Tarixi sarayları və sehirli mühiti ilə İran - ŞƏXSİ TƏCRÜBƏ

Tarixi sarayları və sehirli mühiti ilə İran - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 10 Yanvar 2020 13:48 1035
Tarixi sarayları və sehirli mühiti ilə İran - ŞƏXSİ TƏCRÜBƏ

İran səfəri haqqında çox uzun bir yazı.

Bu yazı bir az uzun olacaq. Ona görə də indidən çay-kofe-qarpız nələrsə əlinizin altına qoyun. Əvvəlcədən yazımda olan səhvlərə görə üzr istəyirəm. Maraqlı gəlsə və həvəsiniz olsa bunu redaktə edib mənə göndərərsiniz, göndərərəm hansısa sayta.

Deməli başlayaq. Hər şeyin əvvəlində nə gəlir? Əlbəttə ki, səbəb. “İrana gedirəm” dediyim anda insanlar çoxu təəccüblə, qarşısında “ağlını itimiş” bir insan gördüklərini hiss etdirirdilər və səbəbi soruşurdular. “Həkimə gedirsən?” – Yox, “Məşədə gedirsən?” – Yox. Bəs nə işin var orda? Səbəb isə çox sadə idi – uşaqlıqdan Təbrizə marağım olub və bu dəfə istəyimi reallaşdırmaq qərarına gəldim.

Necə getdik? Adil və Zeynalla qərara gəldik ki, Tehrana təyyarə ilə gedək və oradan üzü yuxarı yavaş-yavaş davam edək. İlk dəfə idi ki, getdiyim yerə heç bir çanta, çemodan götürməmişdim. Düşündük ki, orada nə lazım olsa alarıq. Buta sağ olsun! Əl çantasına belə icazə vermir, ona görə də balaca A4 ölçüsündə bir çanta götürmüşdüm.

67340271_10157167203797900_2038120646633848832_o

Dostlarıma çox yansıtmasam belə içimdə bir həyəcan var idi, çünki deyirdilər ki, bəs Amerikada olmuş adamlar İran sərhədində problem yaşaya bilərlər . Xülasə, təyyarədən düşdük və passport yoxlanışa yaxınlaşdıq. Gömrük işçisi yuxulu-yuxulu bizə baxdı və passporta möhür vurmadan bizi yola saldı. Onu qeyd edim ki, qayıdanda belə gömrük işçisi passportumda möhürün olmadığını gördü və möhür vurmadı. Bizimkilərdən soruşanda dedilər ki, bəs bunu Avropaya gedəndə problem yaranmasın deyə edirlər.

Dil: İlk gördüyümüz adamla ingiliscə danışmağa çalışdıq, o da biləndə ki, biz Azərbaycandan gəlmişik dedi ki, “ə bəs türkçə danışın da” (bundan sonra da “türkcə” və “türk” sözləri istifadə olunub. burada elə bizim dil və xalq nəzərdə tutulur).
Biz də elə danışdıq. Çıxdıq bayıra və bir taksi tapdıq. Öz dili ilə desək Ərdəbil uşağı Əkbər bizi gecə Tehranında gəzdirdi və ölkə barədə ilk məlumatları verdi: ”Tehranda ən pis halda hər 3 nəfərdən birisi türkdür. Yeməkxanalar, bazarlar və s. xidmət obyektlərinə elə türklər baxır. Rahat türkçə danışa bilərsiniz”. Bax bu mənim üçün yeni məlumat oldu ona görə də kimə yaxınlaşırdıqsa ingilis dilində yox, elə türkcə danışırdıq. Tehrandan üzü yuxarı şimal tərəflərdə əsas türklər yaşayır. Təbrizdə isə demək olar ki, hamı bizimkilər idi. Türk dilini sadəcə türklər yox, elə farslar və kürdlər də bilirlər. Dilləri çox şirindir. Misal üçün “ay can” əvəzinə “caaaanım” deyirlər. İlk dəfələrdə başa düşməkdə bir az çətinlik çəkə bilərsiniz, lakin 2-3 günə tam başa düşəcəksiniz. Ona görə hər yerdə ilk olaraq türkcə söhbətə başlayırdıq, başa düşməyəndə ya ingiliscə, ya da avtomatik türkcə anlayan birini tapırdılar.

67293313_10157167203392900_4011518734572191744_o

Qaldığımız məkan: “Hi Tehran” adlı hostel idi. Bu hostel çox şirin bir məkan idi – əsas da İnterneti yerində və xudmani səhər yeməyi var idi. Təbrizdə isə Saeb (səhv xatırlamıramsa adı belə idi)adlı bir oteldə qaldıq. 2 yataq otağı + qonaq otağı, günlük təxmini 50 azn idi. Möhtəşəm!

Pul vahidi: Çıxdıq şəhərə. İlk getdiyimiz yer sərraf idi – bizim dillə desək pul dəyişmə məntəqəsi. Ümumiyyətlə, İranda məni ən çox çaşdıran elə bu pul söhbəti olmuşdu. Niyə? Rəsmi adı rialdır, lakin hər kəs tümən adından istifadə edir. Məzənnə elədir ki 1 manat 71.000 rial (7.100 tümən) idi və elə ilk pul dəyişmədən sonra biz olduq millioner. Məsələ odur ki, hər dəfə bizə qiymət deyiləndə biz dəqiqləşdirirdik ki, söhbət tüməndən gedir ya rialdan. Axırdan axıra başa düşdük ki, söhbət tüməndən gedirmiş.

Qiymətlər: Təbrizdə Eynəlidə (aşağıda oxuyacaqsınız) bir işçi ilə danışırdıq. Xanım dildən saz idi. Hardan gəldiyimizi biləndən sonra dedi ki “nə var e sizə? gəlirsiniz müftə gəzirsiniz burada” və nə yalan deyim – elə idi. Təsəvvür edin ki, gedirdik yemək yeməyə, 3 adama nəyi var yeyirdik və hesab 30 Azn-i heç vaxt keçmirdi. Ona görə çox yerə gedəndə heç qiyməti soruşmurduq. Taksi də çox ucuz idi – şəhərin bir başından o başına maksimum 3-4 Azn-ə gedirdik.

67248261_10157167197157900_600891625794699264_o

Yol hərəkəti: Tehran deyəndə ilk ağlıma gələn oranın yol qaydaları idi. Yəni anormallığı. Bunu sözlə ifadə etmək çətindir, gərək görəsən. Sadəcə təsəvvür edin ki, orada heç kim (!) piyada zolağında saxlamır və piyadalar sadəcə maşınlar və motosikletlər arasında oynayaraq yolu keçirlər. Məsələ onunla çətinləşir ki, qanun qaydaya fikir verən yoxdur və kim necə gəldi sürür. Sözün əsl mənasında. Əlavə olaraq hara gəldi, necə gəldi sürən yüzlərlə motosiklet və moped var. Oranı görəndən sonra Bakı maşın sürmək üçün ən möhtəşəm yerdir. Təsəvvür edin!

Təbrizdə hər şey daha yaxşı idi. Ən azından piyadaya yol verilirdi, lakin orda da qayda-qanunla insanların arası heç yaxşı deyildi. Təsəvvür edin ki, taksi sürücüsünün birisinə sual verdik ki, bəs siz də “dairədə” yol kimindir? Cavab – kim birinci girdi 

Yeməklər: səhər yeməyi təcrübəm çox güclü olmayıb deyə sizə sadəcə nahar və şam yeməyindən danışa bilərəm. Tehranda günorta Tehran bazarında yerləşən bir yeməkxanaya getdik. “Daldeh” yerdə yerləşməsinə baxmayaraq növbədə bəlkə 40 nəfər gözləyirdi. Çox maraqlı arxitekturası var idi. Porsiyalar isə çox böyük idi. İranda düyünü yağla verirlər (üstündə qoyurlar).

67638302_10157167203862900_9064879415690788864_o
O biri günTəbrizdə Zeytun restoranında oturduq (rəngli şüşəli şəklim var) Növbəti məkan isə bir kababxana idi (şəkli var). Lülə kababı verirdilər, 40 sm-lik hardasa. Lülənin yanında laym (İranda çox məhşurdur), reyhan (!) və soğanla bir yerdə. Çox dadlı idi, çox!

Kəllə-paça, piti və sairə kimi yeməklərə vaxtımız çatmadı. Ümumən yeməklərdən razı qaldım. Çayı isə cəmi 1 yerdə dada bildim (Eynəlidə). Digər yerlərdə sallama çay verirdilər 
Meyvə şirələri tam ayrı bir mövzudur. Ən çox bəyəndiyim yemiş və çiyələk idi. Sözlərlə ifadə edilmir, əntiqə idi!

Görməli yerlər:

Bu mövzuda uzun-uzadı yazmaq olar, amma vaxtınıza qənaət edəcəm (əlavə məlumat üçün google edə bilərsiniz). Aşağıdakı yerləri 10 ballıq şkaladan qiymətləndirəcəm. Qeyd edim ki, mən çox da bina-incəsənət adamı deyiləm deyə qiymətləndirməmdə əlbəttə ki, önyarqı var.

Tehran

-Gülüstan sarayı – İransayağı Dolmabahçe. Topkapıya heç yaxın durmur. Bir dəfə görmək lazımdır. 5/10
-Tehran Bazarı – çox gəzə bilmədim, amma maraqlı yerə oxşayır. 6/10
-Azadi Tower – şəkil çəkdirmək üçün yaxşı yerdir. Avtovağzaldan da uzaq deyil. Son olaraq ora gedə bilərsiniz. 6/10
-Miladi Tower – dünyanın ən hündür 6-cı teleqülləsidir. Bütün Tehran əlinin içindəki tək görsənir. Axşam gün batmamışdan əvvəl getmək şərtdir (biz bilmirdik). 7.5/10

Təbriz

-Təbriz Böyük Bazarı – dünyanın ən böyük qapalı bazarıdı. Alış -veriş üçün mükəmməl bir yerdir. Orada minimum 1 gün keçirmək lazımdır. 9/10
– Azərbaycan Muzeyi – sadəcə adına görə içəri girdik. Ən maraqlı hissəsi bu günə kimi İran ərazisində olan dövlətlərin hökümdarlarının buraxdığı qəpik kolleksiyası idi. 6/10
-Göy Məscid – çox təəssüf ki, pis gündədir və indi əsaslı təmir olunur. Lakin ora gedib 2 rükət məscidə salam namazı qılmaq lazımdır. Gözəl aurası var. 6/10
-Kəndovan – Kapadokya tipli, qayalardan yarılmış evlərdən ibarət bir türk kəndidir. Bir dəfə gedib görmək olar. 6.5/10
-Eynəli – Bəlkədə gördüyüm ən maraqlı yer idi. Qəbələdə olan kanat yoludur. Biz dağın başına piyada qalxdıq və ordan bütün Təbriz görünürdü. Yolun ortasında bir çadır var idi, orada nəhayət ki, normal bir çay içdik. Bu yerə də axşam gün batanda gedin. Biz yenə də bilmirdik. 8.5/10
-Saat Meydanı – tam dəqiq bilmirəm, amma Saat meydanından üzü Böyük bazara tərəf gedən nəqliyyat üçün bağlı olan tərəfi İstanbul, digər tərəfi Gəncənin Sabir küçəsinə oxşayan bir yerdir. Çox söydüm oranı, cənublular demiş – 10/10

Təbriz ya Tehran – şübhəsiz Təbriz. Bir az yöndəmsiz Tehrandan Təbrizə gələndə içimdə bir qorxu var idi. Bəzən olur ki, hansısa qızla tanış olursan online və bir gün qərar verirsən ki görüşək. Qorxursan ki qızı görəndən sonra başa düşəcəksən ki, şəkillərinə lazımından artıq filtr qoyub)) Bax mən də Təbrizi ilk görəndə o qorxunu keçirirdim, amma dəyməzdi. Təbriz öz alicənablığı ilə sadəliyi ilə məni valeh etdi.

Şəhərlərarası avtobuslar: 2 gecəni avtobusda keçirən adam olaraq deyə bilərəm ki, bunların avtobusları əntiqə idi! Bizim avtobuslar kimi 4 yox, 3 sıradan ibarət idi və geriyə getmə bucağı daha yüksək olduğundan daha rahat uzanmaq olurdu. Tehrandan Təbrizə və Təbrizdən Bakıya oxşar avtobuslarla gəldik və çox razı qaldım.

Abu-hava: Yuxarıda qeyd olunan tıxac xaosuna baxmayaraq 4 gün ərzində 1 dəfə də olsa mən bu ölkədə stress görmədim. İnsanlar bir-birinə qarşı çox hörmətlə davranır və çox nəzakətli idilər. Xüsusən bunu Təbrizdə hiss etmək olardı. Bizim sürücülərin yolun ortasında “xarakiri” edəcəyi məqamlarda bunlar heç siqnal belə vermirdi. Çox təəcüblü idi vallah!

Sağollaşmalar: Ən çox yadda qalan məqamlardan birisi məhz bu idi. İranlılar bizim kimi “sağ ol”-la kifayətlənmir və çox kreativ sözlər istifadə edirlər. Yadımızda qalan bəziləri bunlar idi – “nökərinəm, yaşa! (ən çox bu istifadə olunurdu) , əllərin dərd görməsin, cibin milyon görsün” və s.

İnsanlar: Məni ən çox təsirləndirən məhz onlar idi. Türk olsun, fars olsun hər biri suallımiz olanda kömək etməyə çalışırdı. Nə yalan deyim, 4 gün ərzində 1 dəfə də olsun kobudluq və ya sərt reaksiya görmədim.

67299721_10157167203352900_1403086350118289408_o
Türklər bizi görəndə lap çox sevinirdilər. Bizə sual verirdilər ki, bəs niyə gəlmisiniz bura. Cavabimiz o idi ki “sizi görməyə” , “Sizi tanımağa”. Bu insanlar elə bil bir az daha safdırlar (bilirəm, ümumiləşdirirəm). Biz hər zaman Anadolu türklərinə qardaş kimi baxmışıq, amma başa düşdüm ki, cənublular lap “canımızın içidir”. Onlar bizim televiziya kanallarına baxırlar. Qarabağ məsələsi ilə maraqlanırlar, bizim musiqimizdən agahdırlar. Təsəvvür edin, Eynəlidən Saat meydanına qayıdırıq, bir cavan oğlan bizi aparırdı. Dedi ki, bu dəqiqə sizə bir mahnı qoyacam və budur- Rəşid Behbudovdan bir şey gözlədiyim andan gur səslə Üzeyir Mehdizadə stilində bir mahnı qoydu. Demək ki, həm yaxşı, həm də pisdə bizi örnək götürürlər.
Gördüyüm hər 5 nəfərdən biri deyirdi ki, bəs ya Şimalda qohumları var, ya da böyük babam ordan gəlib. Birinə dözmədim dedim ki, “ağa niyə gəlib bura bəs?”, o da gülərək dedi ki, “bəs nə bilim e səhvdir də edib”.

Səhv demişkən. Siz də bu səhvi etməyin və imkan olanda gedin qardaşlarınızı görün. Uzaq deyillər. Arazın o tayındadılar. Düzdü, fərqlidirlər, rusdilli deyillər, çox da qlamur da deyillər, amma onlar da bizdən birisidir, biz də onlardan. Neçə gündür gəlmişəm və danışdığım mövzu elə budur. İranı çox söydüm (sevdim – cənub ləhcəsində). Gedin, siz də söyün 

P.S. Bu səfərdə mənə dözən, əsl qardaşlıq göstərən, tam bir YESMAN-lar olan Adil və Zeynala təşəkkürümü bildirirəm!

OXŞAR XƏBƏRLƏR