Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü - ŞƏXSİ TƏCRÜBƏ

Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 11 Mart 2021 11:04 864
Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü - ŞƏXSİ TƏCRÜBƏ

3 ölkəlik Balkan turundan təcrübəmi yazıram. Xüsusilə də Şengen ölkələrindən çoxgirişli vizası və ya oturum izni olanlara maraqlı ola bilər, çünki o halda vizasız hər 3 ölkəyə getmək mümkündür:

1) Albaniya. Səfərə Budapeşt-Tirana WizzAir reysi ilə başladım, ölkəyə giriş Azərbaycan pasportu ilə vizasızdır. Aeroportdan mərkəzə birbaşa ekspres avtobus ucuz qiymətə (dəqiq xatırlamıram) gedir, Airbnb və ya booking.com ilə mərkəzdə gecəsi ortalama 10-15 avroya da mənzildə otaq və ya villada ayrı girişi olan mənzil tapmaq mümkündür, şərait normal olur. Hostellər daha ucuz (5-10 avro), otellər isə daha bahadır (20-30 avro). Tiranada görməli yerlər azdır, mərkəzdə Skenderbeq adlı meydan var, sonra yaxınlıqda qalanın kiçik hissəsi qalır və orada indi restoran-kafe zonasıdır. Keçmiş kommunist liderlərin yaşadığı massiv indi daha çox əyləncə yerləri ilə doludur. Ən yaxında (təxminən yarım saatlıq məsafədə) 2 maraqlı şəhər var: Durrës və Krujë (ikisi də Tiranadan gözəldirlər). Hər ikisinə eyni avtovağzaldan getmək olur və bu saytdan əsas məlumatlara və qrafikə baxmaq olur: https://gjirafa.com/autobus (bu sayta 100% güvənmək olmaz, çünki mən 2 dəfə güvəndim və məlum oldu ki, qrafiklər yenilənəndə sayt heç də dərhal yenilənmir). Durrës yayda daha gözəldir, dənizi təmizdir və üzmək istəyənlər üçün yaxşı yerdir. Bundan başqa qalası və roma-yunan dövründən qalmış amfiteatrı da var. Krujë də maraqlı yerdir, daha çox memarlığı ilə ziyarətçilər cəlb edir, amma ora getməyə vaxtım olmadı. Daha bir maraqlı şəhəri Beratdır, ora getdim və çox xoşuma gəldi, getməyə dəyər. Xüsusilə də şəhərin yuxarısındakı qalaya qalxmaq zövq verdi, şəhərin mərkəzi və gəzinti zolağı çox təmiz və geniş idi. Tirananın 4 avtovağzalı var, ölkənin hansı istiqamətinə getməyinizdən asılı olaraq düzgün avtovağzala getmək önəmlidir. Yeməklər bütün şəhərlərdə ucuzdur, 3-5 avroya çox doyumlu yemək + içki almaq mümkündür. Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli bankomat Sizdən pul tutacaq və bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır.

2) Şimali Makedoniya. Albaniyadan Makedoniyaya keçmək üçün ictimai nəqliyyatdan istifadə çox yorucudur, bir neçə dəfə dəyişmək və sərhəddə piyada keçmək olmasın deyə avtobus şirkətlərindən hazır Ohridə və ya Skopyeyə gedən bilet almağa çalışdım. Belə biletləri onlayn almaq olmur, ona görə kassaya getmək lazımdır. Adətən belə avtobus şirkətlərinin kassaları ya mərkəzi meydanın ətrafı boyunca, ya da beynəlxalq avtovağzalda yerləşirlər. Ohridə 15 avroya gediş bileti aldım və cəmi 3 saata Tiranadan Ohridin mərkəzinə getdim. Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək yoxdur, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Ohrid dəhşət gözəl şəhərdir, gözləntilərimin üstündə oldu. Yeməkləri, təmiz gölü, hündürdə monastrlar, kilsələr və qalası ilə çox xoşuma gəldi. Elə də qlamur olmayan, amma kifayət qədər yaxşı restoranlarda mərkəzi yerlərdə 3-4 avroya yemək + içki ala biləcəksiniz (qlamur yerlərdə qlamur balıq yeməyi 9-10 avrodur). Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli banklar adətən Sizdən pul tutur və bəzi hallarda bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır. Ohriddən Skopyeyə ölkədaxili avtobuslar (Classic, Galeb və s.) təxminən 8 avroya gedirlər, mən də elə getdim və qrafikinə bu saytla baxdım: http://www.sas.com.mk/en/ (çoxlarının dediyinə görə güvənli saytdır, çünki avtovağzal qrafikləri yeniləyəndə saytı da dərhal yeniləyir). Skopye son illərdə xeyli gözəlləşib, amma ümumən kifayət qədər sosialist abu-havası var. Şəhərin albanlar yaşayan tərəfi makedoniyalıların yaşadığı tərəfdən kəskin fərqlənir, bu təzadı görmək yaxşı mənada maraqlıdır. Bir çox şeylər üçün qiymətlər Tiranadakı kimidir.

3) Kosovo (Serbiya oranı öz ərazisi hesab edir). Şimali Makedoniyadan Kosovoya keçmək çox rahatdır. Bir çox özəl şirkətlər Skopyedən avtobusla Priştinaya aparırlar, gündə bir neçə dəfə avtobus çıxır (qrafiklər və qiyməti burada: http://www.sas.com.mk/en/). Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək olmadı, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Priştinada görməli elə bir şey yoxdur, mənim Budapeştə geri dönüş uçuşum ordan səhər tezdən olduğu üçün Priştinaya gedib orada gecələdim. Vaxtı olanlar Prizren şəhərinə gedə bilərlər, deyilənə görə çox gözəldir və səhər gedib axşam qayıtmaq bəs edir. Priştina indiyə kimi gördüyüm ən ucuz Avropa paytaxtıdır, mərkəzdə yerləşən əla restoranlardan birindəki menyunu aşağıda yerləşdirirəm, qiymətlərlə tanış olun.Priştinada mərkəzdən aeroporta 3 avroya avtobus işləyir, qrafiki dəqiqdir və etibarlıdır.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR