Xalaxel gölünə gəzəyən turu - ŞƏXSİ TƏCRÜBƏ

Xalaxel gölünə gəzəyən turu - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 4 Mart 2021 10:19 679
Xalaxel gölünə gəzəyən turu - ŞƏXSİ TƏCRÜBƏ

Bugün sizə karantin günlərində Zaqatalada yerləşən Xalaxel (Zaqatalada daha çox Xalaxi deyirlər) gölünə etdiyim səyahətdən danışacam. Buzlaq mənşəli olan bu göl dəniz səviyyəsindən təxminən 3060 metr hündürlükdə, yüksək dağlıq ərazidə yerləşir. Əslində gölə getməyi keçən ilə planlasam da yol yoldaşı tapmadığıma görə səyahətim ləngiməli oldu.

İyulun 5-dən Şəkinin də karantinə alınacağını eşidəndə 3-ü axşamı qərara gəldik ki, yollar bağlanmamış tez-bazar özümüzü Zaqatalaya yetirək. Dostum Vüsal ilə Qəbələdən yola çıxdıq və artıq axşam Zaqatalada idik .Yolüstü Qaxda yerləşən Kürmük Alban məbədinə də baş çəkdik. Planımızda Xalaxel gölünə Qanslar şəlaləsinin yerləşdiyi dərə ilə getmək vardı. Lakin kənddə yaşayan və ərazini yaxşı tanıyan çobanların məsləhətinə əsasən, Yuxarı Çardaqlar kəndindən başlayaraq yaylaqlar boyu uzanan marşrutla getmək qərarına gəldik.

1-ci gün, 22km

İyulun 5-də səhər saat 6-da 3 nəfər taksi ilə Yuxarı Çardaqlar kəndinə yollandıq. Qeyd edim ki, hər üçümüz gölə ilk dəfə gedirdik və şəxsən mənim içimdə çox böyük sevinc vardı. Kəndin bitəcəyindəki çay dərəsindən cığırla yola başladıq, bir neçə kilometr yol qət etdikdən sonra artıq kolluğun başladığını və dərə ilə davam etməyin rahat olmadığını gördük. Üzü meşəliyə tərəf biraz dırmaşandan sonra gəlib köhnə at cığırına çıxdıq ( bu yerdə bəxtimiz gətirmişdi). Cığır bizi meşə massivinin bitdiyi göz oxşayan, yamyaşıl alp, subalp çəmənliklərinin başladığı yerə gətirib çıxardı. Bu yerdə Metrologiya stansiyası yerləşirdi.

Metrologiya stansiyasında işləyən nur üzlü insanlar bizi çaya dəvət etdilər. Biz də dəvətə icabət etdik, düzü, dağda çaya yox deyə bilmirəm)). Stansiya olduqca gözəl bir yerdə yerləşdiyindən, burdan üzü Zaqatalaya açılan mənzərəni seyr eləmək nəyə desəniz dəyərdi. Hər tərəf al-əlvan çiçəklərlə dolu idi .. Artıq günorta idi və biz yüngül günorta yeməyindən sonra yola davam elədik. Yol boyu gözəl mənzərələrə baxa-baxa ruhumuz dincəlirdi. Təbiət qoynunda insan fiziki olaraq yorulsa belə özünü ruhən çox xoşbəxt hiss edir. Bunu təbiətə bol-bol səyahət edənlər daha yaxşı bilər)))

4-5 saatlıq yoldan sonra növbəti çoban alaçığında dincimizi aldıq. Burda da bizi çobanlar, Murad və Piri olduqca qonaqpərvər qarşıladı, çatan kimi çay süzdülər və bizi axşama da qonaq saxlamaq istədilər. Ancaq biz burada çox ləngiməyib, gölə ən yaxın çoban alaçığı olan Daşkəsən yaylağına üz tutduq. Onlara söz verdik ki, qayıdanda sizə yenə baş çəkəcik)))) Alaçığa çatanda artıq hava qaralmağa başlayırdı, burda da bizi olduqca qonaqpərvər qarşıladılar. Biz axşam üçün öz çadırımızı qurub yatmaq istəsək də çobanlar təkidlə öz alaçıqlarında yatmağımızı istədilər.(alaçıq həm təhlükəsiz, həm də böyükdür)

Bu bölgədəki çoban alaçıqları ətrafı daşlarla hörülmüş, dam hissəsi isə əsasən dəmirdən düzəldilir. Alaçığın içinə yay boyu pendirlər yığılır. Olduqca dadlı olan bu pendirlərin dadına baxmaq fürsətimiz də oldu. Bəzi çobanlar göl yolunun çətin olduğunu, ərazidə havanın tez-tez dəyişdiyini, dumana düşə biləcəyimizi desələr də onlara ilk dəfə dağa çıxmadığımızı, müəyyən bir təcrübə sahibi olduğumuzu deyəndən sonra bizə inamları yarandı və göl yolu haqqındakı məlumatlarını bizimlə bölüşdülər. Axşam isə bizi öz süfrələrinə dəvət edib yaylaqda dadına doymadığım quzu soyutmasına qonaq etdilər.(yaylaqlara yolunuz düşsə mütləq dadına baxın). Beləcə, ilk günümüzü belə tamamladıq və səhər yürüşün davamı üçün hazırlıq görəndən sonra yatıb dincimizi aldıq. Yuxuya getməzdən əvvəl özümü hədsiz dərəcə də xoşbəxt hiss edirdim. Bu həm sabahkı yürüşün, həm də insanların qonaqpərvərliyinin bəxş etdiyi xoşbəxtlik idi.

2-ci gün, 26 km

Səhər mümkün qədər tez durub yola çıxdıq.(saat 6-da) Qarşımızda uzun yol bizi gözlədiyinə görə motivasiyamızı yüksək tuturduq. Yürüş vaxtı çoban alaçığının itləri bizi qovub yolumuzu uzatsa da hədəfimizə doğru yorulmadan böyük bir əzmlə davam edirdik. Saat 12-də artıq mənzərəsi ilə insanın ruhuna rahatlıq verən Xalaxel gölünə çatdıq. Gölün ətrafında şəkillər çəkdirib gölün suyundan da içdikdən sonra yavaş-yavaş geriyə, Daşkəsən yaylağına doğru yola düzəldik. Məqsədimizə çatdığımız üçün artıq rahat və xoş təsüratlarla geri qayıdırdıq.

Təxminən saat 5-də gəlib yaylağa çatdıq. Yaylağa qoyduğumuz yükləri götürəndən sonra yolçu yolunda gərəkdir deyərək yola düşdük. Hava qaralana yaxın bir gün əvvəl çay içdiyimiz çoban alaçığına gəlib çatdıq. Gecəni onların alaçığında qalmağa və səhər Muradla birlikdə yola düşməyə qərar verdik. (bizi daha qısa yolla Sabunçu kəndinə düşürəcəyini dedi ) Artıq əsas hədəfimiz olan gölü görmüş və təbiətin bəxş etdiyi müsbət enerji ilə ruhumuz qidalanmışdı.

3-cü gün, 12km

Səhər 05:30-da yuxudan durub tez-bazar səhər yeməyini yedik və yola düşdük. Qayıdarkən yüklərimizin bir hissəsini kəndə düşən atlara yüklədik və bu sayədə rahat yol gəldik. Geri qayıtdığımız yol getdiyimiz yoldan fərqli olaraq Sabunçu kəndinə düşürdü. Səhər saat 9-da artıq biz kəndə çatmışdıq. Kənddən axan çayda çimmək üçün çay daşlarından çox gözəl bəndlər düzəldilmişdi. Biz də yol yorğunluğumuzun çıxması üçün özümüzü atdıq bu bəndlərdən birinə. Beləcə Xalaxel gölü səfərimizin sonuna gəldik. Görülməli yerlərdən biridir deyə düşünürəm. Əminəm ki, gölü gördüyünüz an bütün yorğunluğunuz çıxacaq.

Ümumilikdə 60 km yol qət etdiyimiz bu səfərdə işinizə gələcək bir neçə qeyd.

1) Dağ yolları Azərbaycanın digər ərazilərinə nisbətən (Qəbələ, Quba, Qusar və s) daha rahatdır.

2) Kifayət qədər dağçılıq təcrübəniz yoxdursa bələdçisiz getməyi məsləhət görməzdim.

3) Hava şəraitini mütləq nəzərə alıb gedin.Çünki göl 3000+ ərazidə yerləşir.

4) Özünüzlə tez xarab olmayan yeməklər götürün.( mən daha çox ton balığı götürürəm) Ocaq götürməyi unutmayın, çünki meşə massivi təxminən 2000 metr hündürlükdə bitir.

5) Çobanlardan eşitdiyim qədəri ilə ərazidə ayılar var və axşamlar qoyun sürülərinə hücum edirlər. Ehtiyatlı olmağınız məsləhətdir.

Özümüzlə nə götürməliyik deyə soruşsanız.

1) Çadır

2) Yuxu tulumu

3) Mat

4) Baş fənəri (ehtiyat batareyalar)

5) 4 günlük ərzaq

6) Ocaq (Qaz balonu+ başlıq)

7) Yürüş çubuqları ( yol uzun olduğundan tez yorulmamağınız üçün )

8) Su qabı (Çoban alaçıqlarının yaxınlığında bulaqlar var, soruşsanız göstərəcəklər)

9) Ehtiyat paltar ( yağmurluq, başınızı günəşin güclü şüalarından qorumaq üçün panama)

10) İlk yardım çantası (Günəş kremi ) və s.

Sonda göstərdikləri xoş münasibətə görə Murad,Tunar və digər Zaqatalalı dostlara dərin təşəkkürümü bildirirəm.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR