Şabranda “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksi işə düşüb - FOTOLAR

Dünya səviyyəli kompleksin açılışında Azərbaycan prezidenti İlham Əliyev iştirak edib
Xəbərlər 8 Avqust 2015 00:00 5894
Şabranda “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksi işə düşüb - FOTOLAR

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.

“Qalaaltı Hotel & SPA” kompleksi Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

 

Bakıdan cəmi 127 kilometr məsafədə yerləşən bu kompleksin 171 otaqdan ibarət otel binası ən müasir standartlara cavab verir. Burada qonaqların zövqünü oxşayan interyer işləri aparılıb, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Bundan başqa, burada 11 suit və 1 lüks otaq da var. Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Otel binasındakı “Mənzərə” restoranı, “Lavanda”, “Qala” və “Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Müalicə-istirahət mərkəzində aptek, market, suvenir mağazası, kişi və qadın bərbərxanaları fəaliyyət göstərir, qonaqlara bank xidmətləri təklif olunur.

Kompleksdə ziyarətçilərə SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları, hovuz, trenajor zalı fəaliyyət göstərir. Burada yaradılan qar otağı da qonaqların ixtiyarındadır. “Tai SPA” və “Aura SPA” mərkəzlərini ziyarət edənlər buradan xoş əhval-ruhiyyə ilə ayrılacaqlar.

“Qalaaltı” kompleksində yerləşən tibbi mərkəz də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstəriləcək. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var.

Prezident İlham Əliyev “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində yaradılan şəraitlə tanış olub. Kompleksin kollektivi ilə görüşən dövlətimizin başçısı kompleksdə görülən işlər və yaradılan şəraitdən razı qaldığını bildirib: «Qalaaltı» kurortu 1970-ci illərdə yaradılmışdır. Əlbəttə ki, o vaxt şərait belə deyildi, ancaq buna baxmayaraq, Sovet İttifaqının müxtəlif yerlərindən buraya qonaqların axını müşahidə olunurdu. Qalaaltı suyu çox məşhur sudur, nadir keyfiyyətlərə malikdir. Minlərlə insan hər il Sovet İttifaqının müxtəlif yerlərindən buraya gəlirdi, müalicə alırdı, istirahət edirdi. Bu gündən sonra artıq Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət kompleksi kimi fəaliyyətə başlayacaq və burada yaradılan şərait, - siz də bunu yaxşı bilirsiniz, - ən yüksək standartlara uyğundur. Beşulduzlu otel, SPA mərkəzi, əyləncə zonaları, əlbəttə, bunun özəlliyi ondan ibarətdir ki, burada yerin altından çıxan gözəl su insanların sağlamlığına müsbət təsir göstərəcək».

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafının dövlət üçün prioritet istiqamətlərdən olduğunu vurulayıb və son illər ölkədə yüksək səviyyəli otellərin və müalicə-istirahət mərkəzlərinin artdığını bildirib. 

“Qalaaltı Hotel & SPA” kompleksinin mühüm özəlliklərindən biri də burada müalicəvi xidmətlərin təklif edilməsidir. Kompleksdə qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur müalicəvi təbii sular əsasında müayinə məqsədli tibbi xidmətlər təqdim olunur. Kəndin ərazisindən çıxan təbii müalicə əhəmiyyətli “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhur təbii müalicə əhəmiyyətli sulardan sayılan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə müəyyən edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Qonaqlar müalicəvi su içmə zalında lazımi qədər və zəruri temperaturda su əldə edə bilərlər. Bu müasir texnoloji yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq edilir.

Sonra Prezident İlham Əliyev kompleksin ərazisində yaradılan şəraitlə tanış oldu.

Buradakı panoramlı liftdən istifadə edənlər Qalaaltı zonasının gözəlliyini aydın seyr etmək imkanı qazanırlar. Bu kompleks böyük əyləncə mərkəzi, istirahət və gəzinti məkanları ilə də diqqəti cəlb edir. Həmin istirahət ocağı eyni zamanda şəhər mühitinin səs-küyündən yorulan və təbiətdə istirahət etmək arzusunda olanlar üçün gözəl ailəvi məkan hesab olunur.

Kompleksdə müştərilərə geniş əyləncə xidmətləri təklif edilir. Buradakı 5,4 min kvadratmetrlik əyləncə binası regionda bu qəbildən ən böyük mərkəzlərdən biri sayılır. Binada “Xəzər” kafesi və “Bouling bar” ziyarətçilərin istifadəsinə veriləcək. Kompleksdə idmanın müxtəlif növləri üçün nəzərdə tutulmuş meydançalar, o cümlədən fitnes, aerobika zalı, örtülü hovuz, tennis kortları, çöl idman meydançası, geniş park sahəsi, əyləncə məkanları, uşaqlar üçün oyun meydançaları, uşaq mərkəzi və hovuzu, qar otağı, elektron oyunlar məkanı var.

Kompleksdə təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini özündə əks etdirən 4 kiçik otel binası da inşa edilib. “Lalə”, “Zanbaq”, “Bənövşə” və “Mimoza” adlanan həmin binaların hər birində 10-u superior və 1-i suit olmaqla, ümumilikdə 44 otaq var. Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə villalar təklif edilir. “Şahdağ” villası 5, “Kəpəz” və “Murov” villalarının hər biri isə 4 otaqdan ibarətdir.

Gözəl və füsunkar təbiətə malik olsa da kompleksin ərazisində əlavə yaşıllıq zonası yaradılıb, 15 min kvadratmetr ərazidə ot örtüyü salınıb, həmçinin 48 növdə 1200-dən çox ağac əkilib. Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı edəcək. Otelin və parkın işıqlandırılması sistemi də müasirliyi ilə diqqəti çəkir. Kompleksin ərazisindəki yollarda fiziki qüsurlu şəxslər üçün əlavə imkanlar yaradılıb.

 

“Qalaaltı Hotel & SPA” kompleksinə regionda ən böyük sərmayələrdən biri qoyulub. Kompleksin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla 170 yeni iş yerinin yaranmasına imkan verib. Burada 148 avtomobil yerlik dayanacaq da yaradılıb.

 
OXŞAR XƏBƏRLƏR