İnsanları özündən gözəl şəhər - Kutaisi - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 9 Oktyabr 2021 13:00 1358
İnsanları özündən gözəl şəhər - Kutaisi - ŞƏXSİ TƏCRÜBƏ

Bu dəfə sizə getdiyim şəhərdən yox, həmin şəhərin insanlarından danışmaq istəyirəm. Təbii şəhərdən, gəzməli-görməli yerlərindən də yazacam, amma sonra...

Həftə sonu Kutaisiyə getdik. Şəhəri, ətrafını gəzdik, çox bəyəndik. Bu 2 gündə yolumuz xeyli insanla kəsişdi, gözəl insanlarla.

Getmədən 2 gün öncə şəhərin qatar vağzalı yaxınlığında bir günlük ev kirayələmişdik. Səfərdən bir gün əvvəl axşam saat 9-da ev sahibindən mail aldım. “Mümkünsə, mənə zəng edin”, - deyirdi. Zəng etdik, bildirdi ki, onu sabah işə çağırıblar, bizi qarşılaya bilməyəcək. Buna görə dönə-dönə üzr istədi. Açarı qapının önündəki dibçəyin altına qoya və ya üzbəüz qonşuya verə biləcəyini dedi. Qonşu variantının daha təhlükəsiz olacağını dedik.

Evi təmiz, səliqəli idi. Masanın üstündə bizim üçün çay süfrəsi hazırlamışdı. Bağından üzüm dərib qoymuşdu. Gününə 20 lari (10 manat) verəcəkdik, çox böyük məbləğ də deyildi. Deməyim odur ki, bu qonaqpərvərliyin maddiyyatla əlaqəsi yox idi.

Elə həmin günü şəhərə 30-40 dəqiqəlik məsafədəki Tskhaltubodakı Prometheus mağarasına yollandıq. Marşurt sürücüsündən mağaraya necə gedə biləcəyimizi soruşduq, taksi məsləhət gördü. Arxada oturan yaşlı qadın sakitcə qulağımıza taksilərin baha apardığını, 42 nömrəli marşurtla daha ucuz gedə biləcəyimizi pıçıldadı. Mağaranın möhtəşəmliyindən danışmıram, 5 milyon yaşı olduğu qənaətindədirlər. Siz daha öncə 5 milyon yaşlı nəsə görmüsüz? 

Günortadan sonrakı plan Kutaisiyə dönüb, oradan Gelati Mosantrına getmək idi. Burada saxlanan Gəncə qapısının tayını görəcəkdik. Marşurtda bir sərnişindən ora haradan gedə biləcəyimizi soruşduq. Bizi avtobusların çıxdığı yerədək apardı. Avtobus yenicə çıxmışdı, növbətisi 1 saata gələcəkdi. Qadın bizim üçün taksi danışdı. “Xariciləri görüb, baha qiymət deyə bilərlər, ən yaxşısı mənim danışmağımdı”, - dedi.

Getdik ki, monastr son 3 gündə yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşüb. Baxış üçün Tbilisidən ekspert qrupu gəlib, bir sözlə, bağlıdır. Taksi də çoxdan gedib. Qaldıqmı dağın başında? Baxdıq ki, yolun kənarında kiçik maşın dayanıb. İçindəki xanımdan buradan marşurt keçib-keçmədiyini soruşduq. “Bu vaxt çətin keçə. Yenə Monastr işləsəydi, taksi olardı ətrafda. Mən də dua etmək üçün gəlmişdim, burada bildim qapalı olduğunu”, - dedi. Sonra yaxınlıqdakı Motsamet Monastrına getdiyini dedi və ona qoşula biləcəyimizi təklif etdi. Razılaşdıq. Dağların başında idi bu monastr, mənzərəsi, abu-havası möhtəşəm idi. Qız (Mari) içəridən mənə hədiyyə də almışdı. Gül ətirli yağ idi. İnanca görə bir yerin ağrıyanda dua edib, həmin yerə sürtürsən, ağrını götürür.

Növbəti dayanacaq Kutaisi oldu. Mari burada bizə dadlı yeməklər yeyə biləcəyimiz restoran da göstərdi. “Yaxşı bir iş görəndə gərək sonacan edəsən. Mən duzunu da səpim dedim. Dadlı yemək səyahətin duzudur”, - dedi 

Ondan ayrılandan sonra şəhəri xeyli gəzdik, axşam evə taksi ilə qayıtdıq. Kutaisi Hava Limanından əvvəllər çox istifadə etmişik. Şəhər o qədər xoşuma gəlmişdi ki, fikirləşdim yenə buradan harasa uçası olsaq, bir-iki gün əvvəldən gələ bilərik. Hava limanı da şəhərdən xeyli uzaqdadır. Taksi sürücüsündən hava limanına taksilərin neçəyə apardığını soruşdum. “Buradan hava limanına marşurtlar gedir, 1 ya 2 lariyə. Taksiyə niyə pul verəsiniz?” Marşurtların haradan çıxdığını izah etdi. Hə, bu mənim üçün əsl şok idi 

Ev sahibəsi də çox içdən, canayaxın biri idi. Gec saatlara qədər bizi gözləmişdi, xeyli söhbət edib, çay içdik. Bir dəfə Bakıda olub, çox bəyənib, xüsusən də şəhərin işıqlandırılmasını.

Səhəri gün tezdən durub kanyonlara getdik. Birinci Martvili, sonra Okatseyə. Martvilidən çıxışda marşurta mindik, bizi Okatseyə gedən yol ayrıcınadək gətirdi. Burada dedilər ki, sonuncu marşurt yeni gedib, bazar günü olduğundan növbətisi gec gələ bilər. Yol da 14 kilometrdir. Nə isə vaxt itirməmək üçün düzəldik yola, avtostop (bunu ilk dəfəydi edirdik) edib gedərik dedik. Əl etdiyimiz 2-ci maşın saxladı. 40-45 yaşlarında bir abi idi. Dedi ki, evi kanyonun 1 kilometrliyindədir. Ordan o tərəfə yaxındır. Söhbət zamanı balçı olduğunu öyrəndik. Həm də həyətində böyük kivi bağı salmışdı. Çatanda dəvət etdi ki, keçib baxa bilərik. Bağa da baxdıq, kividən hazırladığı konyakın dadına da. Xeyli söhbətdən sonra yola düzəldik. Kanyon möhtəşəm idi, o öz yerində. Təkcə orada 7 kilometrdən çox addım atmışdıq. Qayıdanda yorğunçuluq idi və yenə marşurt tapmadıq. Bu dəfə bizi yoldan betonqarışdıran maşın götürdü. Ömrümdə ilk dəfə idi bu maşına minirdim. Döngələrdə nə hala qaldığımı demirəm. Sürücü çox zarafatcıl dayı idi. Saxlayanda soruşdu ki, uşaqlar, daha öncə belə maşında getmisiz? Bizi Kutaisiyədək gətirdi. Arada xəbərdalıq etdi ki, polis görəndə biriniz gizlənin, öndə 2 nəfər otura bilməz. Hə, səyahət zamanı Rusiyadan gələn bir xanımla da tanış olduq. Moskvada yaşayırdı, bizi evinə dəvət etdi. Nə zaman Moskvaya yolumuz düşsə, onun evində qala biləcəyimizi söylədi 

Kutaisi gözəl şəhər idi, çox bəyəndik, yenə getmək haqqında planlar qururuq. Ancaq insanları özündən də gözəl idi, çox sevdik

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR