Lissabon yaxınlığındakı qəsəbələr - ŞƏXSİ TƏCRÜBƏ

Lissabon yaxınlığındakı qəsəbələr - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 24 Mart 2021 13:01 658
Lissabon yaxınlığındakı qəsəbələr - ŞƏXSİ TƏCRÜBƏ

Bu dəfə isə sizə Lissabon yaxınlığındakı qəsəbələr və görməli yerlərdən danışacağam ????

Avropanın ən uc nöqtəsindən baxarkən...

Keçən dəfəki yazılardan birində sizinlə Lissabon haqqında bölüşmüşdüm. (https://seyahetci.com/tarixle-muasirliyin-kesisdiyi-lissabon/).

O tarixlə müasirliyin kəsişdiyi, möcüzəli Lissabonun ətrafı özündən də gözəldir.

Lissabonu gəzməyə 2-3 gün ayırandan sonra biz növbəti gün maşın kirayələdik və ətrafdakı qəsəbələrə üz tutduq. İlk gün yolumuzu Coba Da Roca burnu və kiçik, şirin sahil qəsəbəsi Cascaisdən saldıq. Ericeira, Sintra və Mafra qəsəbələrini doyunca gəzə bilmək üçün bir gün sonraya saxladıq. Elə bu 3 qəsəbə barədə yazmağı da gələn dəfəyə saxlayıram.

ANS demiş, indi isə yaxın əyləşin, Cascais və Cabo Da Roca barədə daha ətraflı ☺️

Zənginlərin, mühacir yazar və sənətçilərin məkanı

Cascais qəsəbəbəsi Taxo (Tejo) çayının girişindən başlayıb, düz Oeiras şəhərinədək uzanır. Hazırda qəsəbənin 200 mindən artıq sakini var. 19-cu əsrin əvvəllərində Cascaisin əhalisi az olub. Bura kiçik, balıqçı qəsəbəsi kimi tanınırmış. Az keçməmiş ingilis tacirlər və avropalı aristokratların tətil məkanına çevrilib.

İkinci Dünya Müharibəsi ərəfəsində isə döyüşdən qaçanların - siyasətçilər, aristokrat, sənət adamları və yazarların sığınacağı olub. Öz adıma deyim ki, burada yaşayan hər gün yazıb, yaradar.

 

Zənginliyin gətirdiyi qumarxana və liman

Cascais yay aylarında Avropanın varlı ailələrinə ev sahibliyi edir. Onu da deyim ki, Avropanın ən böyük qumarxanası “Casino Estoril” də buradadır. Zənginliyin gətirdiyi daha bir məkan isə Marina de Cascais limanıdır. Bu liman 650 qayığa ev sahibliyi edir. Cascais yay aylarının həftə sonları avtomobili olan lissabonluları da qonaq edir.


 

Gözəl və ürəkaçan sahillər buranı ideal çimərliyə çevirir. “Balıqçı Çimərliyi” (Praia dos Pescadores) yayda adam qaynayır. Həftə sonları ümumiyyətlə, yer tapmaq çətin olur. Vaxtımız az, getməli yerlər çox olduğu üçün biz çimərlikdə vaxt keçirə bilmədik. Həm də getdiyimiz gün səhər tezdən yağış yağmışdı. Hava azcana soyuq idi.

 

“Cəhənnəm Ağzı” - The Boca do Inferno

Elə Cascaisin özündə də görməli yerlər çoxdur. Qəsəbə uzun-uzun, tənbəl-tənbəl gəzilməli yerdir: bura gəldinsə, gərək hər nöqtəsinin dadını çıxardasan. Məsələn, “Cəhənnəm Ağzı” deyilən yerin adına yox, mənzərəsinə baxın siz. Qəsəbənin ən gözəl yerlərindəndir. Atlantik Okeanına açılan dəhlizindən görünən mənzərəni yemə, içmə saatlarca seyr elə. Qayalara çırpılan dalğalar ağ köpüklər yaradır. Elə bil okeana vanna köpüyü tökmüsən. Yuxarıdan baxanda adama elə gəlir ki, okean qaynayır. Sağa-sola, aşağı-yuxarı hərəkətlər edir. Gözünü ayırmadan baxanda adam vahimələnir. Üzə bilsəm də, ayağım sürüşsə, yıxılsam boğulub, ölərəm deyə, düşünürdüm.

Bura həm də balıqçıların məkanıdır. Şəkil çəkdiyimizi görüb, bizə gün batımını buradan seyr etməmizi təklif etdilər. Təəssüf ki gözləməyə vaxtımız yox idi.

“Ev deyil, şato, şato, canım”

Qəsəbədə çox gözəl bir ev də var. O məşhur türk serialında deyildiyi kimi, əslində ev deyil, şatodur ????

Adı Casa de Santa Mariadır. 1902-ci ildə tikilib. Yerli sakinlərdən öyrəndik ki, bura keçmişdə varlı bir irlandiyalı tacirə məxsus olub. Həmin dövrlərdə Cascaisin ən göstərişli və lüks tikilisi sayılırmış.

 

Santa Marta Mayak Muzeyi - Farol Museu de Santa Marta

Evin, pardon, şatonun düz qarşısında Santa Marta adlı mayak (gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə, dəniz fənəri) ucalır. Francisco Pereira da Silva adlı şəxs tərəfindən inşa etdirilib. 2007-ci ildən bu yana Santa Marta Mayak Muzeyi kimi işləyir. Vaxtınız olsa, içinə girib, gəzə, hətta mayaka qalxa, oradan Cascais mənzərəsini seyr edə bilərsiniz.

Portuqaliya okeansahili ölkə olduğundan burada mayak, dənizçilik muzeyləri, limanlar, gəmilər, balıq, balıq yeməkləri məşhurdur. Hər addım başı dənizçilik mədəniyyəti ilə qarşılaşırsan. Havada asılı qalan dəniz, yosun qoxusu da bunu unutmağa imkan vermir.

Bu arada, unutmadan deyim ki, Santa Marta Mayak Muzeyinə giriş təxminən 5 avro civarında idi.

Cascais Qalası - Cidadela de Cascais

Bundan başqa qəsəbədə Cascais Qalası da var. Düz mərkəzdə, limanın arxasındadır. Binanın üzündən tarix, qədimlik yağır. Yerləşdiyi ərazidə başqa hökumət binaları da var. Daş döşənmiş meydanın mərkəzindəki tarixi bələdiyyə binası kimi.

 

Avropanın ən uc nöqtəsində

Cascaisə səhər saat 8-də gəlmişdik. Günortadan sonra, təxminən 3-4 arası buradan Cabo Da Roca burnuna tərəf yola düşdük. Təxminən 30 dəqiqəlik yol idi.

Bura “ən xoşbəxt olduğum yer” də deyirəm. Xoşbəxtlik deyəndə nədənsə ağlıma bura gəlir. Kimi Avropanın, kimi dünyanın sonu adlandırır. Söhbət Avropanın Qərb tərəfdən ən uc nöqtəsi, sonu olan Cabo da Roca-dan gedir. Qısacası, Roca burnu.

Xoşbəxtliyi xatırladan və “sonsuzluğa” açılan pəncərə...

Ərazidə dəniz fənəri və balaca bir kafe var. Bir də suvenir satılan mağaza... Başqa da heç nə. Amma möhtəşəm abu-havası adamı sərxoş edir. Uçurum boyu ağac parçalarından çəkilən çəpər uzaqdan baxanda dəhlizə bənzəyir. Uçurum Atlantik Okeanına açılır. Uzaqdan gələn, dalğaların qayalara çırpılarkən çıxardığı səs səni ovsunlayır və tamamilə öz abu-havasına salır. Qonaqlar şəkil çəkdirir, mənzərənin dadını çıxarırlar. Havasından isə heç danışmayım, tərtəmiz, ləzzətli, çək ciyərlərinə...

Bir xeyli gəzib, şəkil çəkdirəndən sonra buradakı kafedə okean mənzərəsində qəşəng bir Porto şərabı içdik. Porto Portuqaliyanın şəhərlərindən biridir. Həm gözəlliyi, həm də şərabları ilə məşhurdur. Şərabları xüsusi şirin olur. Nəticədə, nə qədər içdiyinin fərqində olmursan, bir də ayılırsan ki, hazırsan ????

Nə isə, Roca burnuna mütləq getmək lazımdır. Mən hətta ora ikinci səyahət planlayıram. Oradan aldığım foto isə yazı masamın üzərində, ən görməli yerdədir. Nə vaxt keyfim olmur, baxıram, baxanda xoşbəxtliyi xatırlayıram ????

Bura sonsuzluğa açılan pəncərə kimi qalıb yadımda. Hər ağlıma gələndə, “hələ ümid var, tükənməyib” – deyib, təskinlik tapıram.

 

Bu yerlərə necə gedə bilərik?

Biz yaxın qəsəbələri gəzmək üçün 2 günlük maşın kirayələmişdik. Günü 60 avroya (Fiat Punto). Mühərriki kiçik olduğundan günlük benzin sərfiyyatı da aşağı idi. 2 günə benzinə 30 avro xərclədik. Pullu yollardan istifadəyə görə 2-3 avromuz çıxdı.

Cascaisə qatarla da getmək mümkündür. Eləcə də Roca burnuna avtobusla getmək olar. Mən isə deyərdim ki, istədiyiniz yerdə saxlayıb, şəkil çəkdirə-çəkdirə getmək, rahat gəzmək üçün avtomobil kirayələyin.

Bakıdan Lissabona isə “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər öncədən almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Mən başqa cür etdim. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya getdim. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndüm. Gediş-gəlişə təxminən 300 manat xərclədim.

 

Nə yeyək-içək?

Yeməyə gəlincə, Portuqaliya Avropanın balıq məkanıdır. Balıq və qırmızı ət məbəxlərinin olmazsa olmazıdır. Yanında müxtəlif növ paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov növü), souslu tərəvəzlər və s. ilə servis edilir. Mən Portuqaliyada olduğum müddətdə yalnız dəniz məhsulları yedim. Sizə də məsləhət görürəm. Bir sözlə, dənizdən çıxan hər şeyi bişirir, çox gözəl də servis edirlər.

OXŞAR XƏBƏRLƏR