Ölü dəniz – Fəthiyə bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Ölü dəniz – Fəthiyə bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 27 Noyabr 2019 15:11 1125
Ölü dəniz – Fəthiyə bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Salam. Bu gün sizə Fəthiyə / Ölüdəniz bölgəsi yönündə bir az məlumat verəcəm. Gələcəkdə getmək istəyən olsa, məlumatlardan faydalana bilər, deyə düşünürəm.
İlk öncə deyim ki, Fəthiyə bölgəsində Antalya və ya Bodrumdan fərqli olaraq gecə həyatına üstünlük verilməyib. Yəni ki, səyahət məqsədim sırf gecə həyatidir, deyirsinizsə qeyd etdiyim bölgələrə getməyinizi məsləhət görərdim. Bura ailəvi və ya cütlük şəklində gəlmək üçün ideal məkandir. Turistlərin böyük bir qismi alman və ingilislərdir. Ərəb turist çox nadir hallarda önünüzə çixar. Bunu da bölgənin daha bir müsbət cəhəti kimi saymaq olar məncə). Qeyd edim ki, bizim vətəndaşlar da Fəthiyə bölgəsinə səyahət etməyə üstünlük vermir. Qiymətlərmi bahadır deyə, yoxsa tanış bir məkan deyil, onu deyə bilmərəm . Məsləhətdir ki, pulunuzu dollara çevirib orada TL edəsiniz. Bu yol daha sərfəlidir. İlk öncə marşrut xəttindən başlayaq. Öncədən planlaşdırılmış səyahətdirsə, o zaman bir neçə ay qabaqdan Buta airways vasitəsilə büdcənizə uyğun Baki-Antalya biletini əldə edə bilərsiniz. Yox əgər səyahət zamanı yaxınlaşan vaxt hər hansı problemin yaranması nəticəsində biletin boşuna gedəcəyini düşünürsünüzsə, avtobus köməyinizə çatar.

Mənim marşrutum Baki-Tiflis-Antalya-Fəthiyə kimi oldu. İstəyə əsasən Naxçıvan ərazisi tərəfdən də ölkəyə daxil ola bilərsiniz. Səhv etmirəmsə Bakı-Naxçıvan aviareysi 50 AZN civarındadır. Ordan sərhədi keçib Ege bölgəsinə gələn istənilən avtobusa minə bilərsiniz. Çoxlarının da bildiyi kimi Baki-Tiflis avtobusu Bakı avtovağzalından axşam saatlarında çıxıb, səhər Tiflis avtovağzalına çatır. Gediş saatı təxminən 9 saatdır. Qiymət isə 15 AZN-dir. Tiflisdə vaxt itirməmək üçün Tiflis-Antalya avtobus biletini öncədən proqram vasitəsilə almağınızı məsləhət görürəm.
Bileti obilet.com saytından 300 TL qiymətinə əldə edə bilərsiniz. Öncədən deyim ki, avtobus ilə Türkiyə ərazisində səyahət etmək çox yorucudur. Bəlkə də aranızda bəziləri bundan həzz ala bilər, amma bu mənim şəxsi fikrimdir). Avtobus yolboyu bir neçə dəfə yemək fasiləsi verir. Gürcüstan ərazisindəki kafelərdə həm AZN, həm də TL kimi ödəniş etmək mümkündür. Eləcə də Türkiyə ərazisindəki kafe dayanacaqlarında gürcü larisi ilə rahat ödəniş edə bilərsiniz. Tiflisdən Antalya otogarına avtobus təxminən 30 saata çatır.

Çatdıqdan sonra vəziyyətə uyğun olaraq Antalyada gecəliyə bilərsiniz. Bunun üçün şəhər mərkəzində uyğun qiymətə otel və hostellər var. Və ya Fəthiyə avtobusunun gediş saatına müəyyən bir zaman varsa şəhəri gəzmək imkanınız da var. Otogardan şəhər mərkəzinə həm tramvay, həm də avtobus gedir. Bir neçə saatlıq gəzinti üçün nəqliyyat kartı almağa dəyməz. Kiməsə nəğd şəkildə ödəniş edin sizi keçirəcək. 1 həftədən çox qalmaq fikriniz varsa nömrə almağınızı məsləhət görürəm. Yeni alınan nömrədə sizə kifayət edəcək qədər internet trafiki hədiyyə olunur. Antalya-Fəthiyə biletini də online şəkildə almağınızı məsləhət görürəm. Biletin qiyməti 36 TL-dən başlıyır. Yol boyu sizi möhtəşəm mənzərələr gözləyir. Məsafə isə təxminən 3 saat civarındadır. Gəldik çatdıq Fəthiyə bölgəsinə .

Fəthiyə bölgəsində qiymətlər çox bahadır. Ona görə də önləminizi öncədən görün. Nəbadə bankomatdan pul çıxarasınız, adamı soyub talıyır)). İstəyə uyğun olaraq ya Fəthiyə mərkəzində, ya da Ölüdəniz bölgəsində otel bron edə bilərsiniz. Bunun üçün də booking.com applikasiyası sizə kömək edəcək. Otel qiymətləri Ölüdəniz bölgəsinə yaxınlaşdıqca artır. Məsləhət görərdim ki, Oteli Hisarönü deyilən ərazidə bron edəsiniz. Ərazi mərkəzlə dəniz arasının düz ortasında yerləşir. Ətrafda isə hər cür restoran və market var. Eləcə də, demək olar ki, bütün türk banklarının bankomatı var. Ehtiyacınız olduğu təqdirdə istifadə edə bilərsiniz, amma yenə də məsləhət görmürəm)).
Fəthiyə mərkəzindən qeyd etdiyim əraziyə qisa zaman aralığıyla dolmuşlar gedir. Eləcə də, Hisarönü ərazisindən Ölüdənizə dolmuş vasitəsiylə rahatlıqla gedib qayıda bilərsiniz. Büdcə cəhətdən sıxıntı çəkənlər Ölüdəniz bölgəsində yerləşən yeganə hostel olan “Ölüdeniz hostel”də də gecəliyə bilərlər. Hostel personalının bir tərəfi Azərbaycanlı olduğu üçün xüsusilə bizim ölkədən gələn turistlərə mehriban şəkildə yanaşırlar. Eləcə də gecələr toplu şəkildə ayrı-ayrı ölkələrdən gəlmiş turistlər oturub söhbət edərək, bir sıra oyunlar oynayaraq, sizin tətilinizi daha da rəngarəng edə bilər. Ən azından onlarla ünsiyyət saxlayaraq ingiliscənizi müəyyən qədər inkişaf etdirə bilərsiniz . İnstagram hesabınızda da həmin hostelin səhifəsinə nəzər yetirə bilərsiniz. Hosteldə yalnız səhər yeməyi verilir. O da əlavə ödənişlədir (15 TL). Qeyd edim ki, burada ərzaq mağazaları və restoranlardan fərqli olaraq geyim ucuzdur. Alış-veriş etmək istəsəniz həm hisarönü, həm də Ölüdəniz ilə üzbəüz alış-veriş mağazaları var. Hava qaralandan sonra həmin küçələrdə ingilis və almanlardan tərpənmək olmur)). İstəsəniz yaxınlarınız üçün cibinizə uyğun müxtəlif tipdə hədiyyələr də ala bilərsiniz.

68246001_3110170232356379_4567377108577288192_o.jpg

Həmin küçələrdəki restoranlarda oturmağı məsləhət görmürəm. Amma büdcənizə arxayınsınızsa buyura bilərsiniz). Düz Hisarönü dairəsində “Safran” adlı restoran var. Ev yeməkləri təqdim edir, eləcə də çox dadlıdır. Üstəlik cibinizə də uyğundur. Personal da bir ailənin üzvləridir.
Ölüdəniz bölgəsinə gəlib adrenalin yaşamadan getmək düzgün olmaz . Burada paragliding (paraşüt), suya dalma, gəmi turları kimi aktivitələri bəyənəcəyinizə əminəm. Paragliding turu kifayət qədər bahadir, təxminən 600-700 TL civarındadır. Paraşütlə Ölüdənizi havadan seyr etmək üçün bu pulu verməyə həqiqətən dəyər məncə . Əgər belə bir fikriniz olsa orada tanış olduğum peşəkar pilot olan Sami qardaşa müraciət edə bilərsiniz. Əminəm ki, sizə lazımı köməkliyi göstərəcək (0537 3122506 – flysami@gmail.com).
Gəmi turları isə müxtəlif istiqamətlərədir. Getdiyim 2 gəmi turu olduğu üçün yalnız bunlar barəsində məlumat verə bilərəm. 12 adalar adlanan tur zamanı gəmi sizi ölüdənizin görməli adalarını gəzdirir. Hər adada ortalama 1 saat dayanır. Bu bir saat ərzində gəmidən suya tullanıb üzə və ya ada sahilində günəşlənə bilərsiniz. Suyun şəffaflığı isə sözlə ifadə edilə bilməz . Gəzinti ərzində 1 saat civarında gəmi daxilində yemək fasiləsi verilir. Nahar ödənişi biletə daxildir. Biletin qiyməti 100 TL-dir. İstəyiniz üzərinə naharda ya balıq, ya da toyuq əti seçimini öncədən edə bilərsiniz. Gəmidə turistlərin əhvalını yüksəltmək üçün bir sira əyləncələr düzənlənir. Tur saat 11-də başlayıb 6-da bitir. Digər qeyd etdiyim gəmi turuna isə yolcuların böyük bir hissəsi son məntəqə olan Kelebekler vadisini görmək üçün gedir.

67760067_3110170199023049_6777613943918559232_o

Ölüdəniz plajları haqqında da bir az məlumat verim sizə). Dolmuşların son dayanacağında ödənişsiz “Belcekiz plaji” yerləşir. Burda yalnız şezlonqla çətiri ödəniş edərək əldə edə bilərsiniz. Sahili daşlıdır. Səyahətim ərzində ən çox bəyəndiyim və sizə də məsləhət gördüyüm “Kumburnu plajı”dir. Hərtərəfli ideal plaj mənə görə ora oldu. Dalğa ümumiyyətlə yoxdur. Plaj “Blue lagoon” parkı daxilində yerləşir. Giriş adambaşı 7 TL-dir. Bundan əlavə məsləhətli plajlardan biri də “Kaputaj plajı”dir. Plaj Fəthiyədən 1 saat 40 dəqiqə məsafədə yerləşir. Fəthiyə otogarından Kalkan otogarına gedib ordan dolmuşlarla plaja çata bilərsiniz. Suyu mükəmməldir, lakin dalğalıdır. Sahili daşlıqdır.

69057951_3110170192356383_4513699127002923008_o

Ümumiyyətlə qumlu sahil arzusundasınızsa “Patara plaji”na getməyinizi məsləhət görürəm. Bura da Kalkan və Kaş otogarından avtobuslar gedir. Qeyd etdiyim plaj da ödənişsizdir. Lakin şezlonq və çətir pulludur. Bu qədər .

67658895_3110170345689701_6524976451375071232_o.jpg

10 günlük səyahətim zamanı Ölüdəniz bölgəsində kifayət qədər istirahətdən həzz aldım . Qayıdan zaman avtobus yorğunluğunu göz önünə gətirib Antalya-Trabzon təyyarə reysindən istifadə etdim. Çünki, Türkiyə ərazisi get-get bitmir . Pegasus reysi 100 AZN civarında başa gəldi. Səyahətimi bu şəkildə sizə yansıtmağa çalışdım. Ümid edirəm köməyi dəyər . Qrammatik səhvlərə yol vermişəmsə üzrlü sayın.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR