Azərbaycanın turizm bazarında aktiv şirkətlərdən biri olan «R&R Travel Company» təyyarə biletlərinin qiymətlərinin endirilməsi ilə bağlı təşəbbüsünə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Şirkətin kollektivi dövlət başçısına təşəkkürünü rəsmi "Facebook" səhifəsi vasitəsilə çatdırıb. «Aviabiletlərin qiymət siyasəti və turizm sənayesinin inkişafına verilən dəstək və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk!»-deyə açıqlamada bildirilir.
Antaliya turları kəskin ucuzlaşıb
Şirkətin rəhbəri Rüstəm Əhmədov seyyah.az-a bildirib ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısının biletlərin qiyməti ilə bağlı tapşırıqlarından və bundan biri neçə gün sonra AZAL-ın populyar istiqamətlərə (o cümlədən Türkiyənin Antaliya bölgəsinə) qiymətləri endirməsindən sonra xarici turizm bazarında aktivlik qat-qat yüksəlib: «Antaliyaya gediş-gəliş biletlərinin qiyməti hətta ən aşağı qiymətlərlə müqayisədə 310-320 manat aşağı enib. Nəticədə Antaliyaya turlar kəskin surətdə ucuzlaşıb. Müştərilər belə turlara böyük maraq göstərdilər». Belə ki, endirimlərdən əvvəl Antaliyanın müxtəlif səviyyəli otellərində istirahət turları adambaşına 650-800 manat arasında dəyişirdisə, qiymətlərin enməsindən sonra adambaşına turların qiyməti 400-550 manata enib.
Rəqiblər də qiymətləri endirməyə başlayıblar
Amma dəyişikliklər təkcə Antaliyaya uçan loukoster təyyarələri ilə bağlı deyil. Yeni ucuz təyyarə reysləri indiyədək Antaliyaya uçuşları həyata keçirən digər şirkətlərə, o cümlədən AZAL-ın əsas partnyoru olan "Summer travel" şirkəti üçün ciddi rəqibə çevrilib. Nəticədə bu şirkət də qiymətləri aşağı salmalı olub. Ümumiyyətlə dəyişikliklərdən sonra digər istiqamətlərdə də 20-30% azalma var ki, bu da təkcə xaricə gedənlərin deyil, ölkəyə xaricdən gələnlərin də sayının artmasına imkan verəcək. Başqa sözlə, qiymətlərin enməsi özünü təkcə AZAL-ın loukosterlərində yox, Antaliyaya uçan digər reyslərdə də göstərir. «Bu isə ümumilikdə turizm sənayesinin inkişafına böyük dəstəkdir»-deyə şirkət rəhbəri vurğulayıb.