Dünyanın rəngləri - Ekvador və Qalapaqos adaları - ŞƏXSİ TƏCRÜBƏ

Dünyanın rəngləri - Ekvador və Qalapaqos adaları - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 22 May 2021 10:00 1469
Dünyanın rəngləri - Ekvador və Qalapaqos adaları - ŞƏXSİ TƏCRÜBƏ
Hər kəsə salam. Qrupa yeni üzvlərdən biriyəm. Belə bir qrupun olduğunu son zamanlarda bilmişəm. Son 3 həftəni Boliviya və Ekvadorun müxtəlif yerlərinə (Qalapaqos adaları daxil) səyahət etmişəm. Çəkdiyim bəzi şəkil və videoları sizinlə paylaşmaq istəyirəm.
Aşağıda paylaşdığım şəkil və videoları Ekvadorun paytaxtı Kito (Quito) şəhərindən tıxminən 3 saatlıq bir məsafədə yerləşən Baños qəsəbəsinə yaxın Pailon Del Diablo deyilən şəlalələr şəbəkəsində çəkmişəm. Bu şəlalə amazon meşələri ilə sərhəddə yerləşir. Görünən dağların bəziləri amazon cangəllikləri ilə örtülüdür.
Şəlalənin yaxınlığına gedəndə suyun gücü bütün hisslərinizi təlatümə gətirir:)
 
Axşam olanda bu şəlaləni gözəl işıqlarla bəzəyirlər. Cəmi 1-2 nəfər turist olmağına baxmayaraq yenə də işıqları yandırıblar.
Pandemiya vaxtı səyahət etməyin özəlliklərindən biri odur ki çox turist yoxdur. Getdiyiniz hər yer sizə özəl kimidir. Otellərdə tez-tez daha üst səviyyə otaqlara əlavə ödənişsiz qonaq edirlər. Xüsusi ilə də ünsiyət qurmaq qabiliyyətiniz yaxşıdırsa:)
 

Son bir neçə həftədə səyahət etdiyim şəhərlərdən biri Ecuador (Ekvador) un Quito (Kito) şəhəri oldu. Quito paytaxt şəhəridir və And dağlarının ətəklərində, dəniz səviyyəsindən 2850 metr yüksəkdə yerləşir. Şəhər 16-17 ci əsrlərdə İspan müstəmləkəçiləri tərəfindən Qədim İnkalara aid şəhər qalıntıları üzərində qurulub. Köhnə şəhər mərkəzinin arxitekturası çox gözəldir və yaxşı qorunub. Ekvator xətti bu şəhərdən keçir. Kito’ya Avropanın bəzi şəhərlərindən və ya ABŞ-dan getmək mümkündür. Hal-hazırda Koronavirus vaksini olan turistlər ölkəyə sərbəst daxil ola bilər (Qalapaqos adaları xaric)

Sizinlə Qalapaqos adalarına 2 həftə öncə olan səyahətimdən çəkdiyim bəzi şəkil və videoları paylaşmaq istəyirəm.
 
Galápagos ( Qalapaqos) adalarına səyahət illərdir ki planımda var idi. Nəhayət ki Darvin babamızı coşduran bu torpaqları ziyarət edə bildim
Galápagos adaları Ekvadora aiddir.
Buraya gediş-gəliş yalnız Ekvadorun Guayaquil şəhərindən təyyarə ilə mümkündür. Paytaxt Quito dan gedən təyyarələr də Guayaquil də dayanır. Guayaquildən təyyarə ilə təxminən 1.5 saatlıq məsafədədir. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb və flora və faunasına görə dünyanın ən unikal yerlərindən biridir.
Ekvador və Qalapaqos adaları okean sahilində yerləşdikləri üçün təbii olaraq dəniz məhsulları boldur. Mənim dəniz məhsulları daha çox xoşuma gəldiyi üçün hər getdiyim ölkədə əgər məşhur dəniz məhsulu varsa mütləq dadlarına baxıram. Ekvadorda hər növ yemək tapa bilərsiniz. Məsələn Qalapaqos adalarında yerli əhalinin günorta yeməyi üçün əsas yeməyi sadə kartof və balıq (və ya toyuq) dan hazırlanmış sup, düyü və kiçik balıq tikəsi (və ya ət, toyuq) və meyvə suyudur. Demək olar ki əksər günlərdə bənzər yeməkləri yeyirlər. Amma hər zövqə görə yemək tapmaq olar, hətta xaş belə:)
 
Qalapaqos adalarına səyahət edərkən ən maraqlı işlərdən biri okeanda yaşayan canlıları- balıq, sürünən və dəniz məməlilərini görməkdir. Bunun üçün dalğıclıq sertifikatı tələb olunur. Bəzi yerlərdə isə sertifikatdan əlavə də müəyyən qədər təcrübənizin də olması lazımdır.
Çəkdiyim şəkil və videolardan bəzilərini paylaşıram. Sona qədər baxsanız yüzlərlə fərqli balıq növləri, köpək balıqları, tısbağa, dəniz aslanlarını görə bilərsiniz. Hətta bəzən insanlara da hücum etməsi ilə yadda qalan çəkiçbaş köpək balıqlarını da görəcəksiniz. Heyvan adlarının əksəriyətini ingiliscə yazmışam. Suallarınız olsa cavablandırmağa çalışaram.
Sierra Negra Vulkanına səhər yürüyüşü.
Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb. Ekvadorda ümumiyyətlə 47 vulkan var. Sierra Negra Qalapaqos adalarında krateri ən böyük vulkandır. Diametr 7.2 km x 9.3 km. Təqribi yaşı 535 min ildir. Şəkildə arxada görünən qara ərazi vulkanın krateridir. Heyrətamiz bir görüntüdür. Bu vulkan axırıncı dəfə 2018-ci ildə püskürüb. Yaxından görmədən belə bir təbiət hadisəsini təsəvvür etmək çox çətindir????
 
Mənbə: Gezeyenler
OXŞAR XƏBƏRLƏR