"Halal turizm"

Son illər islam həyat tərzinə əməl edənlərin sayının artması «halal turizm»i populyarlaşdırıb
Xəbərlər 15 Fevral 2014 00:00 2889
"Halal turizm"

Dünyada müsəlmanların və islam qaydalarına əməl edən insanların sayının artması və islam dinini təsirinin güclənməsi digər sahələrdə olduğu kimi özünü turizmdə də göstərir. İndiyədək adət etdiyimiz «halal qida», «halal kosmetika» və digər terminlərə son illər «halal  turizm» də daxil olub. Turizmin bu növünə maraq Azərbaycanda da artmaqdadır. Ölkəmizdə «halal turizm» növü üzrə xidmətlərin göstərilməsinə ilk dəfə olaraq «Regea Travel» şirkəti başlayıb.

 

Xristian ölkəsindən başlayan «halal turizm»


Ümumiyyətlə «halal turizm» dünya turizm biznesində yeni trenddir – dünyada hələ bu biznes elə də inkişaf etməyib. Nə qədər qəribə olsa da «halal turizm» biznes müsəlman ölkəsində yox, İngiltərədə başlanıb. Bir neçə il əvvəl bu ölkədə yaşayan müsəlmanlar tərəfindən yaradılmış «Kresen tur» şirkəti halal turizm xidmətlərinə başlayıb. İkinci şirkət Sinqapur və Malayziya iş adamlarının yaratdığı «İslamik travel» birgə müəssisəsidir. Dünyada bu xidməti göstərən 3-ci şirkət isə Türkiyənin «Halal Voyage» şirkətidir.

«Dünyada ümumilikdə 2 milyarda yaxın müsəlman yaşayır. Onların hamısı olmasa da, müəyyən hissəsinin həyat tərzi islam qaydaları çərçivəsindədir. Bu xüsusiyyət özünü həmin insanların gündəlik həyatlarında olduğu kimi istirahətlərində də göstərir» - deyə Türkiyənin halal turizmlə məşğul olan əsas şirkətləri «Evra turizm» və «Halal Voyage»in baş direktoru Cüneyt Çetin halal turizmin aktuallığının səbəblərini açıqlayır. Hazırda halal turizmin ən çox yayıldığı və sürətli inkişaf etdiyi ölkə Türkiyədir. Türkiyədə bu sahəyə maraq 5-6 il bundan əvvəl başlanıb – həmin vaxt ölkədə halal şərtlərə əməl olunan obyektlər – otellər və istirahət mərkəzləri yaradılmağa başlayıb. Hazırda islam turizm obyektlərinin böyük  hissəsi, təqribən 60%-i Türkiyədə, qalan hissəsi isə Malayziya, Mərakeş, İndoneziya, Misir və digər müsəlman ölkələrindədir.

 

«Halal istirahət» nədir?


Bu gün Türkiyədə 200-dək halal turizm obyekti, o cümlədən günəş turizmi və dəniz turizmi ilə məşğul olan 30-35 «halal» istirahət mərkəzi, 160-dan artıq «halal» otel var.

Bu turizm obyektləri başqalarından onunla fərqlənir ki, burada qonaqlara halal məhsullar və xidmətlər təqdim edilir: «Əvvəla burada alkoqollu içkilər yoxdur, qidaların hamısı halaldır, bu obyektlərin hamısında məscid var».

Belə istirahət mərkəzlərinin digərlərindən fərqli olan ən ciddi fərqi tamamilə burada məhrəm islam qaydalarına əməl etməklə istirahət etmək imkanıdır. Yəni belə mərkəzlərdə kişi və qadınlar üçün ayrıca hovuzlar, hamamlar, saunalar və ayrıca çimərlikləri mövcuddur.

İslamik istirahət mərkəzləri Türkiyənin bütün kurort bölgələrində - Marmarisdə, Alaniyada, Antalyada, Kəmərdə və s. var. Ümumilikdə ölkədə 35-ə yaxın belə istirahət mərkəzi fəaliyyət göstərir.

Bu mərkəzlərə səyahətləri və istirahət turlarını «Evra turizm» və «Halal Voyage» şirkətləri həyata keçirir. «Evra turizm» şirkəti Türkiyədəki müştərilərə xidmət edir, «Halal Voyage» isə bütün dünyada islam istirahət tərzinə üstünlük verən müştərilərin  Türkiyənin halal turizm obyektlərinə səyahətini təşkil edir. Türkiyədə halal termik və ya müalicə turizmi növləri də var. Bunlar adi turizm növləri kimidir, amma islam qaydaları ilə, yəni hər şey halal olmalı və yuxarıda deyilən şərtlər gözlənməlidir.

Bundan başqa, islam həyat tərzi sürən digər şəxslər və ya iş adamları İstanbulda və Türkiyənin digər ərazilərində otellərdə qala bilərlər. Türkiyədə belə otellərin sayı ümumilikdə 160-dan artıqdır.

Yeri gəlmişkən, otellərdə qadın və kişilərin yerləşməsi və istirahəti də fərqlidir. Ölkədə «halal turizm» xidmətləri göstərən «Regea travel» şirkətinin meneceri Maya Nağıyeva bildirir ki, bəzi otellərdə qadın və kişilər eyni otaqlarda yaşayır amma fərqli yerlərdə (çimərlik, sauna və hovuzlar) istirahət edirlər. Digər otellərdə onlar fərqli mərtəbələrdə yerləşirlər. Məsələn qadınlar -3-4-cü mərtəbələrdə, kişilər isə 5-6-7-ci mərtəbələrdə yerləşirlər. Bəzi otellər isə ümumiyyətlə iki hissəyə ayrılır, bir korpusda kişilər, digərində qadınlar yaşayır. Hətta bir ailənin qadın üzvləri bir korpusda, kişi üzvləri digər korpusda yaşayıb istirahət edirlər.

Bundan başqa, hazırda normal otellərin daxilində də islamik kateqoriya yaranmağa başlayıb. Bunlarda qadın və kişilər üçün ayrıca sauna, hovuzlar, otaqlarda istifadə edə biləcəkləri kiçik hovuzlar var. Məsələn İstanbuldakı «Hilton» otelində və ya  Dubaydakı «Jumeyrah» ərazisində möminlərin istirahəti üçün bağlı hovuz fəaliyyət göstərir.

 

«Halal turizm» istirahətə marağı artırıb


Bu turizm növü səyahətçilər, xüsusilə islam həyat tərzi sürənlərin istirahəti üçün böyük imkanlar yaradır: «Çünki adi bir istirahət zamanı paltarlı xanım hovuza girəndə digərləri ona qəribə baxır və onlar da özlərini narahat hiss edirlər. Ona görə də belələri tətilə çıxmırlar. Belə istirahət mərkəzlərində isə istirahət edənlərin hamısı bu qaydalara əməl edir ona görə onlar rahatca istirahət edə bilirlər».

İslam turizminin yaranması müsəlmanların istirahətə olan həvəsini və tətilə çıxanların sayını artırıb. Hazırda halal turizmə maraq göstərənlərin sayı sürətlə artır: «İndi əsas iş belə otellərin və belə turizm növünün olduğunu belələrinə çatdırmaqdır ki, onlar istirahət edə bilsinlər».

Ən maraqlısı odur ki, halal turizmə maraq göstərənlər təkcə müsəlman ölkələrində deyil. Hazırda Avropa ölkələrinin turizm şirkətləri bu turizm növü ilə ciddi surətdə maraqlanırlar. Xüsusilə Fransa, Belçika, Almaniya, Hollandiya və s. şirkətləri bu sahədə «Halal voyage» ilə əməkdaşlıq qurmaq, öz müsəlman vətəndaşlarının bu turizm növündən istifadəsinə şərait yaratmaq istəyirlər.

 

Azərbaycanda «halal turizm»


Azərbaycan dünyəvi dövlət olsa da, əhalinin müsəlman olması, vətəndaşların bir qisminin isə öz həyat tərzində islam qaydalarına ciddi əməl etməsi özünü turizm və istirahət sektorunda da göstərməyə başlayıb. Əvvəllər «halal turizm» ziyarət məqsədli turları, məsələn müqəddəs ziyarətgahların yerləşdiyi Kərbəla (İraq) və Məşhəd (İran) şəhərlərinə səfərləri nəzərdə tuturdu. Hazırda isə bu ifadə istirahət tərzinə aiddir. Məsələn, ölkənin nisbətən dindar sayılan cənub bölgələrinin birində yerli sakinlərin öz təşəbbüsü ilə dənizkənarı çimərlik iki yerə bölünüb, bunlardan birində qadınlar, digərində kişilər çimir.  Son illər Azərbaycanda islam həyat tərzinə əməl edənlərin sayının sürətlə artması «halal turizmə» marağı da yüksəldib. «Halal turizm» xidmətləri göstərən «Regea travel» şirkətinin meneceri Maya Məmmədova bildirir ki, «halal turizm»lə maraqlananlar qadın və kişilərin ayrıca istirahət etməsi, çimərlik və hovuzların ayrıca olmasını istəyirlər. Menecerin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq kişilər öz həyat yoldaşlarının istirahətin bütün növlərindən faydalanmasını istəyirlər və çimərlik və hovuzların ayrı olması buna şərait yaradır. Hətta «bal ayı» səyahətinə çıxan bəzi cütlüklər də istirahətlərini «halal turizm» obyektlərində, islamik otellərdə keçirmək istəyirlər.

 

Pulunuzu halal edin


Turizm obyektlərinə qoyulan spesifik tələblər, turistlərin sayının məhdudluğu və digər şərtlər özünü səyahətin qiymətində də göstərir.

Ümumilikdə «halal turlar» adi turlardan təqribən 15-20% bahadır. Mütəxəssislər bildirir ki, bunun əsas səbəbi otel xərcləridir. Məsələ bundadır ki, kişi və qadınların ayrı yaşaması nəticəsində, adi hallarda bir otağa sığışan ailə üçün indi iki otaq tələb olunur. Bundan başqa, dini otellərdə xidmətlər spesifik şərtlər çərçivəsində aparıldığına və müştəri kontingentinin nisbətən məhdud olmasına görə, buradakı otaqlar da adi otellərdəkindən bahadır. Məsələn, adi 5 ulduzlu oteldə ikinəfərlik otağın gecəsi 205 dollar olduğu halda, dini oteldə isə bu 255-300 dollar olacaq. Ekspertlər hesab edir ki, bu turizm növü inkişaf etdikcə, onun adi turlardan qiymət fərqi də azalacaq.

 

Namaz vaxtı turları


Halal turizmin digər növləri də mövcuddur. Məsələn Türkiyədə namaz vaxtına uyğun turlar təşkil olunur. Bu səyahət zamanı qonaqlar müxtəlif vaxtlarda namazlarını müxtəlif şəhərlərin məscidlərində qılırlar: «Məsələn, səhər tezdən səhər namazını İstanbulun hansısa məscidində qılıb Bursaya yola düşürük, Bursada isə digər məsciddə namazımızı qılırıq və s. Yəni səyahət boyu hər namaz vaxtında bir məsciddə olub namazımızı qılırıq».

 

Turizm Həccə də aparar


«Halal turizm»in Həcc və ya Ümrə ziyarətinə tətbiq edilməməsi qəribə olardı. Təbii ki, bu şirkətlər ümrə ziyarətinin təşkili ilə də məşğuldurlar. Bu ziyarətin qiyməti müxtəlif amillərdən, otellərin səviyyəsindən və səfərin müddətindən asılı olaraq orta hesabla bir nəfər üçün təqribən 500 dollar təşkil edir.

 

 



OXŞAR XƏBƏRLƏR