Azərbaycan Culfası – İran Culfası, Azərbaycan Biləsuvarı – İran Biləsuvarı. Rheinfelden (Reynfelden) də belə bir şeydir: eyni dildə danışan iki xalq, iki fərqli dövlət, onları ayıran çay və onları birləşdirən körpü. Bu barədə sonda.
Rheinfelden İsveçrənin Aargau vilayətində kiçik bir şəhərcikdir. Əhalisinə görə Biləsuvardan iki dəfə kiçikdir, elə ərazisinə görə də. O da çay sahilində yerləşir – Reyn çayının. Kiçik olmasına baxmayaraq bu turistik şəhər İsveçrənin brend pivə markası Feldschlösschenə ev sahibliyi də edir.
Miladdan əvvəl bir şəhər kimi formalaşmış olsa da, Rheinfelden bölgə üçün sahib olduğu strateji mövqeyinə görə Orta Əsrlər dövrünün əhəmiyyətli şəhərlərindən sayılırdı. Bölgə idarəçiliyi üçün gedən müharibələrdə zamanla əldən-ələ keçən bu şəhər hər imperiyadan bir xatirə daşıyır. Şəhər kiçik olsa da tarixi tikililəri ilə Orta Əsrlərin açıq hava muzeylərindən sayılır. Buna görə hər gün turist axını olur bu şəhərə.
Şəhərin sağ əlindən Qərbi və Mərkəzi Avropanın ən böyük ikinci çayı – Rhein (Reyn) keçir. Bir zamanlar bu çay bir şəhəri iki yerə ayırırdı, 1802-ci ildən isə ayırdığı bu ərazilər iki fərqli ölkənin ərazisinə çevrildi. Rheinin solundakı Rheinfelden İsveçrənin, sağındakı Rheinfelden isə Almaniyanın ərazisi oldu.
Rhenin ayırdığı bu iki Rheinfeldeni indi 1911 – 1912-ci ildə tikilmiş 150 metrlik daş körpü birləşdirir. İnsanlar maneəsiz bu daş körpüdən keçərək bir ölkədən başqa bir ölkəyə ayaq basa bilirlər. Düşünün ki, durduğunuz yerdən başqa bir ölkəyə getmək asta yerişlə iki dəqiqənizi alır, qaçaraq isə 30 saniyə vaxt sərf etməlisiniz.
Azərbaycan Culfasından İran Culfasına nə qədər müddətə getmək olar? Və ya Azərbaycan Biləsuvarından gedib İran Biləsuvarına ayaq basmaq üçün insan nə qədər zamanını, əsəbini itirməli, gərginlik, ürəktutması keçirməlidir?
Ronesans Qərbdə bir gerçəyin təməlini qoydu – “İnsan”. Hər şey insanın dəyəri ilə tənzimlənməlidir. Orta Əsrlərin qaranlıq dövründə atılan o ilk addımların təkamülünün görüntüsü bir ölkədən başqa bir ölkəyə 30 saniyəyə gedə bilməkdir. Bunun başqa bir adı da var: Mədəniyyət.
Musavat.com