Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 20 Avqust 2021 10:33 1333
Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Əziz Gəzəyənlər,
Bu gün sizə Avropanın ən gözəl təbiətə malik, 60%-i meşəylə örtülü, Balkanların Alpı sayılan, keçmiş Yuqaslaviya ölkəsi- Sloveniya haqda danışmaq istərdim
İyulun ortaları mindik Budapeştdə bir qatara, get ki, gedəsən, tam 7 saat yarımdan sonra çatdıq paytaxt Lyublyanaya. Normalda sərhəddə heç bir yoxlama olmur hər 2-si də Şengen ölkəsi olduğu üçün, amma məlum pandemiyaya görə vaksin kartımızı yoxladılar. Bu arada tək tərəf bilet cəmi 20€ tutdu
Səfərimizin ilk günü paytaxt Lyublyanada yerləşdik. Lyublyana əhalisi yarım milyon olan kiçik və əhalisi çox gülərüz olan bir paytaxt şəhəridir. Çox yox cəmi 3-4 saata şəhəri rahat gəzə bilərsiniz. Lyublyana qalası xaric şəhərdə xüsusi bir görməli yer olmasa da şəhərin hüzurverici ruhunu çox sevdim. Əsl yaşamalı sakit bir şəhərdir. Adının mənası da sevgi sözündən gələn bu şəhərdə rusca danışsaz sizi rahat başa düşəcəklər, çünki onların özlərinin də kökü Slavyanlara gedib çıxır
 
Amma ölkəyə əsas gəliş məqsədimiz Lyublyananı görməkdən çox, Avropanın ən gözəl dağ göllərindən biri olan Bledi kəşf etmək idi. Paytaxtdan bura yol avtobusla cəmi 50 dəqiqədir. Bileti elə əsas avtovağzaldan 2.1 avroya ala bilərsiniz, getməzdən qabaq baxdığımız bütün vloqlarda, oxuduğumuz bütün bloqlarda qiyməti 7€ qeyd etmişdilər. Özümüz də lap məəttəl qalmışdıq, kassirdən, sürücüdən 4-5 dəfə “avtobusun dəqiq Bledə gedib getməməsini” soruşurduq, axırda beyinləri çönüb 7€ avromuzu alacaqdılar ki, dedik ki, yaxşı-yaxşı, yəqin endirimə düşmüşük, mindik avtobusumuza. Ölkənin dörd bir yanının meşəylə örtülməsini yol boyunca aydın şəkildə görmək olur
 
Bled gölünü isə belə məşhur edən gölün tən ortasında kiçik bir adanın yerləşməsidir. Mərkəzində kilsə yerləşən bu yer maraqlıdır ki, Sloveniya ərazisindəki tək adadır. 15 avronuzdan keçərək bu adaya qayıqla da gedə bilərsiniz. Gölün ətrafı dağlar və məşhur Bled qalası ilə əhatələnmişdir. Qalaya giriş 13€, hələ tələbəsizsə 8.5€. Yox şir ürəyi yeyib adaya qayığı özüm sürəcəm deyirsizsə, 20-25 avronuzdan keçməlisiz. Bura gəlmişkən Sloveniyanın ən məşhur şirniyyatı Kremna rezina’nın da dadına baxmağı tövsiyə edirəm
Bir də Sloveniyada ən çox getmək istədiyimiz yerlərdən biri həmyerlimiz Mixaylonun qəbrinin və döyüşdüyü son yer- Çepovan kəndi idi. Təəssüf ki, maşınsız gəldiyimizə görə ora getmək alınmadı, amma siz nə vaxtsa bura gəlsəz getmənizi tövsiyə edərdim. Sloveniyalılar, əsasən də orta və yaşlılar Mixaylonu tanıyır və onun qəhrəmanlığına görə Azərbaycanı da sevirlər
Bütün bu yazdıqlarım orda 2 gündə başımıza gələnlərin çox kiçik bir hissəsidir. Bütöv macəranı izləmək istəyirsizsə, rəyə əlavə edəcəyim Sloveniyadan olan ilk vloguma baxa bilərsiniz
 
Türk və ingiliscə altyazılı da izləyə bilərsiniz. Keyfiyyət olaraq 720p-də izləməyi unutmayın:
Xoş seyirlər 
 
Mənbə: Gezeyenler
OXŞAR XƏBƏRLƏR