Norveçin "div dili" Troltanqa turu - ŞƏXSİ TƏCRÜBƏ

Norveçin "div dili" Troltanqa turu - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 15 Mart 2021 11:33 679
Norveçin "div dili" Troltanqa turu - ŞƏXSİ TƏCRÜBƏ

Norveçin "div dili" -Troltanqa turu

Təbiətin Norveçə hədiyyə etdiyi gözəlliklərdən biri (Trolltunga Tyssedal). Bir neçə il əvvəl, bu mənzərəni təsadüfi şəkildə gördüyümdə nə zamansa gedəcəyimi heç planlamamışdım.

Troltanqa-Trol dili (Trolltunga) Norveçin Hordaland əyalətində Odda şəhərində, dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən bir qayadır. Buraya həm də Trol və ya div dili də deyirlər. Bəs niyə div dili? Bunun cavabı Norveç əfsanələrində yaşayır. Belə ki, Norveçdə yaşayan Troll adlı əfsanəvi divlər burada yaşayıb. Norveçin simvollarından sayılan bu əfsanəvi varlığın adı ilə bağlı olaraq, bu qayanı “Trolltunqa”, yəni “div dili” adlandırıblar. Digər bir əfsanəyə görə isə bu yer “Günəşdən qorxan div dili” adlandırılır. Belə adlandırılmasının kökü də qədim rəvayətlərə dayanır. Mağaralarda yaşayan divlər günəşin onlara ölüm gətirdiyinə inanırdı. Hətta nəhəng divlərdən biri o qədər axmaq olur ki, bu şayiəni yoxlamaq qərarına gəlir. O, səhər açılanda dilini mağaradan çölə çıxarır və ilahi nur bu cəsarətini qiymətləndirmir və onun dili həmin yerdə donub qalır.

Bəzi məlumatlara görə, bu qayanı görməyə gedən adam sayı 2008-də 800 nəfər olduğu halda, 2016-da 80000 nəfəri keçmişdir. 2009-cu ildə turist jurnalında foto və məqalələrin dərc olunmasından sonra bu ərazi məşhurlaşıb. Ondan sonra dünyanın hər yerindən gələn səyahətçilər öz güclərini sınamaq üçün buraya gəlirlər.

Qayaya çıxmaq üçün ən əlverişli vaxt iyun-avqust aylarıdır. Digər aylar məsləhət görülmür. (dumanlı hava, yağış, qar, güclü külək, sürüşkən qayalar əsas səbəblərdir)

Eyni zamanda qayaya getmək üçün təxminən 28 km məsafə qət etmək lazımdır.Troltanqaya qalxmaq üçün əvvəlcə Oddaya, sonra Tisedaldan keçərək Skyegedala getmək lazımdır. Formasına görə qaya dili xatırlatdığı üçün belə adlandırılır. Qayaya qalxmaq üçün 950 metr uzunluğu olan pilləkəndən istifadə olunur.

Təxminən qayaya gedib - gəlmək üçün əlverişli havada 10-12 saat lazım olur. Səhər saatlarında 7-8-də hiking-ə başlamaq məsləhət görülür. Sıldırım qayalar adamı hədsiz yorduğundan bəzən adam çox səbrsizlənir, amma səbrli olub davam etmək lazımdır, çünki görəcəyiniz mənzərə çox adamın görüləcək yerlər siyahısında (bucket list-ində) olan bir yerdir. Qayaya çıxmaq qayadan geri qayıtmaqdan daha asandır. Ümumiyyətlə, hava çox dəyişkəndir. Istənilən zaman yağış yağa bilər və qayalar çox sürüşkən olur. Qayaya gedilən yolda heç bir nəzarət yoxdur, hər bir şəxs özünə cavabdehdir. Yəni hansısa formalarda zədə alan insanlar olur, həmin vaxt orada ilk tibbi yardım edəcək şəxslər yoxdur. Düzdür, vertolyot müəyyən zamanlarda səmadan nəzarət edirdi, amma hansısa çox ciddi hadisə yəni ölüm baş verərsə, müdaxilə edərlər deyə təxmin edirəm. Detallı oxumasam da yaxın zamanda avstraliyalı bir gənc qayadan düşüb-ölüb. Hər bir halda, sadəcə ehtiyatlı olmağa çalışın. Ümumiyyətlə, qayaya gedib baxmaq üçün su keçirməyən və isti geyimlər, bol qida və su mütləqdir. Təbii ki fiziki güc də buna imkan verməlidir.

Gələn turist sayı çox olduğundan nəzərə alın ki, bir şəkili çəkdirmək üçün 1.5-2 saat növbədə gözləyəcəksiniz.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR