Bir çayın hekayəsi - Səyahət əhvalatları - ŞƏXSİ TƏCRÜBƏ

Bir çayın hekayəsi - Səyahət əhvalatları - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 16 Mart 2021 07:13 813
Bir çayın hekayəsi - Səyahət əhvalatları - ŞƏXSİ TƏCRÜBƏ

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım edir. Yol boyu Toğrul və İlahə ilə gəzintidən tutmuş, siyasətə qədər bir çox mövzuda müzakirələrimiz oldu. 3 saat sonra artıq Qusarın Laza(Latsar) kəndində idik.

Kənddə olan seyrək evlər, uşaqların qayğısızca oynamaları, sıldırım dağlar, donmaqda olan şəlalələr, otların quruması ilə bozarmış təpələri xeyli izlədik. Bir az daha ətrafı gözdən keçirib, bütün komandanın hazırlığına əmin olandan sonra üzü Qızılqaya massivi tərəfə yola çıxdıq. Burda artıq şəlalələrin bir hissəsi donmuşdu. Artıq günəş tez-tez buludların arxasında yox olurdu. Bakı şəraitinə uyğun olaraq, çox adam adicə su götürmüşdü. Ancaq havanın bizə hazırladığı sürprizlərdə xəbərsiz idik. Nəhayət yaylağa qalxdıq, burda artıq qış idi, qar, güclü külək və soyuq hava hamını qalın geyinməyə məcbur etdi. Yemək fasiləsində artıq hər kəs çay axtarırdı. Təkcə Toğrulda çay var idi. Bu da bildiyimiz standart qara çay yox, adəti üzrə Toğrulun dəmlədiyi yabanı bitki çayı idi. Bəziləri sadəcə qaynar su içdi, mən isə dağ başında belə hədiyyəyə yox deyəcək halda deyildim
.

Bu çaydan sonra bir balaca özümüzə gəlib, kiçik bir qrupla növbəti marşurut üzrə yola davam elədik. Ümumi qrupda yeni başlayanlar və yavaş gəzənlər olduğu üçün onlardan ayrılmalı olduq. Bunun üçün gəldiyimiz yolu geri qayıtdıq, və kəndin içinə girdik. Əhalinin az olması, son illərə qədər davam etmiş yolsuzluq problemi həll olunsa da, diqqətdən kənarda qalması hər halından hiss olunurdu. Kəndin içində uşaqlardan başqa heç kimi görmədik. Böyüklər yəgin hərəsi öz işində idi. Kuzun yolundakı şəlalədə dayandıq. Burda artıq şəlalənin yanına getmək biraz qəlizdir. Bunun üçün öncə çayı keçmək lazımdır. Axşama az qalırdı, biraz nəfəsimizi dərib gəldiyimiz yerə kəndə qayıtdıq. Kəndə tərəf isə möhtəşəm duman gəlirdi.

“Bəs hanı çay, onun hekayəsi hardadır bəs?” dediyinizi hiss edirəm. Hekayədəki çayın nə qədər arzulanan olduğunu çatdırmaq üçün səfər haqqında məlumat verməyin vacib olduğunu düşündüm. Kəndə çatanda artıq xeyli yorğun və susuz idik. Yol boyu həm danışıb, həm də cibimizdə sumkamızda nə varsa yemişdik. Su doldurmaq üçün, darvazalardan birini döydük, ilk suyu doldurandan sonra ev sahibəsi qrup halında olduğumuzu gördü, bizə çay təklif elədi. Nəzakət xətrinə yox desək də, içimizdə kəpənəklər uçuşurdu. Ancaq qonaqpərvər ev sahibəsi bu yoxa məhəl qoymadan çaydanı gətirib həyətə qoydu. Evə dəvət eləsə də, tez geməli olduğumuzu bəhanə edib, yuxarı qalxmadıq. Qrup üzvlərinin üzündəki uşaqca, məsum sevinci görməmək mümkünsüz idi. Kim sumkasında çayın yanına qoyula biləcək nə vardısa hamısını qoydu ortaya. Bir tərəfdə, bizim necə sevincək çay içdiyimizi izləyən, öz hərəkətindən həddindən ziyadə məmnun olan Xanpəri xala, digər tərəfdə çaydan və sonradan gələn samovara baxıb həvəslənən, sevinən biz. Bu cür qəribə hisslər və ab-hava içində çayın dadını çıxararkən, arxadakı qrup da gəlib bizə çatdı. Onlar da elə göydən düşmə kimi yanaşdılar çaya. Ancaq onların bizimki qədər çox vaxtları yox idi. Biz xeyli yorğunluğumuzu almışdıq. Əlsində sevindiyimizdən yorğunluq yaddan çıxmışdı. Sağollaşarkən hamımızı qucaqlayan Xanpəri xala yeni tanıdığı ömrünün axırına qədər ona minnətdar olacaq gənclərə sevinc-kədər qarışıq hisslərlə baxırdı. Bilmirdi etdiyi yaxşılığa görə sevinsin, yoxsa onun tez bitməsinə kədərlənsin. Həmin gün ora bir daha gələcəyimə söz verdim. Ancaq hələki gedə bilməmişəm. Yuxarıdakı şəkillərdən sonra Xanpəri xala ilə şəklimiz olar deyə düşünmüsünüz bəlkə də, qaranlıq olduğu üçün çəkilən şəkillərdə heç nə görünmür.

Kənardan baxanda Azərbaycan üçün tipik bir qonaqpərvərlik nümunəsi ola bilər. Ancaq bir çayzadə olaraq həyatımda içdiyim ən ləzzətli çayı orda içdim. Həyatımızda hadisələri yadda qalan edən ona yüklədiyimiz mənalardır. Mən o çayı gün boyu arzuladıqdan sonra günün sonunda şükranlıq içində içdim. Hər qurtumunu hiss edərək, soyuq noyabr günündə dağ kəndində çayın içimi necə isitdiyini hiss edərək, bunun üçün təşəkkür edərək içdim. Bu yaşıma qədər çox olmasa xeyli yerdə gəzdim, fərqli insan və yerlərlə rastlaşdım. Günü bu gün də o səfəri, o çayı xatırlayarkən içimdə bir minnətdarlıq hiss edirəm. Kənddən çıxanda artıq yağış başlamışdı. Çayın verdiyi istilik, günün yorğunluğu maşında mürgüləmək üçün əla bəhanədir. Amma tanıdığınız adamlarla birlikdə olanda bu heç də uzun çəkmir. Söhbət üçün kimsə sizi qaldıracaq. Adi bir səfər ola biləcək günü, xüsusi insanlar sayəsində həyatımın gözəl bir anına çevirdim. Həyatınıza müsbət izlər qoyacaq insanlarla qarşılaşmanız diləyi ilə...

Mənbə:  Gezeyenler

OXŞAR XƏBƏRLƏR