdır. Elmi adı yüksəldikcə həmin tarif üzrə indikatoru daha çoxalır və həmin rəqəm proporsional olaraq artır.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR