“Çimərliklərə giriş pulsuzdur!” – BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

“Bu gün əgər kimsə bunun ziddinə gedirsə, deməli, dövlətin qanununun ziddinə gedir”
Xəbərlər 14 Avqust 2015 00:00 1091
“Çimərliklərə giriş pulsuzdur!” – BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının imzaladığı sərəncamda da göstərildiyi kimi, paytaxtda və Abşeron yarımadasında çimərliklərin hamısına giriş birmənalı olaraq pulsuzdur. Seyyah.az-ın APA-ya istinadən yaydığı məlumata görə, bunu BŞİH-in Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Onun sözlərinə görə, Bakı meri Hacıbala Abutalıbovun imzaladığı sərəncamda həmin məsələlər ətraflı və izahlı şəkildə qeyd olunub: “Bu gün əgər kimsə bunun ziddinə gedirsə, deməli, dövlətin qanununun ziddinə gedir”.

 İcra hakimiyyəti rəsmisi bildirib ki, çimərliklərə giriş üçün pul tələb edən sahibkarlara dəfələrlə xəbərdarlıq olunub: “Lakin buna baxmayaraq, əksəriyyət bildiyi kimi hərəkət edir. Biz daha çox həmin çimərliklərdə alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olan obyektlər, restoranlar, kafelər, barların lisenziyalaşdırılması ilə məşğul oluruq.

Hazırda monitorinqlər aparırıq. Monitorinqlər başa çatandan sonra bu məsələyə yenidən baxılacaq. Bilirsiniz insanları çaşdıran bəzi məqamlar var. İnsanlar elə bilir ki, dənizə girişin pulsuz olması ilə bağlı sərəncam varsa, deməli, gedib orada səhərdən axşama kimi dincəlmək olar. Məsələ belə deyil. Bunun səbəbi var. Çimərliklərdə insanlara təklif olunan skuterlər, çətirlər, ictimai sanitar qovşaqlar, duşxanalar və digər xidmətlərin hamısından istifadə pullu şəkildə həyata keçirilir. Bu xidmətlərə pul ödəməmək olmaz. Ərazini özəlləşdirənlər, icarəyə götürənlər bu qaydaları müəyyənləşdirir”.

Ə. Bağırov ərazinin özəlləşdirilməsi işinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olduğunu da əlavə edib.

Ə. Bağırov müəyyən çimərliklərdə dənizə giriş, habelə göstərilən xidmətlərin baha olmasını həmin çimərliklərdə göstərilən xidmət səviyyəsinin yüksək olması ilə əlaqələndirdi: “Xüsusi yaradılmış turist zonaları var ki, həmin ərazilərdə xidmət səviyyəsinin yüksək olması ilə əlaqədar qiymətlər yüksəkdir. Yenə vurğulayıram ki, bu məsələyə yenidən baxılacaq”.

Ə. Bağırov qeyd edib ki, Bakı və Abşeron yarımadasında 34 çimərlik fəaliyyət göstərir: “Bunlar Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonu ərazisindəki çimərliklərdir”.

OXŞAR XƏBƏRLƏR