Tayland bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 25 Fevral 2021 09:49 812
Tayland bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Mənim üçün 2020-ci il yadda qalan illərdən biri olacaq. Yanvar ayında Baliyə 10 günlük səfərim virus səbəbilə bir ay çəkdi. Bir ay Balidə qaldıqdan sonra Taylanda gəldim və artıq 7 aydır ki, burdayam.

BALİ

Bali mənim ən çox sevdiyim yerlərdən biridir. Bu mənim Baliyə üçüncü səfərim idi və əvvəlki illərdə olduğu kimi bu səfərdən də böyük zövq aldım. Balidə ən çox zövq aldığım şey Kecak rəqsini izləməkdir. Kecak ənənəvi Bali rəqsidir və bu rəqsdə heç bir musiqidən, instrumentdən istifadə olunmur. Bali haqqında geniş , ətraflı postlar olub deyə, bu postu əsasən Tayland haqqında edəcəm. İlk dəfə gedənlər Balidə 10 gün qalmaq üçün səyahətinizi üç yerə bölün. 3 gün Ubud, 2 gün Nusa Penida adası və 5 gün Seminyakda qalmaq daha əlverişli olardı.

TAYLAND

Posta başlamamışdan öncə deyim ki, Taylandda əksər insan Azərbaycanı Azerrail voleybol klubuna görə tanıdı:) Pandemiya dövründə ən çox Taylandda olan turistlərin bəxti gətirdi. Belə ki , Tayland tez bir zamanda özünə gəldi və artıq üç aydır ki, daxili yoluxma yoxdur. Taylandda sərt karantin rejimi iki aya yaxın çəkdi və bu müddət ərzində çölə çıxmaq qadağasi yalnız gecə saatlarında oldu. Karantin bitən kimi isə məbədlərə, qoruqlara , atraksionlara giriş bir müddət pulsuz oldu. Ancaq Taylandda turizm hal-hazırda ,,ölüb ". Mart ayından Tayland turistlər üçün girişi bağlayıb. Normalda gecəsi 20 dollar olan otel otağı indi səhər yeməyi daxil 6- 10 dollar civarındadır. Hər şeyin qiyməti 2-3 dəfə düşüb. Tayland hökuməti turizmi canlandırmaq üçün ölkədə olan xaricilər üçün Sentyabrın axırına kimi viza amnestiyası elədi və belədə turistlərin çoxu Taylandda qalmağı üstün tutdular. Belə fürsətdən istifadə edib bütün Taylandi gəzmək qərarına gəldim. Taylandda ən çox sevdiyim yer Chiang Mai , ən az bəyəndiyim isə Pattaya oldu.

Chiang Mai

Ən dadlı və ucuz Tay yeməkləri , ən gözəl masaj , ən mehriban insanlar, ən ucuz otellər ,Taylandın ən uca zirvəsi, ən çox Buddist məbədləri , məşhur Karen qəbilələri, fil düşərgələri , hamısını Chiang Maida görə bilərsiz. Karen qəbilələri daha çox boyun halqasi geyindikləri üçün tanınırlar. Etnik Tibetli olan bu qəbilələr daha çox Myanmar və Tayland sərhəd bölgələrində yaşayırlar. Boyun halqasini ilk dəfə 5 yaşı olanda taxırlar və illər keçdikcə kiçik halqani daha böyüyu ilə əvəz edirlər. Halqa taxma səbəbləri haqqında bir çox versiya olsa da, əsas səbəb gözəl görsənmək göstərilir.

Pattaya

Taylanda ilk dəfə gedənlər üçün Pattayaya getməmək məsləhətdir. Digər şəhərlərlə müqayisədə çimərlikləri çox çirklidir və şəhər cəlbedici deyil.Taylandda ən gözəl və təmiz çimərliklər Krabi, Samui və Phangan adalarındadir.

Krabi

Krabi daha çox adalari ilə məşhurdur. Krabidə bir günlük 4 ada turunu götürüb çox gözəl bir gün keçirə bilərsiz. Phangan Nga adasındaki çimərlikdə üzmək zövq vericidir. 90-ci illərin məşhur Mortal Combat filminin bəzi döyüş səhnələri Phangan Nga çimərliyində çəkilib.

Phi Phi adalari

Phi Phi adalari və onun gecə həyatı çox gözəldir. Ada 2000-ci ildə çəkilmiş "Cimərlik" filmindən sonra məşhurlaşıb. Phi Phi adalarına getmək istəsəz bir günlük tur yox adanın özündə minimum iki gecə qalmaq daha yaxşı variantdir.

Phuket

Phuket gözəl və maraqlıdır , ancaq bir az bahalı yerdir. Çimərlikləri, Böyük Budda məbədi və Bangla küçəsi Phuketin əsas gediləsi yerləridir. Karen Noi və Freedom Phuketdə ən təmiz çimərliklərdir.

Samui adası

Taylandda ən təmiz və şəffaf çimərlikləri Samuidə gördüm. Bəzi çimərliklərdə çəhrayı delfinləri görmək olar. Çimərliklərdən əlavə şəlalələri , məbədləri də çox gözəldir.

Phangan adası .

Hal-hazırda olduğum Phangan adası daha çox Full Moon party ilə tanınır. Hər ay bir dəfə olan partidə 5000- 30000 arasi insan iştirak edir. Adanın çimərlikləri və viewpointləri çox gözəldir. Buraya təzəlikcə gəlmişəm ve ada çox gözəl təəssürat bağışlayır.

Bangkok

Bangkok Taylandda ən gəziləsi yerlərdən biridir. Buddist məbədləri , üzən bazarlar, Chinatown , Khao San küçəsi Bangkokun əsas gəziləsi yerləridir. Taylandda ən ucuz paltar və yaxud suvenir almaq istəyən Bangkokdaki Chatuchak həftə sonu bazarına gedə bilər. Bu tip bazar dünyada ən böyüyü sayılır.

Ayuthayya

Ayuthayya Bangkok dan bir saat aralı məsafədə yerləşir. Bangkokdan bir günlük tur götürmək bəs edir. Ayuthayyani Kambocadaki Angkor Wata bənzədirlər. Əslində Angkor Wat kimi möhtəşəm olmasa da, Ayuthayyaya bir günlük getməyə dəyər.

Taylandda 10 gün qalmaq üçün səyahətinizi 4 yere bölün. 4 gün Chiang Mai, 4 gün Krabi , 2 gun Phi Phi adalari fikrimcə ən əlverişli variantdir. Mənim fikrimcə Taylandda top 5 gəziləsi yerlər aşağıdakı kimidir :

1-Chiang Mai

2-Krabi/Phi Phi adaları

3-Bangkok

4-Phuket

5-Samui adası

Ümumən deyim ki, Bali və Tayland hər ikisi çox gözəldir. Hansının daha yaxşı olduğunu deyə bilmərəm ( Messi və Ronaldo söhbəti kimi  ) Lakin ikisinin arasında seçim edənlər üçün müqayisə etmək istərdim :

1# Qida və içkilər Taylandda nisbətən ucuz və dadlıdır.

2# Otellər Taylandda bir az ucuzdur.

3# Gecə həyatı Balidə bir az üstündür.

4# Mənzərələr və çimərliklər Balidə daha gözəldir , lakin üzmək üçün Tayland daha yaxşıdır. Balinin çimərlikləri dalğalidir ve daha çox surfing üçün yaxşıdır.

Yəqin, 51/49 faiz nisbətilə Balini seçərdim . Bir şeyi də qeyd edim ki , Bali və Tayland 2021-ci ilə kimi turistlərə bağlı olacaq. Sonda isə müxtəlif vaxtlarda Balidə ve Taylandda çəkdiyim şəkilləri və videoları paylaşıram. Sualları olan buyurub yaza bilər. Hamınıza xoş istirahətlər 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR