İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 22 Fevral 2021 23:39 538
İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Arnavut kaldırımlı taş sokaklarda...

Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.

Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.

Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.

Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.

Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:

“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.

Ziya dayı deyir ki, bu gün əvvəlki əyləncəsi qalmasa da, yaşadığı səmti çox sevir və hər baxdığında Allahın onları cənnətdə yaşatdığına inanır. Sonra yenə əvvəlki Arnavutköyü xatırlayır:

“Eskiden boğazda tekne elinden yer bulamazdın. Sıra ile dizilirlerdi... Bize yazlık evler, tatil gerekmezdi. Buradan denize girer, yüzerdik. Bazen boğaza atlamak için teknelerin üzerine çıkardık. Şimdi üç-beş tekne duruyor kıyıda. Çocukluğumu, eski komşularımı, mahallemizin o eski kokusunu çox özlüyorum”.

Dün, seni gördüm rüyamda

Arnavut kaldırımlı taş sokakta

Ah bir dili olsa da bir, konuşsa

Anlatırdı masumca seni bana

Bu gün Arnavutköyde gəzəndə 90-cı illərdə məşhur olan Demet Sağıroğlunun “Arnavut Kaldırımı” mahnısını zümzümə edirdim. Məni də bu kimi mahnılar uşaqlığıma aparır...

Hə, pandemiyaya görə İstanbulda kafe və restoranlar işləmir. Odur ki, termosumu isti kofe ilə doldurub, çantama bir-iki dadlı şirniyyat atmışdım. Narın yağan yağışın altında, kofemi içə-içə gəzdim Arnavutköyü. Küçədə məndən başqa gəzən qonaq yox idi. Bəlkə də ona görə məhəllə sakinləri hər addımbaşı çay-kofe təklif edir, söhbətləşməyə maraq göstərirdilər.

Mən bu məhəlləni çox sevdim, bir gün yolunuz İstanbuldan düşsə, siz də baş çəkə bilərsiniz. Ümid edirəm o zamana qədər pandemiya bitər və buradakı gözəl görünən kafe-restoranların dadını çıxararsınız 

 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR