Kökenhofda lalə bayramı ➡ Hollandiya - ŞƏXSİ TƏCRÜBƏ

Kökenhofda lalə bayramı ➡ Hollandiya - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 29 Mart 2021 14:18 1531
Kökenhofda lalə bayramı ➡ Hollandiya - ŞƏXSİ TƏCRÜBƏ

Hollandiya gəzəyənlərin bütün il boyu çox maraq göstərdiyi səyahət yeridir. Bu qədər marağın ən əsas səbəbləri burada olan əyləncə həyatı, yel dəyirmanları və ləzzətli pendirdir. Bunlarla yanaşı Hollandiya deyiləndə ilk ağıla gələnlərin başında şübhəsiz ki, lalələrdir. Hər il məşhur olan lalələr üçün Hollandiyada festival təşkil olunur.

Bu festival da Keukenhofda keçirilir. Keukenhof və ya Kökenhof həmçinin Avropa bağı kimi də tanınan dünya üzrə ən iri çiçək bağı olan bu cənnətdən bir guşə Niderlandın cənub-şərqində olan kiçik Lisse şəhərciyinin yaxınlığında yerləşir. Bu ərazidə 7 milyon gül soğanaqları 32 hektar ərazini əhatə edən parkda hər il əkilir. Hər il Keukenhof mart ayının ortalarından may ayının ortalarına qədər açıq olur.

Bu müxtəlif növ zanbaqlardan ibarət ala-bəzək xalça şəklində döşənən çoxsaylı çiçək ləklərindən - yasəmən, qızıl nərgizgülü, qızılgül, yaraşıqlı səhləb çiçəyi və başqa rəngarəng çiçəklərin sərgiləndiyi 3 oranjereyadan təşkil olunmuş parkdır.

Sadəcə 2 ay açıq olan gül bağçasına hər il 800 min turist gəlir. Təkcə Avropadan yox, Çin və Yaponiyadan gələn turistlərin marağına səbəb olan gül bağçası ölkənin ən mühüm turizm obyektlərindən birinə çevrilib. Hollandiya dünya üzrə ən çox gül istehsal edilən ölkədir. Kilometrlərlə uzanan çiçək tarlaları burada xüsusilə, bahar aylarında rəngarəng Hollandiya ortaya çıxarır. 8 həftə davam edən bu festival buraya səyahət edən turistlər üçün sehrli bir abu-hava sərgiləyir.

Keukenhofa səfər etmək üçün ilin ən ideal vaxtı lalərin də ən gözəl göründüyü aprel ayının ortalarıdır. Biz də bura səfər etmək üçün 2019 -ci ildə bu vaxtı seçmişdik. Və bu cənnət kimi yerin sehrinə elə qapıldıq ki, saatlar burda necə keçdi bilmədik, 2 saat sonra uçuşumuzun olduğunun fərqinə belə varmamışdıq, tez tələsik çıxıb hava limanına yollananda təyyarəyə ən son daxil olan da biz olduq.

Keukenhof Parkına necə getmək olar?

Keukenhofa hava limanından birbaşa Express avtobuslar gəlir. Bunun üçün Keukenhof Express (Bus 858) avtobusuna minməlisiniz. Ancaq Amsterdam mərkəzindən parka getmək istəyənlər üçün Bus 854, Bus 50 və Bus 90 avtobusları da fəaliyyət göstərir. Digər yol isə maşın kiralamaqdır.

Giriş ödənişi böyüklər üçün 17 avro təşkil edir. Bu qiymət online alışlar üçün nəzərdə tutulub. Mən bileti getməmişdən 2 həftə əvvəl bu saytdan alıb, çap etmişdim, faydalı olsun deyə sizin üçün də linki qeyd edirəm. https://keukenhof.nl/en/ . Ancaq ya hava limanı yaxınlığında olan bələdçi firmalarından, ya da çatanda bilet satış məntəqəsindən almaq istəsəz qiymət 18 avro olacaq, bəzən isə bu qiymətlər bələdçilərdən asılı olaraq 25 avroya qədər çıxa bilir. Sizə tövsiyyəm həm uzun növbələrdə gözləməyəsiz, həm də daha ucuz olsun deyə elə əvvəldən biletinizi alıb sadəcə nəqliyyat üçün pulu ödəməkdir. Ancaq bələdçi firmalardan alanda nəqliyyat xərci ilə bilet ödənişi birlikdə olur. Yenə də hər bir halda əvvəldən almaq həm cibinizə xeyir olur, həm də rahat keçirsiniz. Bir də onu qeyd edim ki, avtobusa minmək üçün o qədər koreyalı, yapon gəzəyənin arasında səbrlə dayanıb gözləmək lazım olur. Səbrlə dediyim də 1-2 saatdan çox. Çünki ancaq 2 ay açıq olduğu üçün Hollandiyaya səfər edən gəzəyənlər bura gəlməmiş ölkəni tərk etmək istəmirlər. 4-7 yaş aralığında olan uşaqlar üçün bu ödəniş 8 avro, 0-3 yaş arası balaca səyahət sevərlər üçün isə ödənişsiz olur.

Keukenhof parkı hər gün 08:00 ilə 19:30 arası açıq olur. Əgər əşyalarınız varsa və yaxud bizim kimi buradan digər uçuş üçün hava limanına gedəcəksinizsə (hava limanına yaxın olduğu üçün səfər marşrutunu elə planlayın ki, Amsterdamı gəzib tərk edəndə buraya da baş çəkib oradan hava limanına yollanasınız) girişdə olan kilidli komodlara heç bir ödəniş etmədən qoyub güvən içində parkı gəzə bilərsiniz.

Bu parkın içərisində kafe, restoran və hətta istəsəniz piknik etmək üçün ərazi fəaliyyət göstərir. Mütləq ballı çayın burada dadına baxmağı tövsiyyə edirəm. Bura gəlmək üçün ən mükəmməl vaxt günün erkən saatlarıdır. Həm ən yaxşı şəkilləri çəkə biləcəyiniz, həm də turist axını yaşamadan rahat buranı kəşf edə biləcəyiniz vaxtdır.

Hətta burada velosiped kiralayıb bu böyük ərazinin çox hissəsini gəzə bilərsiniz. Biz burada 5-6 saata yaxın vaxt keçirdik. Ancaq buranı gəzmək üçün məncə bir gün belə kifayət etməz. Çünki hər çiçəyin haqqında maraqlansaz, oxusaz, doyunca gəzib kəşf etmək istəsəz gərək buraya bir neçə dəfə gələsiniz.

Lalə festivalının olduğu müddətdə Keukenhofda 7 fərqli ilham bağçası olur. Bunlardan biri Aşçılıq bağçasıdır- hərkəsə açıq olan bu mətbəxdə bağçadan topladığınız tərəvəzlər ilə yemək bişirə bilərsiniz. Arı bağçası da bunlardan bir digəridir. Bu bağça quşların və arıların evi üçün nəzərdə tutulub. Bu bağçaları gəzdikcə sanki cənnətin yer üzərindəki qapılarını bir- bir aralayırsınız. Bu bağçalardan nə qədər danışsan da bitməz, ancaq mənim ən çox diqqətimi çəkən Sevgi bağçası və təkrar istehsal olunan materiallardan düzəldilmiş məhsulların satıldığı Recycling bağçası oldu ki, burada ev üçün lazım olan bir çox əşyalar və faydalı avadanlıqlar tapa bilərsiniz. Təkrar istehsal olduğu üçün daha münasib qiymətə olurlar. Sevgi bağçasının əsas missiyası isə qonaqlara sevgilərini göstərmə və bu kimi duyğuları aşılamaq idi.

Sonda buranı ən sevdiyiniz insanlarla, maraqlı yol yoldaşları ilə gəzməyinizi arzulayıram. Xoş istirahətlər.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR