Şəfalı Naftalanın sərfəli OTELLƏRİ - QİYMƏTLƏR

Şəfalı Naftalanın sərfəli OTELLƏRİ - QİYMƏTLƏR
Xəbərlər 19 Yanvar 2018 17:31 19246
Şəfalı Naftalanın sərfəli OTELLƏRİ - QİYMƏTLƏR

 

Naftalan rayonu öz füsünkar təbiəti, möcüzəvi və şəfalı neftinə görə bir vaxtlar bütün SSRİ-də məşhur idi. Bura o dövrlər öz xəstəliyinə müalicə tapmış minlərlə insan axın edirdi. Naftalan neftinin sehri ilə bağlı keçmiş sovet respublikalarının mətbuatında yüzlərlə yazı yayımlanır, haqqında sənədli filmlər çəkilirdi. Bu rayon və onun müalicəvi nefti ilə bağlı olan ən maraqlı faktlardan biri də rayonda çəlik - əsa muzeyinin olmasıdır. Bura əsasına söykənərək çətinliklə yeriyərək gələn insanların hamısı müalicə kursundan sonra öz çəliyini muzeyə bağışlayır, geriyə sərbəst şəkildə yeriyərək qayıdırdı.

Səyyah.az İnformasiya və Turizm Portalı Azərbaycanın bu əsrarəngiz guşəsində fəaliyyət göstərən sağlamlıq ocaqları, sanatoriya və otellər barədə materialı təqdim edir.

 

"Garabag Resort&Spa"

 

 

“Garabag Resort&Spa”nın standart 2 nəfərlik otaqlarının böyüklüyü 35 kvm, qiyməti isə 189 AZN-dir. İstıyinizə görə ikinəfərlik və ya iki ədəd birnəfərlik çarpayı qoyula bilər. Balkonu, hovuz, şəhər və ya dağ mənzərəsi, televizoru, telefonu, seyfi, kondisioneri, yazı masası, yemək masası, uşaqlar üçün yemək stolu, yumşaq mebeli, istilik sistemi, paltar qurutmaq üçün maşın, qarderob, əlavə açılıb-yığılan yatağı (istifadə edilərsə böyüklər üçün 69, kiçiklər üçün 39 AZN əlavə ödəniş) olan otaqların özəl hamamında sizə lazım olan bütün xırdalıqlar düşünülüb – fen, xalat, dəsmallar, gigiyenik vasitələr, ev başmaqları və s. Balkonunda oturmaq üçün stol və stullar, çay və ya kofe dəmləmək üçün imkan, ödənişsiz interneti olan otaqların qiymətinə səhər, günorta və axşam yeməkləri də daxildir. Otelin sağlamlıq və SPA xidmətləri, duz otağı, yosunla və Naftalan nefti ilə müalicələr qiymətə daxildir. Hava limanına transfer və avtomobil parkı ödənişsizdir.

 

"Gashalti Health Hotel Naftalan"

 

 

“Gashalti Health Hotel Naftalan”ın təknəfərlik iki yataqlı və ya ikinəfərlik taxtı olan 19 kvm-lik standart otaqları 100-165 AZN ətrafındadır. Dağ və ya bağça mənzərəli otaqlarda çarpayılardan əlavə yumşaq mebel dəsti, televizor, telefon, kondisioner, seyf, qarderob var. Özəl hamamında ehtiyaxınız olan bütün əşyalar mövcuddur. Otaqda çay və ya qəhvə dəmləmək, ödənişsiz internet imkanı var. Gün ərzində qidalanma otaq qiymətinə daxildir. Fitness, qapalı və açıq üzmə hovuzu, buxar hamamından istifadə otaq qiymətinə daxildir, SPA və sağlamlıq xidmətləri, habelə neft vannası üçün əlavə ödəniş tələb olunur. Otelin bu xidmətindən istifadə etmək üçün qonaq əvvəlcə chek-up olunmalıdır. Chek up üçün 70 AZN, Naftalan nefti vannasının 1 seansı isə 10 AZN-dir.

 

"Chinar Hotel & Spa Naftalan"

 

 

Böyük bir şam ağacı meşəsi ilə əhatə olunmuş “Chinar Hotel & Spa Naftalan”da 19 kvm-lik standart otaq 105 AZN -dir. Otaqlarda birləşdirmək mümkün olan iki təkadamlıq çarpayı var. Mini barı, seyfi, kondisioneri, telefonu, televizoru, dolabı olan otaqların hamamında ev başmaqları, xalat və dəsmallar, fen, gigiyenik vasitələr mövcuddur. Otaqlarda çay hazırlamaq imkanı var. İnternet istifadəsi və avtomobil parkı ödənişsizdir. Restoranı, içki barı, meyvə deserti verən əlavə Vitamin barı, əyləncə klubu var. Qidalanma otaq qiymətinə daxildir. Qapalı və açıq üzmə hovuzu, türk hamamı, buxar hamamı, fitness və sauna ödənişsizdir, SPA və sağlamlıq xidmətləri, Naftalan nefti vannası da ödənişli xidmətdir. Qiymətlər paket hazlında təqdim edildiyi üçün oteldən bu xidmət üçün təyin edilən qiyməti demədilər.

 

"Naftalan" Sanatoriyası

 

 

“Naftalan" Sanatoriyasında 2 nəfərlik standart otağın bir gecəlik qiyməti 55 AZN-dir. Otaqda təkadamlıq çarpayılardan əlavə dolab, jurnal masası, stol və stullar, televizor, soyuducu var. Eyvanı, sanitar qovşağı, hamam xalatı, dəsmallar mövcuddur. Qidalanma, müayinə və müalicə otaq qiymətinə daxildir. 20 günlük müalicə müddəti məsləhətedilən müddətdir. 70-dək xəstəliyi müalicə edən Naftalan nefti qəbulu ən az 15 seans olur. Neft vannasından əlavə yod-brom vannası, tamponlar, masaj, fizioterapiya və müalicəvi idman da tətbiq edilir.

 

“Sehirli Naftalan” Sanatoriyası

 

 

“Sehirli Naftalan” Sanatoriyasında standart 2 nəfərlik otaqda 1 nəfər üçün təyin edilən qiymət 30 AZN-dir. 2 çarpayısı, balkonu, dolabı, stol və stulları, qəhvə masası, televizor, soyuducu, elektrik çaydanı, kondisioneri olan otaqların özəl hamamında dəsmallar və gigiyenik vasitələr mövcuddur. Qiymət 7 günlük paket halındə hesablanır. Bu otaq üçün 1 nəfərin 7 günlük xərci 210 AZN-dir. Otaq qiymətinə səhər, nahar və şam yeməkləri, həmçinin “check up” və Naftalan nefti ilə müalicələr daxildir.

 

“Möcüzəli Naftalan” Sanatoriyası

 

 

“Möcüzəli Naftalan” Sanatoriyasında 2 nəfərlik standart otaqlarda 1 nəfər üçün təyin edilən qiymət 35 AZN-dir. Qiymətlər 7 günlük paket halında təqdim edilir, bu da 1 nəfər üçün 245 AZN edir. Otaqların balkonu, soyuducusu, elektrik çaydanı, masası, televizoru, hamamı var. Sanatoriyanın daxilində internet kafe, çay evi, rəqs meydançası, stolüstü oyun imkanları mövcuddur. Qiymətə gündə 3 dəfə qidalanma, “chek-up”, Naftalan nefti ilə müalicə, terapiyalar daxildir.

 

“Gözəl Naftalan” Sanatoriyası

 

 

“Gözəl Naftalan” Sanatoriyasının “Sadə” adlandırılan otaqlarında bir sutkalıq qonaqlama 35 AZN, “Lüks” adlanan otaqlarda isə 50 AZN müqabilində mümkündür. “Sadə” otaqlarda təkadamlıq 2 ədəd çarpayı, geyim dolabı, jurnal masası, televizor, soyuducu, hamam var. “Lüks” otaqlarda geniş hamam var, ikinəfərlik taxt, divan, masa, geyim dolabı, televizor, soyuducu qoyulub. İnternet xidməti ödənişsizdir. Gündə 3 dəfə qidalanma, Naftalan vannasının qəbulu, tam masaj, hissəvi masaj və digər fizioterapevt müalicələr otaq qiymətlərinə daxildir. Sanatoriya şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və digər I qrup əlillərə qiymətdə endirimlər edir. Sanatoriyada qalmamaq və müəssisənin yeməkxanasından istifadə etməmək şərtilə də vətəndaşlar müalicə üçün müraciət edə bilərlər. Bu halda 1 Naftalan vannasının qəbulu – 6 AZN, əl ilə tam masaj – 6 AZN, hissəvi masaj – 3 AZN, digər fizioterapevt müalicələrin bir seansı – 3 AZN olaraq müəyyən edilib.

 

"Kəpəz" Sanatoriyası

 

 

“Kəpəz” Sanatoriyasının 70 AZN-ə təklif edilən standart 2 nəfərlik otağı geniş və işıqlıdır. Otaqlarda istəyə görə 2 ədəd təkadamlıq çarpayı, istəyə görə ikinəfərlik taxt, divan və ya kreslo, jurnal masası, yazı stolu, televizor, soyuducu, kondisioner, elektrik çaydanı olur. Otaqlar mərkəzi istilik sistemi ilə isidilir. Hamam otağı geniş və işıqlıdır, istəyə görə vanna və ya duş kabinə olur. Hamam xalatı və dəsmallar, gigiyenik və təmizlik vasitələri, fen mövcuddur. Səhər yeməyi, ödənişsiz internet, otaq servisi, avtoparking, Naftalan vannaları, yod-brom vannaları, Naftalan müalicəsi, fizioterapiya, parafinlə müalicə, masaj, Naftalan tamponu otaq qiymətlərinə daxildir.

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR