Azərbaycanın təbiəti, onun gözəlliyi bəlkə də dünyada təkraraolunmazdır. Ötən bazar günü bunun bir daha şahidi oldum. Ölkəmizdə 15-20 km-dən bir iqlimin dəyişməsi, bir-birindən gözəl təbii mənzərələr adamda qürur hissi yaradır, Azərbaycan kimi gözəl bir diyarın vətəndaşı olmaqdan fəxr hissi keçirirsən.
İyulun 12-də ailəvi şəkildə Qusar və Quba rayonlarında olduq. Yay olsa da, həmin günü hava soyuq idi. Quba və Qusara yağış yağırdı. Səhər evdən çıxanda, Bakıda güclü külək əsirdi. Şimal bölgəsində yağışın yağacağını, havanın soyuq olacağını gözləmirdim. Sinoptiklər də bu barədə proqnoz verməmişdilər.
Təxminən saat 9 radələrində “Şahdağ” Turizm Mərkəzinə çatdıq. Aşağı düşdüm və kompleksə yaxınlaşdım. Sanki qonağın gəlməsi heç kəsin marağında deyildi. Məni “Xoş gəlmisiniz” deyərək heç kim qarşılamadı. Ətrafa boylandım, uzaqda təhlükəsizlik xidmətinin bir əməkdaşını gördüm.
“Sabahınız xeyir olsun! “Yağışlı hava ilə əlaqədar bu gün kompleks açıq olmayacaq?”- deyə ondan soruşdum. O, “İşləyirik” cavabını verdi. “Biz kanata minmək üçün gəlmişik, bu gün bu mümükündür?” deyə soruşdum. Təhlükəsizilik xidmətinin işçisi “Bəli” deyərək, bir azdan kassaların açılacağını sözlərinə əlavə etdi. Hava soyuq olduğundan gözləmə otağının olub-olmadığını soruşdum. O, belə bir şəraitlərinin olmadığını dedi. Bu halda uşaqlara müvəqqəti geyindirmək üçün isti bir paltar istədim. Bu istəyimə də “Yoxdur” cavabını aldım. Əlac, qayıdıb avtomobildə gözləmək idi. Bizimlə bərabər, bir neçə avtomobil ilə kanata minməyə gələnlər var idi. Onlar da kassaların açılmasını maşında gözləyirdilər. Gözəl infrastrukturun qurulmasına baxmayaraq qarşılama xidmətinin səviyyəsi ürəkaçan deyildi.
Mütəriyə “Xoş gəlmisiniz” deyib gülər üzlə qarşılamaq, onun uzaq yol gəldiyini nəzərə alaraq su və ya çay təklif etmək, kompleksin xidmətləri haqqında ətraflı məlumat vermək çətin bir işdir? Bunlar kiçik xidmətlər kimi görünə bilər, amma əslində hər şey ilk təəssüratdan başlayır. Diqqəti görməyən insan geri qayda, öz dost və tanışlarına “Şahdağı” məsləhət görməyə bilər.
Bəlkə də, belə bir vəziyyətin yaranması işçilərin məsuliyyətsizliyinin nəticəsidir. Milyonlar xərcləyib dağlar qoynunda belə bir şərait yaradanlar xidmət səviyyəsi barədə yalnız ən yaxşısını fikirləşə bilər. İnanıram ki, kompleksi idarə edənlər müştəri ehtiyaclarını bir daha öyrənəcək və ya məsuliyyətsizliyə yol verilibsə müvafiq əməkdaşlarnı cəzalandıracaqdır.
Nəhayət kassalar açıldı. Böyüklər 7 manatdan, uşaqlar isə 4 manatdan kanata mindik. Möhtəşəm və həyacan dolu idi. Qurulan infrastruktur yüksək səviyyədədir. Ucqar bir ərazidə, çətin bir relyefdə görülən işlər alqışa layiqdir. Kiçik çatışmazlıqların olmasına baxmayaraq “Şahdağ” Turizm Kompleksinə getməyi tövsiyə edirəm. Yeri düşmüşkən qeyd edim ki, “Şahdağ” Hotel & Spa İyul ayının 18 və 19-da cəmi 85 manata (2 nəfərlik otaqda 1 nəfər üçün) istirahət etməyə təklif edir. Bu qiymətə Deluxe otaqda gecələmə, Bayram süfrəsi, SPA mərkəzindən istifadə, Kanat yolundan limitsiz istifadə, 30 dəqiqə dağ velosipedi sürmək və ya 1 saat skandinav üslublu yeriş, musiqili əyləncə proqramı daxildir.
İnanıram ki, müasir turizm obyektlərimizdə xidmət səviyyəsi tezliklə yüksəldiləcək, öz doğma vətənimizdə istirahət etməkdən daha razı qalacağıq.
Sonda qeyd edim ki, yay əyləncələri üzrə xidmətlər bir az bahalı idi. Ailəvi Bob kart, kvadrosikl, dağ velosipedi, at sürmək istəsəniz xeyli məbləğ xərcləməli olacaqsınız. Yəqin ki, dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq çıxışından sonra otellər nəticə çıxardacaqlar.
marja.az