Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $ - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 23 Iyun 2021 10:06 1481
Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $ - ŞƏXSİ TƏCRÜBƏ

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $.

 May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım.

 Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş.

 Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi.

 Səyahət sığortası.

 SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj.

Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri.

 Transferlər, aeroport-otel-aeroport.

 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz)

 AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma.

 Gün boyu limitsiz içkilər.

 Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək.

 Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr.

 Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim.

 Viza.

Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın.

Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım.

PCR Test.

Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır.

Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar.

 Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.

Mobil nömrə.

Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur.

İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.

Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir.

 Özümüzlə mütləq götürməliyik.

Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.

Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.

ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.

Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum.

 Şarm haqqında.

Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir.

 Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir.

 Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town.

Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.

Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir.

Şarmda maraqlı nələr etmək olar?

Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.

Çimərliklər.

Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.

Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi.

Saat 17.00-dan sonra çimərliklər bağlanır.

Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir.

Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.

Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq.

 Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.

Yemək.

Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi.

 Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur.

 Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz.

 Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər.

Valyuta.

Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar.

 Turistlər.

Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var.

 Danşıq dili.

Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb.

Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))

Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir.

 Hədiyyə.

Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın).

 Bənzərliklər.

Hər yerdə qara qarğalar və milçəklər var ))

Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər.

 Təmizlik, xidmət, keyfiyyət.

Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir.

 Hələlik bu qədər.

#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegypt

Mənbə: Gəzəyənlər

OXŞAR XƏBƏRLƏR