Səyahət əhvalatı - "Görəsən ox işarələri haranı göstərir?" - ŞƏXSİ TƏCRÜBƏ

Səyahət əhvalatı
Şəxsi təcrübə 5 Mart 2021 11:43 492
Səyahət əhvalatı - "Görəsən ox işarələri haranı göstərir?" - ŞƏXSİ TƏCRÜBƏ

Gəlin sizə həyatımın ən unudulmaz yeni il gecəsindən danışım. Deməli 2014-cü ilin 31 dekabrıdır. Mən ilk dəfədir ki yeni ili ailəmdən, evimdən uzaqda qeyd edəcəm. Özü də Dubayda.

 

Əvvəldən planımı elə qurmuşdum ki saatlar 00:00 göstərəndə mən Burj Khalifanın yanındakı otluqda rahat şəkildə dayanıb həmin il dünyanın ən yaxşısı seçiləcək salut şousunu izləyəcəkdim. O vaxta qədərki gözümə bir elan lövhəsi dəydi "Fireworks this way". İçimdəki şeytanla bir xeyli mübarizə apardımki, görəsən bu ox işarələri haranı göstərir? Axı mən fireworksun düz altındayam? Bəlkə burda olmayacaq? Nə isə başladım bu oxları təqib etməyə. İzləyə-izləyə əvvəlcə Fontan meydanından uzaqlaşdım, sonra Dubay Malldan uzaqlaşdım. Burj Khalifadan uzaqlaşdığım anda artıq başa düşmüşdüm ki nə isə düzgün getmir. Amma özümü sındırmayıb artıq işarələrin başın buraxaraq getməyə başladım. Düz iki saat Burj Khalifanın başına dövrə vurdum.

 

Nəhayətində izlədəyim o oxlar məni bu kiçik səyahətimə başlamadan öncə dayandığım yerə gətirib çıxartdı. Amma təbiiki artıq orda iynə atmağa yer yox idi. Məcbur geri qayıtmalı oldum. Bütün restoranların terrasları zəbt olunmuşdu. Yolların kənarları zəbt olunmuşdu. Hirsimdən ağlamaq dərəcəsinə çatmışdım ki "Dayanmışdında gül kimi, o işarə oxu girsin gözüvə, sənə lazımdı, o ox hara aparır?". Bir təhər axır ki bir küçədə özümə bir balaca yer eləyib dayandım. Hələ saat 11 filan olardı. Həyatım boyu o cür insan izdihamı görməmişdim, hamı bir-birinin belinə çıxmaq istəyir, biri-birini əzib yerində dayanmaq istəyir. Qorxumdan nəfəs almıram ki birdən məni görüb, götürüb tullayarlar qırağa yerimi oğurlayarlar. Orda gözümün qabağında, bir oğlan sevgilisin itirdi, bir uşaq valideynlərin itirdi, arvad ərini itirdi, bir oğlan da başını itirdi. Bir sözlə dəhşət. Qan-qaraçılıq pik həddədir.

 

Artıq fikirləşirəm gül kimi anamın paytaxt salatını yeyib, AzTV-nin möhtəşəm konsert proqramını seyr etmək varkən, mənim nə işim var bu meşədən qaçan insan toplusu arasında. Elə bu fikirlərlə bir də gördüm ki Burj Khalifa rəng alıb-rəng verir. Sən demə artıq saat 12-yə 10 saniyə qalıb və vizual effektlərlə binanın üstündə o saniyələr göstərilir. Bina orda saniyələri sayır, camaat yerdə. Saatlar 00:00 göstərən kimi həyatımda görmədəyim atəşfəşanlıq mənə paytaxt salatını unutdurdu. Cəmi 5 dəqiqə. Ondan sonra yenə qayıtdım o meşəyə. Bu səfər isə o insan izdihamı dağılışmağa başladı. Bir hissəsi sağa, bir hissəsi sola, yarısı dala, yarsı da qabağa. Hardasa 45 dəqiqə küçənin qırağına çəkilmiş hasara sıxılıb qaldım ki, ara sakitləşsin, nəfəs alıb, gedim evimə-eşiyimə.

Nə isə bu camaatı da bir təhər yola verdik, başladım ən yaxın metro stansiyasına doğru addımlamağa. Amma gedə-gedə hiss edirəmki, deyəsən mən metroya minə bilməyəcəm. Uzaqdan stansiyanı görən kimi düşüncələrimin düz olduğuna əmin oldum. Girişin qabağında yox-yox hardasa beş min adam var, girişləri bağlayıblar ki bəs adam çoxdu metro çatdırmır, avtobusla gedin. Day bilmir ki saat 12-ni keçib, avtobuslar işləmir. "Heç nə olmaz, bir az piyada gəzim, o biri stansiyaya düşərəm" Gəzə-gəzə 5 stansiya buraxdım. Saat 2-di artıq. Yolun qırağı ilə o qədər adam gedirki, riyaziyyat o rəqəmi kəşf etməyib. Boş taksi yox, saxlayan yol maşınları da ağzını Allah yolunda açıb, 100$-dan aşağı qiymət demir. 6-cı stansiyaya çatanda gördüm ki nəzarətçi ordan "Only with family" qışqırır. Dedim fürsət bu fürsət, yolda mənimlə addımlayan tapdım bir Nataşa, başa saldım ki məni stansiyaya sal, sonra hara gedirsən get. Ər arvad adıynan stansiyaya girdik bir təhər. 3-ün yarısı öz stansiyama çatdım. Ordan da gəzə gəzə otelimə. Nömrəmə girəndə telefonum o gecə 32 km yol gəzdiyimi göstərirdi. Məndən bu qədər

Sizə məsləhətim dayandığınız yerdə, ox görürsünüzsə, heç vaxt arxasına düşməyin

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR