Almaniya ilə bizim fərqimiz - ŞƏXSİ TƏCRÜBƏ

Almaniya ilə bizim fərqimiz - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 13 Mart 2021 12:37 1144
Almaniya ilə bizim fərqimiz - ŞƏXSİ TƏCRÜBƏ

Yeni iş imkanlarına qovuşmaq… Avropanın sərhdəsiz tərəflərindən istifadə edib yeni yerlər kəşf etmək… Övladlar üçün çəkişməsiz amma dayanıqlı həyatın bünövrəsini qoymaq…

Fərqli-fərqli səbəblərə görə hər il Almaniyaya üz tutan həmvətənlərimizin sayı getdikcə artır. Bəziləri bu ˝passiv˝niyyətlə ömürlərinin sonuna qədər vətəndə qalır, digərləri isə risk edərək onəmli Köçü reallaşdırır.

Almaniyada üç ilə yaxın yaşayan birisi kimi sizə Azərbaycanla Avropanın bu tayı arasındakı fərqi, qismən də olsa, anlatmaq istəyirəm. Buraya üz tutanlarda düzgün ilk təəssürat formalaşsın deyə, şəxsi təcrübəmə söykənərək, sizinlə kiçik də olsa ˝hal-qəziyyəni˝bölüşmək istəyirəm.

Qərar verdim, gedirəm….

Almaniya dünyanın ən dayanıqlı iqtisadiyyatına sahib olan ölkələrindəndir. Bu o deməkdir ki, buranı xəyal edən milyonlarla insan var və hamı burada firavan həyat qurmaq üçün dəridən qabıqdan çıxmağa hazırdır. Polşalı da, Venesuellalı da, Çinli də, hətta Panamalı da…

Siz müxtəlif yollarla bura gələ bilərsiniz. Əgər Azərbaycanda İT sekotru üzrə təcrübə sahibi olmusunuzsa, proqramlaşdırma və ya data analytics, data engineering və s. üzrə püxtələşmisinizsə, onda narahat olmağa dəyməz. Sizi, belə desək, özləri tapacaqlar. Bu zaman köç bir o qədər də ağrılı olmayacaq. Həkimlərin də bir mənada üstünlüyü var. Son zamanlar pandemiyaya görə Almaniyada hər 20 min sakinə bir ixtisaslı həkim tələbatı irəli sürülüb ki, bu da imkanları artırır. Almaniyada iş bazarı və imkanları barəsində gələcək yazılarımda sizinlə ətraflı bölüşəcəm.  Bu bir intro idi.

Xülasə, əgər siz nə həkim, nə İT mütəxəssisi, nə də digər strateji ixtisas sahibi deyilsinizsə, o zaman bura ya ali təhsil almağa, ya məcburi köçkün kimi, yaxud da qısa müddətli iş axtarışı vizası üzrə gələcəksiniz.

Hər bir halda, sizə bunları tövsiyyə edərdim:

  • Alman dili ən önəmli üstünlüklərdən biridir. Bu dili gəlməmişdən əvvəl ən az B2 səviyyəsinə qədər öyrənməkdə fayda var
  • Özünüzlə sizi ən az 1 il təmin edə biləcək vəsaitlə gəlin.
  • Köç etməmişdən əvvəl hansı şəhərə getmək istədiyinizi dəqiqləşdirin. İmkan olsa bura bir səfər edin. Ümumi qayda belədir: Şəhər böyük olduqca iş imkanları da böyüyür, lakin rəqabət də artır. O deməkdir ki, burada kirayə ev, övladlara məktəb və ya baxça tapmaq imkanı çox aşağı olur. Həyat xərcləri də buna uyğun artır.

Almaniya sənə ele belə yer deyil e, orda qayda qanun var

Bu hər birimizin beynində olan bir stereotipdir. Nə deyim, bir çox hallarda bu stereotip özünü doğruldur. Yox, sizi yanıltmayacam. Almaniya həqiqətən də hüquq dövlətidir. Əgər doğru sizin tərəfinizdədirsə, heç kim pulla satın alına bilməz, heç kim sizin əleyhinizə gedə bilməz. Amma bir məsələyə öyrəşmək şəxsən mənə çətin olmuşdu. İnsanların demək olar hər şeyə laqeyidliyi… Məsuliyyət məhfumunun tamam başqa prizmadan anlaşılması…

Sizi inandırım ki, Azərbaycan ilə müqaisədə bu ağ və qaranın müqaisəsi kimidir.

Sizə bir misal deyim, o zaman anlayacaqsınız. Almaniyanın nəqliyyat sistemi çox mükəmməl işləyir. Rəqəmsəllaşma templəri isə, çox aşağıdır. Yəni burda vağzallarda bəzən gedib kassada bilet almalı, məlumat soruşmalı olursan. Günorta saatlarında üç kassadan bəzən biri işləyir, növbədə rahat 20 nəfər olur. Və bu növbənin ortasında kassir 10 dəqiqəlik rahat kofe fasiləsinə gedir… Növbə isə böyüyür. Bu kassirin haqqıdır, pauzadan istifadə etməyi heç kim qadağan edə bilməz. Amma bizim üçün bu laqeyidlikdir.

Almaniyada sizin özünüzü öyrəşdriməli olacağınız əsas məsələ, hər sosialist ölkəyə xas olduğu kimi, işlərin çox ləng getməsidir. Bura çox bürokratikdir!

Burada həyat köçən insanlar üçün ən az bir ildən sonra gözəl olmağa başlayır. Ona qədər, bu bürokratiyaya öyrəşməli olacaqsınız. Məndə artıq buna qarşı immunitet hissi var. Həyat gözəldir :))

Bəlkə də yazıma bir az minor notlarla başladım, amma doğrusu Almaniya çox gözəl ölkədir. Təbiəti, bolluğu, rəngarəngliyi onu yaşamaq üçün bənzərsiz edir. Lakin gəldikdən sonra əzmkarlıq göstərməli və özünüzü inteqrasiyaya məcbur etməlisiniz. Əks halda hər gün vətən üçün daha çox darıxacaq, əsas amalınızdan – firavan həyat qurmaqdan çəkinəcəksiniz.

Münasibət başqa şeydir…

Deyirlər Alman ilə Amerikalının müqayisəsi ananasla avokadonun müqaisəsi kimidir. Amerikalı avokado kimidir, gülərüz, mehriban, adam həmən ona etimad bəsləyir. Amma bir müddətdən sonra yumşaq avokadonun ortasındakı bərk çərdəyə yaman dəyirsən. Yəni münasibət üçün baryer yoxdur, lakin birdən elə badalağ gəlir ki, heç gözləmirsən. Alman isə əsl kokos kimidir, qabığı çox bərkdir, içində isə zərif südü var – əvvəl səninlə aralarında münasibət baryeri olur, lakin sonra səni tanıdısa hər zaman dürüst və yaxşı münasibətdə olacaq. Mən bunu öz təcrübəmdə sınamışam.

Almanlar gəlmələrdən yorulublar, lakin demək olmaz ki, hamıya qarşı müxalifdirlər. Qərbi Almaniyadan şərqə getdikcə insan özgəliyi daha çox hiss edir. Ancaq sizi yaxından tanıyandan sonra bir çoxları fikirlərini dəyişir. Sözüm odur ki, bura gələndə ya özünüzü özgə hiss edəcəksiniz, ya da inteqrasiyaya hə deyərək cəmiyyətə daxil olacaqsınız.

Hüquqlar daha orada da qorunmasın, harda qorunsun?!

Azərbaycanlının zəngin olmaq məhfumu ilə Almanın zəngin olmaq məhfumları çox fərqlənir. Bizim üçün hər şey pulla ölçülür. Elə bilirik ki, hər şeyi ala bilirik. Alman isə puldan daha çox emosinal və mənəvi azadlığını zənginlik rəmzi sayır. Ona görə də Berlin, Frankfurt və Hamburg kimi böyük şəhərlərdə çoxlu sayda evsiz-eşiksiz, kücədə yatan insanlara rast gəlmək olar. Doğrusu mənim üçün ən böyük psixoloji hədd həmin evsiz ilə (hansı ki dövlətdən aylıq pul alır) və mənim (35% qədər dövlətə öz məvacibindən vergi verən şəxs) eyni hüquqa malik olmasıdır. Yəni əgər həmin evsiz, öz “kiçik ehtiyaclarını ödəmək” üçün binanın divarına və ya ağaca camaat içində üz tutarsa, sən ona heç nə deyə bilməzsən. Yoxsa sən hüquq pozursan və Almaniya kimi hüquqa söykənən dövlətdə bunun cavabını verməlisən.

Görəsən necə olacaq…

Mən Almaniyaya gələndən sonra özümə bir faktı aşkarladım. Əgər əzmkar olsan hər şeyə nail olarsan. Yalnız nadir hallarda insanlar burada “hazıra nazirI” həyatı sürə bilərlər. Bu cəmiyyət insanın öz potensial və bacarığını tam istifadə etməyə məcbur edir. Yəni Faydalı İş Əmsalı hər zaman yüksək olmaldır. Əgər planlı surətdə məqsədə doğru getsəniz o zaman Alman həyatı sizin üçün çox gözəl olacaq. Bura davamlı məhsuldar qüvvə qıtlığı ilə üz-üzə qalan Kanada və ya Avstraliya kimi deyil, burda rəqabət və əzmkarlıq var. Bəzi həmvətənlərimiz bu məsələnin ciddiliyini anlamırlar, bu səbəbdən də Almaniyada çox qala bilmirlər, ya da öz kürəklərini dövlətə dayayaraq məcburi köçkün kimi yaşamağa verirlər. Bu da bir çıxış yoludur. Amma belə fikriniz varsa, Azərbaycanda qalmağınız daha məsləhətdir. Rus demişkən – Хуже не будет.

Önümüzdəki yazılarda sizə Almaniya həyatı barədə daha çox məlumat verməyə çalışacam.

Xudahafiz!

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR