«Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur». Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev avqustun 8-də Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycanda turizmin inkişafı üçün gözəl təbii şərait var: «Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilib».
«Bəzi ölkələrin əsas gəlirləri turizmdəndir»
Prezident bildirib ki, belə şəraiti olan ölkə kimi Azərbaycan turizmi inkişaf etdirməlidir: «Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir».
Artıq bölgələrdə turizm mərkəzləri yaranır
Dövlət başçısının sözlərinə görə, artıq regionlarda turizm mərkəzləri yaranır. Bunlardan biri müalicəvi sularıyla məşhur olan Naftalandır: «Naftalan kurort mərkəzi də bu gün ən yüksək səviyyədə yaradılıb. Artıq beşulduzlu üç otel fəaliyyət göstərir. Mən o otellərin hər birinin açılışında şəxsən iştirak etmişəm və dördüncü otel də tikilməkdədir. Beləliklə, Naftalana hər il istirahət üçün artıq on minlərlə insan gəlir və son vaxtlar şadam ki, xarici ölkələrdən də gələnlərin sayı gündən-günə artır. Əminəm ki, Qalaaltı da o səviyyəyə qalxacaq. Çünki burada da müalicə almaq, istirahət etmək, dincəlmək üçün çox gözəl imkanlar var».
Dövlət başçısı Naxçıvandakı “Duzdağ” mağarasında yaradılan müalicə mərkəzini də qeyd edib: «Bir neçə il bundan əvvəl Naxçıvanda “Duzdağ” mağarasının ətrafında gözəl otel tikilib. O daha çox ağciyər xəstəlikləri üçün yararlıdır. “Qalaaltı” kompleksində böyrək, öd kisəsi, Naftalanda revmatizm, oynaq xəstəlikləri müalicə olunur. Bax, bu müxtəliflik artıq Azərbaycanı dünya səviyyəli turizm mərkəzinə çevirir».
«Şəhərimiz çox xoşuna gəldi və bu dəfə ailəsi ilə gəldi»
Prezident bildirib ki, turizm sektorunun inkişafı üçün ölkənin təbliğatı və infrastrukturun inkişafı tələb olunur ki, bunun üçün də lazımi tədbirlər görülür: «Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Avropa Oyunları başa çatdı, gələn il “Formula-1” yarışı, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək. Bütün bunlar qonaqları cəlb edir və ondan sonra qonaqlar da vətənlərinə qayıdaraq öz fikirlərini bölüşürlər». Misal üçün, dünən mən Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti ilə görüşmüşəm, - dünən Qəbələdə dünya kubokunun yarışları başlamışdır, - o, mənə dedi ki, Avropa Oyunlarının açılışında iştirak edərkən, Bakı ilə tanış olarkən şəhərimiz çox xoşuna gəldi və bu dəfə öz ailəsi ilə Bakıya gəldi. Bax, budur bizim imkanlarımız.
İş adamlarını turizm sektoruna dəvət etdi
Dövlət başçısı Bakıda bu il istifadəyə verilən “İnturist” və “Bulvar” otellərinin işə başlamasını qeyd edib. “Şahdağ” qış-yay turizm kompleksinin əhali arasında populyarlığını xatırladıb: «Orada artıq üç beşulduzlu, iki üçulduzlu və dördulduzlu otellər inşa olunub. Qış aylarında şənbə, bazar günlərində bəlkə də beş minə qədər insan oraya gedib istirahət edir. Buradan Şahdağa qədər avtomaşınla bir saatyarımlıq yoldur». Eləcə də digər bölgələrdəki turizm obyektlərinin işi qeyd edilib: «Qəbələdə ikinci xizək kurortu, eyni zamanda, bir neçə gözəl otel yaradılıb. İki il əvvəl Qubada “Rixos” kimi gözəl otel tikilib. Şamaxıda, Naftalanda, Qalaaltıda, cənub zonasında da otellər inşa olunub».
Dövlət başçısı iş adamlarını Azərbaycanın turizm sektorun vəsait yatarmağa və bu imkanlardan faydalanmağa çağırıb: «Əminəm, yerli və xarici investorlar bu imkanlardan ruhlanaraq Azərbaycanda yeni gözəl otellər, istirahət zonaları yaradacaqlar ki, həm vətəndaşlarımız, həm qonaqlarımız bundan istifadə etsinlər».