Bu mövsüm azərbaycanlı turistlər Avropanın demək olar ki, bütün ölkələrinə səyahət edirlər. Amma ən çox turist Mərkəzi və Cənubi Avropaya üz tutur. Bu barədə seyyah.az-a «7 Days Travel» şirkətinin Avropa turları üzrə meneceri Əmrah Rəhimli bildirib. Onun sözlərinə görə, bu il müştərilərin əksəriyyəti Çexiya, Macarıstan Avstriya, İtaliyaya üstünlük verirlər. Çimərlik mövsümü ilə bağlı isə İspaniyaya gedənlərin sayı artıb.
Çexiya – 750-800 manat
Bu ölkəyə üz tutanların əksəriyyəti paytaxt Praqaya, müalicə məqsədilə gedənlər isə Karlovı Varı və Marianskie Lazni kurortlarına üz uturlar. Praqaya səyahətin qiyməti (4 gecə 5 gün) adambaşına 750-800 manata başa gəlir. Azərbaycanlı imkanlılar arasında məşhur olan Karlovı Varı kurortunda adambaşına qiymətlər 2000 manata qədərdir. Bura 10 günlük müalicə, gündə 3 dəfə yemək, aviabilet və oteldə qalmaq aiddir.
3 ölkə turu
Son vaxtlar ən çox yayılan səyahət variantlarından biri bir neçə ölkəni əhatə edən turlardır. Bu zaman müştəri qısa müddət ərzində bir neçə ölkəni gəzə bilir, üstəlik, təkcə təyyarədən yox, yerli nəqliyyatdan da istifadə edir. Ən geniş yayılan turlardan biri Avstriya, Macarıstan və Çexiyanı əhatə edən Vyana-Budapeşt–Praqa turudur. Sentyabr-oktyabr ayları üçün belə turun qiyməti (7 gecə 8 gün) adambaşına 740 manat ətrafındadır. Bura aviabilet, hotellər, sığorta aiddir. Qeyd edək ki, səyahət zamanı turistlər adı çəkilən şəhərlər arasında təyyarə ilə yox, avtobus və ya qatarla hərəkət edirlər. Turun qiymətinə bu xərclər də aiddir.
Məlumat üçün bildirək ki, bu şəhərlər arasında ən bahalısı Vyanadır. Qiymətlərin yüksəkliyinə görə sonrakı yeri Praqa, daha sonra Budapeşt tutur.
İtaliya səyahəti 650 manatdan başlayır
Azərbaycanlıların son illər həvəslə səyahət etdikləri istiqamətlərdən biri də İtaliyadır. Həmyerlilərimiz ən çox Roma və Florensiyaya gedirlər. Menecerin sözlərinə görə, Romaya getməyi bütün turistlər özlərinə borc bilirlər – ən qədim şəhər, Vatikan, qədim kilsələr və gəzməli yerlər heç bir turisti laqeyd qoya bilməz. Florensiya isə ümumiyətlə mədəniyət beşiyidir. Roma turu (4 gücə 5 gün) adambaşına 650 manatdan başlayır. 1 həftəlik Roma və Florensiya turu isə adambaşı 1000 manata başa gəlir. Qeyd edək ki, Florensiyada qiymətlər Romadan bahadır, Venetsiyada isə qiymətlər Florensiyadan da yüksəkdir.
İspaniya- Barselona
Çimərlik mövsümü ilə bağlı İspaniyaya gedənlər artıb. Turistlər əsasən Barselonaya üz tuturlar. Burada şəhərdən 30-40 kilometr məsafədə əla çimərliklə yerləşir. İspaniya turu adambaşına 1200 manata başa gəlir - 4 * oteldə gündə 5 dəfə yemək olmaqla hər şey daxil.
Ucuz çimərliklər Bolqarıstandadır
Azərbaycan turistləri arasında Bolqarıstan da sürətlə populyarlaşır. Bu ölkənin əsas xüsusiyyəti gözəl çimərliklərinin olması və qiymətlərin sərfəliliyidir. Bolqarıstanda, ən yaxşı kurorotlardan biri sayılan «Qızıl qum»da (bura Varna şəhərindən gedirlər) 4* hoteldə hər şey daxil istirahətin qiyməti 960 manatdan başlayır.