Salamlar. Mən İlqar Həsənov, Ca’Foscari Universitetində “Computer Science” ixtisası üzrə magistratura təhsili alıram. Bakalavrı Neft və Sənaye Universitetində oxuduqdan sonra növbəti təhsilimi xaricdə davam etməyi qərara aldım və İtaliyanın təqaüd şansı daha əlçatan olduğu üçün bu ölkəni seçdim.
Universitətə qəbul üçün əsas sənədlər bunlardır:
- Diplom və əlavəsi;
- Transkript;
- IELTS (hətta IELTS olmadan belə qəbul almaq mümkündür);
- Motivation və bəzən də recommondation letter;
- Bəzi istisna hallarda interview və ya test imtahanı da götürülə bilər. Universitetdən qəbul aldıqdan sonra təqaüdə müraciət edilir. Bunun üçün isə gərəkən sənədlər:
- Ailə tərkibi haqqında arayış;
- Ailənin maliyyə vəziyyəti barədə iş yerindən və ya Məşğulluq dairəsindən arayış (əgər işləmirsə);
- Qeydiyyatda olduğunuz evin sahəsi barədə arayış;
- Adınıza daşınmaz əmlak olub olmamağı barədə sənədlərdən ibarədir.
Alacağınız təqaüd universitetin təhsil haqqını qarşılayır və illik 5000 avro civarında təqaüd verir. Təqaüdün növündən asılı olaraq bunu Dekabr və ya Mart aylarında alacaqsınız, o zamana qədər isə öz cibinizdən xərcləməlisiniz
Daha sonra isə viza müraciəti üçün səfirliyə baş vurulur və sizdən intervyu alınır.
Univesitetim İtaliyanın əsas turizm mərkəzlərindən biri olan Venesiya şəhərində yerləşir. Lakin yaşayış üçün əksər tələbələr Venesiya adası yaxınlığında yerləşən Mestre və ya Marghera şəhərinə uz tuturlar. Lakin yataqxanalarımız Venesiyada yerləşir.
Ca’Foscari Universitetinin ən xoşladığım avantajlarından biri mübadilə proqramlarının zənginliyidir. Belə ki, burada təhsilini digər Avropa ölkələrində davam etmək üçün Erasmus+, qeyri Avropa ölkələri üçün ICM və Overseas, İsveçrə universitetləri üçün Swiss-European və digər mübadilə proqramları vardır. Məsələn, mən 1 semestrlik tədris dövrümü Erasmus+ mübadilə proqramı ilə Avstriyada aldım. Hətta daha sonra Swiss-European və yenidən Erasmus+ proqramına müraciət etdim və hər ikisindən də qəbul aldım
Venesiya şəhərinin özünə gəldikdə isə bəlli olduğu kimi su üzərində qurulmuş möhtəşəm bir yerdir. Ama bəziləri üçün bu möhtəşəmlik bir gün, bəziləri üçünsə ömürlük qalır. Ona görə də çalışın, şəhərin gözəlliyinə aldanıb universitet seçməyin. İş şansları digər şəhərlərə nisbətən aşağıdır və italyan dili bilməyənlər üçün yaşamda bəzi çətinliklər ola bilər, lakin bunun da öhdəsindən də gəlmək mümkündür. Yaşam xərcləri isə minimum 400-450 avro civarındadır və təqaüd alındığı halda gün ərzində bir dəfə yemək verilir.
Əlavə suallarınız varsa cavablandırmağa hazıram. Hər kəsə uğurlar!
Mənbə: Xaricdə Çörək / İlqar Həsənov