Ən ucuz Praqa səyahət planı - ŞƏXSİ TƏCRÜBƏ

Ən ucuz Praqa səyahət planı - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 25 Mart 2021 14:54 744
Ən ucuz Praqa səyahət planı - ŞƏXSİ TƏCRÜBƏ

Avropanın mirvarisi, əsrarəngiz qırmızı damları ilə məşhur olan, Çexiya Respublikasının paytaxtı və ən böyük şəhəri olan Praqa Mərkəzi Avropanın ən cazibədar və romantik şəhərləri arasında ilk sıralarda gəlir. Gəzib görməli yerləri isə saymaqla bitməz. Əgər ilk dəfə Avropaya səyahət edirsinizsə həm ucuz, həm çox rahat ictimai nəqliyyatı, təhlükəsiz açıq hava muzeyləri ilə ad salmış, Vlata çayı üzərində biri-birinin ardınca düzülmüş qədim körpüləri ilə bu mədəniyyət paytaxtı sizin siyahınızda ilk olmalıdır. Praqada 3 günlük bir gəzinti planlasanız, bu şəhəri doyunca gəzmək üçün bəs edəcək. Möhtəşəm ambiyansı, tarixi yerləri, qalaları və gözalıcı tayı-bərabəri olmayan memarlığı ilə hər anı sizdə sanki tarixdə səyahətə çıxmış hissini oyandıracaq.

Praqa harada yerləşir?

Mərkəzi Avropanın gözü olan Praqa şəhəri, Çexiyanın mərkəzində Vltava çayının sahilində yerləşir. Çexiya Resublikası qərbdə Almaniya, cənubda Avstriya, şərqdə isə Slovakiya və şimalda Polşa ilə sərhəddir. Praqa Mərkəzi Bohemiya bölgəsində yerləşir.

Praqaya hansı fəsildə getmək lazımdır?

Dənizə çıxışı olmayan Çexiya Respublikası 2 vilayətdən Bohemiya və Moraviyadan ibarətdir və digər Mərkəzi Avropa ölkələri kimi qışı sərt keçən quru iqlimə malikdir. Qışda hər zaman havanın temperaturu sıfır dərəcədən aşağı olduğu üçün bu fəsildə Praqaya gedəcəyiniz zaman uzun-uzun gəzintiləri unudun. Çünki yağıntıları da bu soyuq fəsildə həmişə qar şəklində olur. Ancaq Yeni ili qeyd etmək üçün Milad bayramı ərəfəsində göz oxşayan Milad bazarları üçün biraz soyuğa qatlanıb gəzintiyə çıxa bilərsiniz. Çox üşüsəz, onun da çarəsi olan isti şərabları hər addımbaşı alıb içinizi isidə bilərsiz. 2 il bu şəhərdə yaşamış biri olaraq şəxsən mən 4 fəslin hamısından həzz alıram. Praqanı bütün gözəllikləri ilə gəzmək istəyirsinizsə, hər fəsildə bura səyahət edin deyərdim. Bir dəfə bura gəlib onun möcüzəsinə qapılsanız, həm qızılı payızını, xəzanını, qarlı qışını,yeni il qeyd etmələrini, Pasxa əvvəli qurulan rəngarəng bazarları, yeni açmış ''cherry blossom'' fəslini və ən əsası da çox isti keçməyən doyunca həm ətraf kəndləri, həm də digər şəhərləri də gəzə biləcəyiniz yay aylarını bu şəhərə təkrar- təkrar gələrək keçirəcəksiz. Ancaq yenə də mənim ən sevimli fəslim Pasxanın təzə çıxıb, havaların isinməyə başladığı aprel-may aylarıdır. Yayda qiymətlər yaz fəslinə nisbətən daha yüksək olur.

Praqaya ən ucuz hansı yolla və necə getmək olar?

Əgər siz rahat şəkildə birbaşa uçuşla getmək istəyirsizsə, AZAL mövsümü olaraq Bakı- Praqa reyslərini cümə və bazar ertəsi həyata keçirir. Uçuş 5 saat yarım davam edir. Gediş-gəliş 1 sərnişin üçün 1000-1100 AZN arasında dəyişir. Ukrayna Hava Yolları, Belavia, Air Baltic ilə daha sərfəli uça bilərsiniz ancaq bir dəfə təyyarə dəyişib, transfer etməli olacaqsınız. İndi isə gələk '' Ən ucuz yolla Praqaya necə getmək olar? '' sualının cavabına. Wizzair ilə Bakı-Budapeşt-Bakı reysinə maksimum 100-130 avro ödəməklə bilet alıb, oradan isə ya qatar ya da avtobus ilə Praqaya gedə bilərsiniz. Avtobus biletləri 13-15 avro arası, qatar isə 15-20 avro arası dəyişir. Budapeştdən Praqaya avtobusla 7 saata çatmaqla həm də Mərkəzi Avropanın bir ölkəsini də görmüş olursunuz, hələ ayaq üstü tridelnik ilə çay içib, naharda qulyaş yeməyə də vaxtınız olur Macar torpaqlarında.

Praqaya çatdıqdan sonra ucuz maşın kiralaya bilərsiniz.Faydalı olsun deyə sizin üçün linki əlavə edirəm.https://www.discovercars.com/czech-republic/prague?keyword=%2Bcar%20%2Brenting%20%2Bprague&network=g&gclid=Cj0KCQjwirz3BRD_ARIsAImf7LMeB9GQeB42cJDWkt37e06DkSkL3ZmqPjO16rgB6vvsfOyK22tEYdEaAubgEALw_wcB 

Avropada ən ucuz avtomobili Praqada kiralayacaqsınız. Bu arada Vaclav Havel hava limanından şəhər mərkəzinə taksi ilə gəlmək istəsəz 27 dəqiqəlik bu məsafə üçün 30 avro ödəməli olacaqsız. Uçuşlar birinci terminaldan həyata keçirilir. Əgər qənaət edib avtobusla gəlmək istəsəz 100 nömrəli avtobusla 6 dayanacaq getdikdən sonra Zlicin metro stansiyasının avtobus dayanacağında düşüb, elə B (sarı rəngli istiqamətində) hərəkət edib Cerny Most yazılan istiqamətdə metro qatarına minib, Namesti Republiky stansiyasına çatacaqsınız. Bura artıq şəhər mərkəzidir. Artıq istədiyiniz yerə tramvay və yaxud avtobusla rahat çata bilərsiniz. Bu yola təqribi 2,20 manat ödəniş edəcəksiniz. 

Praqada ictimai nəqliyyatdan istifadə necədir?

Praqada 1-3 günlük və tək gedişli biletlər isə 30 dəqiqə və 90 dəqiqə olmaqla 2 yerə bölünür. Əgər çox qalacaqsınızsa ən sərfəlisi 3 günlük biletlər almaqdır. 3 günlük biletin qiyməti təqribi 12 avro edir. Bu biletləri qaldığınız otelin qeydiyyat şöbəsindən, metrodan, tramvay və yaxud da avtobus dayanacaqlarından ala bilərsiniz.

  30 dəqiqəlik - 1,64 AZN

  90 dəqiqəlik- 2, 19 AZN

  1 günlük- 7,52 AZN 

Əgər nəqliyyata biletsiz daxil olsaz və nəzarətçilər bunu yoxlasa cəzası 1500 CZK yəni 102 AZN təşkil edir. Bu biletlər metro, tramvay, avtobus, funiklyor və bəzən də ferry boat istifadəsində limitsiz nəzərdə tutulub. Metro səhər saat 5 - dən gecə 12 - ə qədər fasiləsiz fəaliyyət göstərsə də avtobuslar da gecə növbəsində işləyir. 501 və 513 nömrəli avtobuslar gecə avtobusları sayılır.

Praqa haqqında nə qədər yazsam da bitməz deyə bu yazımı 2 hissəyə böldüm. ikinci hissəsində isə sizi maraqlandıran digər sualların cavabı olacaq.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR