Novxanıda yerləşən «Kalyon restoranı» bura gələn müştərilər üçün «şortik qadağası»nın olduğunu təkzib edib. Bu barədə «Seyyah.az» turizm və istirahət portalına açıqlamasında restoranın sahibi olan «Kalyon» MMC-nin direktoru Rövşən Məmmədov bildirib. Qeyd edək ki, adı çəkilən restoranda şortik qadağasının olması və buna görə bəzi müşərilərin, o cümlədən xarici qonaqların restorana buraxılaması ilə bağlı məlumatlar yayılıb. Amma restoran rəhbərliyi yayılan məlumatların doğru olmadığını bildirib: «Əvvəla qeyd edim ki, bizim restoranın çimərliyi yoxdur, yəni sırf restoranıq. Bəzən qonaqlar gedib çimərlikdə çimib sonra üst-başı sulu və qumlu şəkildə bizim restorana gəlirlər. Gəlib burada özlərini təmizləyirlər, gedib ayaqyolunda qumlarını yuyurlar. Biz də buna icazə verimirik. Deyirik ki qumunuzu təmizləyib gəlin. Amma kimsə maşından düşüb şortiklə gəlirsə, bizim etirazımız yoxdur». Onun sözlərinə görə, restorana hortiklə gələn kişilərlə bağlı qadağa 2012-2013-cü illərdə olub: «Amma həmin vaxt da qadağa yaşlı kişilərə aid idi. 17-18-20 yaşlı cavan uşaqlar şortiklə gələndə etiraz etmirdik». Sonradan isə restoran rəhbərliyi narazılıqları, eləcə də restorana xarici turistlərin də gəldiyini nəzərə alaraq bu qaydanı ümumiyyətlə yığışdırıb: «İndi icazə veririk. Xaricilər var şortikdə gəlirlər, onlara demək olmur, qonaqdırlar, başqa ölkədən gəliblər. Onlara görə də qaydanı ləğv etmişik. İki ildir bu qadağa yoxdur».
Bununla yanaşı, R.Məmmədov qeyd edb ki, restorana daxil olan müştərilərin geyimi ilə bağlı etik qaydalar gözlənilməlidir: «Yəni şortikə icazə veririk, o demək deyil ki, lap «kupalnik»də və ya «plavki»də gələ bilərlər. Şortik dizə qədər olan geyimdir və belələrini buraxırıq. Əgər çox qısadırsa, çimərlik paltarındadırsa buraxmırıq. Kim buna razı olar ki ailəsinin yanında. Kupalniklə adamı buraxmaq olmaz. Otel olsaydıq başqa məsələ. Amma bura sırf restorandır».
Restoranın sahibi bildirib ki, belə haların biri elə dünən - iyulun 19-da baş verib: «Dünən plyaja gələnlər restorana da gəlmişdilər, elə çimərlik paltarındaydılar («plavki»də), sulu sulu – ona razı olmadıq. Özü də razılaşdı, dedi ki, maşında şalvarı var. Getdi geyindi gəldi».
Qeyd edək ki, bütün bu qaydalar kişilər üçündür. Qadınlar üçün isə ümumiyyətlə geyim tələbi yoxdur. Yeganə tələb odur ki, restorana çimərlik geyimində («kupalnik») gəlməsinlər: «Kupalnikdə gəlsələr onlara da olmaz. Amma açıq-saçıq geyinirsə, yanındakı adam özü bilər, biz o işə qarışa bilmərik».