Qaranohura gölünə tur – Səfər qeydi - ŞƏXSİ TƏCRÜBƏ

Qaranohura gölünə tur – Səfər qeydi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 26 Mart 2021 14:16 1336
Qaranohura gölünə tur – Səfər qeydi - ŞƏXSİ TƏCRÜBƏ

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.

Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.

Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?

Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq.

Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR